Modern.az

Volkswagen böhranda - 100 min nəfər işsiz qala bilər

Volkswagen böhranda - 100 min nəfər işsiz qala bilər

Dünya

Bu gün, 17:20

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" şirkəti genişmiqyaslı ixtisarlar və bəzi istehsal müəssisələrinin bağlanması ilə bağlı planlarını müzakirə edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yaxın illərdə 100 minə qədər iş yerinin ixtisarını nəzərdən keçirir.

Hazırda tərkibinə Porsche və Audi markalarının da daxil olduğu "Volkswagen" qrupunda təxminən 657 min nəfər çalışır. Şirkətin baş icraçı direktoru Oliver Blyume onilliyin sonunadək 11 milyard avroya qədər qənaət edilməsini nəzərdə tutan yeni strategiya təqdim edib.

Məlumata görə, plan çərçivəsində Almaniyada fəaliyyət göstərən bir sıra zavodların bağlanması da gündəmdədir. Müzakirə olunan müəssisələr arasında "Audi"nin Nekkarzulm zavodu, eləcə də "Volkswagen"in Hannover, Zvikkau və Emden şəhərlərində yerləşən istehsal sahələri var.

Qeyd olunur ki, şirkətin gələcək inkişaf strategiyasının yekun variantı gələn ay Müşahidə Şurasına təqdim ediləcək. Həmin sənəddə həm ixtisarların miqyası, həm də zavodların taleyi ilə bağlı son qərarların əks olunacağı gözlənilir.

Son illər Avropanın avtomobil sənayesi artan istehsal xərcləri, elektromobil bazarında rəqabətin güclənməsi və qlobal iqtisadi qeyri-müəyyənlik səbəbindən ciddi çağırışlarla üzləşib. Volkswagen-in planlaşdırdığı addımlar da məhz bu problemlərin fonunda şirkətin xərclərinin optimallaşdırılmasına yönəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada