ABŞ prezidenti Donald Trampın göstərişi ilə Birləşmiş Ştatlar Bəhreyn və Fars körfəzi üzrə tərəfdaşları - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərlə birlikdə Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına dair qətnamə layihəsi hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Qətnamə layihəsində İrandan yerləşdirdiyi dəniz minalarının sayı və yerləri barədə məlumat verməsi, onların zərərsizləşdirilməsi səylərində əməkdaşlıq etməsi, həmçinin humanitar dəhlizin yaradılmasını dəstəkləməsi tələb olunur.
“ABŞ yaxın günlərdə bu qətnamə üzrə səsverməni səbirsizliklə gözləyir və Təhlükəsizlik Şurası üzvlərinin və geniş həmmüəlliflər dairəsinin dəstəyinə ümid edir”, – deyə Rubionun bəyanatında qeyd edilir.
“İran İslam Respublikası Hörmüz boğazını bağlamaq cəhdləri, boğazda gəmilərə hücum təhdidləri, gəmiçilik üçün təhlükə yaradan dəniz minalarının yerləşdirilməsi və dünyanın ən mühüm su yolundan keçid üçün ödəniş almaq istəyilə qlobal iqtisadiyyatı girov saxlamaqda davam edir. Qətnamə layihəsi İrandan hücumları, minalaşdırmanı və keçid haqqı yığılmasını dayandırmağı tələb edir”, – deyə Marko Rubio bildirib.