Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri və keçmiş müdafiə naziri Hulusi Akar Ankaranın Moskvadan satın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı problemin həllində və respublikanın yaxın vaxtlarda beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qayıtmasında ciddi irəliləyişlər gözlədiyini bəyan edib.
Modern.az xəbər verir ki, o, bu barədə parlament komissiyası üzvlərinin ABŞ-yə səfəri çərçivəsində amerikalı rəsmilərlə keçirilən danışıqlardan sonra məlumat verib.
Hulusi Akar S-400 sistemlərinin BƏƏ-yə və ya başqa bir ölkəyə satılması barədə yayılan iddiaları qəti şəkildə təkzib edib. Komissiya sədri qeyd edib ki, tərəflər arasında problemin tezliklə aradan qaldırılması üçün razılaşma imkanları müzakirə olunub və yaxın vaxtlarda bu məsələdə müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Keçmiş nazir amerikalı tərəfdaşların da öz kanalları vasitəsilə aldıqları məlumatlar əsasında Türkiyəyə müsbət rəy verdiklərini vurğulayıb.
Akarın qiymətləndirməsinə görə, S-400 məsələsinin həlli son nəticədə hərbi tərəfdaşlıqda müsbət dönüş yaradacaq:
"Rusiya sistemləri Türkiyənin F-35 proqramında iştirakının dayandırılmasına səbəb olmuşdu. Bu problem aradan qaldırılan kimi proqram birbaşa bərpa olunacaq".
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2.5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb və tədarük 2019-cu ildə başa çatıb. Məhz bu satınalmaya görə rəsmi Ankara 2019-cu ildə ABŞ-nin "Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə qarşı mübarizə haqqında" (CAATSA) qanunu əsasında F-35 proqramından çıxarılıb. Ötən həftə isə Türkiyə mətbuatında S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə, xüsusən BƏƏ və ya Qətərə yenidən satıldığı barədə məlumatlar yayılsa da, rəsmi Ankara bu iddiaları təsdiqləməyib.