İran İslam Respublikasının İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün təxminən 18 saat davam edən gərgin və intensiv danışıqlardan sonra İsveçrədən Tehrana yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə İrannın rəsmi İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyəti danışıqlar çərçivəsində ABŞ nümayəndə heyəti, eləcə də vasitəçi qismində çıxış edən Pakistan və Qətər rəsmilərinin iştirakı ilə həm ikitərəfli, həm də dördtərəfli görüşlər keçirib. Görüşlərdə İran İslam Respublikasının anlaşma memorandumunun icrası prosesi və yekun saziş üzrə danışıqlara başlamaq şərtləri ilə bağlı rəsmi mövqeyi qarşı tərəfə çatdırılıb.
Məsləhətləşmələr başa çatdıqdan sonra Qətər və Pakistan birgə bəyanat yayaraq tərəflərin 60 günlük yol xəritəsi, Ali Komitənin yaradılması və texniki işçi qruplarının fəaliyyətə başlaması barədə razılığa gəldiklərini elan ediblər.
Bəyanatda həmçinin qeyd olunur ki, texniki xarakterli danışıqlar həftənin sonuna qədər Bürgenştokda davam etdiriləcək.