Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, görüş Parisdə Yelisey sarayında baş tutub. Görüşdən əvvəl Ermənistan Baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
Fransa Prezidenti ikitərəfli strateji əməkdaşlıq haqqında bəyannaməyə uyğun olaraq münasibətlərin bütün istiqamətlərdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nikol Paşinyan kosmik sahədə Fransa ilə əməkdaşlığın dərinləşdirilməsinin Ermənistan üçün əhəmiyyətli olduğunu bildirib və bu istiqamətdə daha konkret tərəfdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Tərəflər iqtisadi əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bu çərçivədə Ermənistan hökumətinin iqtisadi sektorun şaxələndirilməsinə yönəlmiş tədbirləri ardıcıl şəkildə həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Barqüşat tunelinin tikintisi ilə bağlı işlərin artıq praktiki mərhələyə keçdiyi qeyd edilib və tikinti işlərinə mümkün qədər tez başlanmasının vacibliyi vurğulanıb.
Söhbət zamanı regional proseslər də müzakirə olunub. Tərəflər Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini bildiriblər.