Pakistan Hava Limanlarının İdarə Edilməsi Qurumu (PAA) Hindistana yönəlmiş hava məkanı qadağasının müddətinin uzadıldığını bəyan edib.
Modern.az "Geo News"-a istinadən xəbər verir ki, qərara əsasən, Pakistanın hava sahəsi Hindistana məxsus bütün kommersiya və hərbi uçuşlar üçün qapalı qalacaq. Bundan əlavə, Hindistanın aviaşirkətləri tərəfindən icarəyə götürülən təyyarələrin də Pakistan hava məkanından istifadə etməsinə icazə verilməyəcək. Sözügedən qadağa cari ilin 24 iyul tarixinədək qüvvədə saxlanılacaq.
Xatırladaq ki, Hindistanın idarəçiliyində olan Cammu Kəşmirin Pahalgam bölgəsində 22 aprel 2025-ci il tarixində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfərin həyatını itirdiyi terror hücumundan sonra iki ölkə arasında bütün ticarət əlaqələri dayandırılmış və hava məkanları qarşılıqlı olaraq bağlanmışdı.