Çeçenistan rəhbəri Ramzan Kadırov respublikadakı kişiləri saqqallarını qısaltmağa və onu "dinin tələblərinə uyğun" saxlamağa çağırıb. O, qadınlara isə geyimdə islam normalarına riayət etməyi, lakin ərəb üslubunu təqlid etməməyi tövsiyə edib.
Modern.az xəbər verir ki, Kadırov bu barədə Çeçenistanın güc strukturlarının nümayəndələri ilə keçirdiyi müşavirədə danışıb.
O bildirib ki, Çeçenistanda bəzi kişilər çox uzun saqqal saxlayırlar, lakin məscidə getmir və cümə namazını camaatla qılmırlar.
Kadırovun sözlərinə görə, uzun saqqal və şalvarın balağını qatlamaq gənclər arasında yayılmağa başlayan “anlaşılmaz dəbə” çevrilib.
“Mən onlara müraciət edirəm: saqqallarınızı qısaldın və onları dinə uyğun saxlayın”, - deyə Çeçenistan rəhbəri bildirib.
Kadırov qadınların da islam normalarına uyğun geyinməli olduğunu deyib. Bununla yanaşı, o, geyimdə ərəb ənənələrinin təqlid edilməsinin əleyhinə çıxıb.
Çeçenistan rəhbəri bədəni tamamilə örtən geyimlərin yayılmasına da münasibət bildirib. O qeyd edib ki, çeçen qadınları ənənəvi olaraq çadra geyinməyiblər.