Fransada 2027-ci il prezident seçkiləri öncəsi namizədlər müəyyənləşməyə başlayır.
Modern.az xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, ictimai rəy sorğularında ifrat sağçı Milli Birlik (Rassemblement National) partiyasının namizədləri Marin Le Pen və Jordan Bardella ön sıralarda qərarlaşıb.
Bununla belə, 2017 və 2022-ci illərdə Emmanuel Makrona məğlub olan Marin Le Penin seçkilərdə iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib. Gələn həftə apellyasiya məhkəməsi onun Avropa Parlamentinin vəsaitlərindən təyinatı üzrə istifadə etməməsi ilə bağlı məhkum edilməsindən sonra tətbiq olunan 5 illik seçki qadağası barədə qərara baxacaq.
Le Pen bildirib ki, məhkəmə qadağanı qüvvədə saxlayacağı təqdirdə, prezident seçkilərində onun əvəzinə partiya sədri Jordan Bardella namizəd olacaq.
Prezident postuna iddialı digər siyasətçilər sırasında Prezident Emmanuel Makronun hökumətində baş nazir olmuş Eduar Filipp və Qabriel Attal da var.
Bundan başqa, Respublikaçılar Partiyası prezident seçkilərində Bruno Rötayonu namizəd kimi irəli sürüb. İfrat solçu siyasətçi Jan-Lük Melanşon isə prezident seçkilərində dördüncü dəfə namizəd olacağını açıqlayıb.