Türkiyənin valyuta ehtiyatları mart ayında rekord sürətlə azalıb.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyənin valyuta ehtiyatları mart ayında 43,4 milyard dollar azalıb. Bu, müşahidələr tarixində qeydə alınan ən böyük aylıq azalma hesab olunur.
Bildirilir ki, buna səbəb İranla müharibə fonunda inkişaf etməkdə olan bazarlardan aktivlərin kütləvi çıxarılması və türk lirəsinə təzyiqin artması olub.
Eyni zamanda Türkiyənin cari əməliyyatlar hesabının kəsiri də artıb. Belə ki, göstərici bir ay əvvəlki 7,3 milyard dollardan 9,7 milyard dollara yüksəlib.
Məlumatda qeyd olunur ki, neft və qaz qiymətlərinin bahalaşması Türkiyə iqtisadiyyatına ciddi təsir göstərib. Bu fonda bəzi beynəlxalq banklar türk lirəsi və ölkə iqtisadiyyatı ilə bağlı proqnozlarını pisləşdiriblər.
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 37 faiz səviyyəsində saxlayıb. Bununla yanaşı, daha bahalı - 40 faizlə kreditləşmə vasitəsilə pul siyasətini faktiki olaraq sərtləşdirib.
Aprel ayında ölkədə inflyasiya 32,4 faizə yüksəlib. İqtisadçılar isə yaxın aylarda inflyasiyanın daha da arta biləcəyini proqnozlaşdırırlar.