Ukrayna yaxın gələcəkdə ilhaq edilmiş Krım yarımadasını Rusiyadan təcrid etmək məqsədilə genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) əməliyyatlarını davam etdirməyi planlaşdırır.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") açıqlayıb.
Onun sözlərinə görə, son bir ay ərzində Rusiyadan Krıma aparan əsas təchizat marşrutları üzrə yük və hərbi təminat axını üçdə ikidən çox azalıb. Brovdi bildirib ki, Ukrayna dronları nəqliyyat vasitələrini, anbarları, hava hücumundan müdafiə sistemlərini və hərbi logistika obyektlərini hədəfə alır.
“Yaxın gələcəkdə Krımı təcrid edəcəyik”, - deyə o vurğulayıb.
Komandan qeyd edib ki, son bir ildə Ukrayna dronlarının uçuş sayı 28 dəfə artıb, Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrin sayı isə təxminən 4 dəfə çoxalıb.
Brovdinin sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Ukrayna qüvvələri 174 Rusiya zenit-raket kompleksini məhv edib.
O əlavə edib ki, əməliyyatlarda böyük həcmdə məlumatların təhlili mühüm rol oynayır. Hər gün bölmələr tərəfindən 12 terabayta qədər məlumat toplanır ki, bu da süni intellekt sistemlərinin təkmilləşdirilməsinə və zərbələrin effektivliyinin artırılmasına xidmət edir.
Komandanın sözlərinə görə, kampaniyanın əsas məqsədi Rusiyanın hərbi logistikasını zəiflətmək, işğal olunmuş ərazilərdə qoşunların təminatını daha mürəkkəb və baha başa gələn prosesə çevirməkdir.