Amerikalı parfümer Devid Molts dünyanın ən pis qoxulu bitkilərindən biri ilə tanış olduqdan sonra yeni ətir hazırlayıb. Təbiətdə çürümüş ət qoxusu ilə həşəratları cəlb edən çiçək “Resurrected Corpse Flower” adlı ətirin yaradılmasına ilham verib. Ətirin bir flakonu 270 dollara təklif olunur.
Modern.az xəbər verir ki, yenilik D.S. & Durga brendi tərəfindən təqdim edilib. Bununla belə, alıcılara çürümüş ət qoxuyan ətir təklif edilmir. Parfümer qeyri-adi bitkinin xoşagəlməz qoxu notlarının çiçək və ağac çalarlarına çevrildiyi halda onun necə qoxuya biləcəyini təsəvvür edib.
İdeya 2025-ci ilin yanvarında Bruklin Botanika Bağına səfər zamanı yaranıb. Həmin vaxt bağda nadir amorfofallus bitkisi çiçəkləyib. Molts xüsusi olaraq bu bitkinin qoxusu ilə tanış olmaq üçün bağa gedib və sonradan əldə etdiyi təəssüratlardan yeni ətirin hazırlanmasında istifadə edib.
Ətirin tərkibinə yaşıl zeytun, qreypfrut, freziya, zanbaq və tuberoza daxildir. Kompozisiyaya həmçinin yaşıl banan, papirus və bataqlıq sidrinin notları əlavə edilib. Nəticədə yaradıcıların təsvirinə görə, bataqlıqla çiçək bağının qoxuları arasında təəssürat yaradan, təravətli, nəmli və torpaq çalarlarına malik ətir alınıb.
Amorfofallus bitkisi Sumatra adasında yayılıb. Çiçəkləmə dövründə onun nəhəng çiçək qrupu xarab olmuş əti xatırladan kəskin qoxu yayır. Bitki bu yolla tozlanmada iştirak edən milçəkləri və digər həşəratları özünə cəlb edir.
Qeyri-adi ilham mənbəyinə baxmayaraq, yeni ətirin əsl üfunəti təkrarlaması nəzərdə tutulmayıb. Müəllifin ideyasına görə, əvvəlcə təravətli və acımtıl notlar hiss olunur, daha sonra isə çiçək və nəmli ağac çalarları üzə çıxır.
Ətir 50 millilitrlik flakonlarda məhdud sayda istehsal edilib.
Parfümerlər qeyri-adi qoxular üzərində təcrübələr apararkən, amerikalı alimlər internet vasitəsilə qoxuların ötürülməsi üsulunu da hazırlayıblar. Ohayo Ştat Universitetinin tədqiqatçıları qoxuları tanıya və məsafədən yenidən yarada bilən Scentronic sistemini yaradıblar.
Hazırda qurğu beş qoxu ilə işləyir: qəhvə, pivə, qırmızı şərab, portağal və tort. Qəbul edən tərəfdə xüsusi generator əvvəlcədən hazırlanmış aromatik mayeləri püskürtməklə müvafiq qoxunu yaradır.