Şimali Koreya (KXDR) ölkəyə giriş qaydalarını daha da sərtləşdirib.
Modern.az xəbər verir ki, bu barədə xarici turizm şirkətləri məlumat yayıb.
Yeni qərara əsasən, ikili vətəndaşlığı olan və digər pasportla yanaşı həm də ABŞ vətəndaşlığı daşıyan şəxslərin Şimali Koreyaya daxil olması tamamilə qadağan edilib. Qadağa sözügedən şəxslərin ölkəyə hansı pasportla daxil olmaq istəməsindən asılı olmayaraq tətbiq edilir.
Turizm şirkətlərinin rəsmi açıqlamasında qaydaların mexanizmi belə izah olunur:
"Artıq viza müraciətləri zamanı ərizəçinin ABŞ vətəndaşlığının olub-olmaması xüsusi olaraq və ciddi şəkildə yoxlanılır. Əgər şəxsin Amerika vətəndaşı olduğu təsbit edilərsə, onun ölkəyə girişinə icazə verilmir. Əvvəllər bəzi ikili vətəndaşlığı olan şəxslər ikinci ölkənin pasportundan istifadə edərək Şimali Koreyaya daxil olmağa çalışırdılar, lakin artıq bu boşluq tamamilə qapadılıb".
Verilən məlumata görə, bu qayda ölkəyə edilən bütün səfər növlərinə, həm turizm, həm biznes, həm də digər rəsmi və qeyri-rəsmi qrup xarakterli gəlişlərə şamil olunur. Şirkətlər onu da əlavə edib ki, geosiyasi şəraitdən və regiondakı vəziyyətin inkişafından asılı olaraq qaydalar gələcəkdə yenidən dəyişə bilər.