ABŞ Prezidenti Donald Tramp Fransa və İspaniyada baş verən hadisələrə münasibət bildirib.
Modern.az xəbər verir ki, Tramp Avropa ölkələrindəki etiraz aksiyalarına və miqrasiya probleminə toxunaraq Fransa Prezidenti Emmanuel Makronu hələ illər əvvəl xəbərdar etdiyini söyləyib.
“Makronla ilk dəfə görüşəndə ona dedim ki, siz Fransanı məhv edirsiniz. Bu barədə onu əvvəldən xəbərdar etmişdim”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İspaniyadakı vəziyyətə də diqqət çəkərək ölkəyə kütləvi miqrant axınının ciddi problemlər yaratdığını iddia edib.
“Bir ay əvvəl yüz minlərlə insan İspaniyaya axışdı. Mən o zaman dedim ki, bu, böyük problem yaradacaq.
Əsrlər boyu İspaniyada yaşayan insanların indi nələrlə üzləşdiyinə baxın. Onlar ölkələrinə bu qədər böyük insan axınının gəlməsini görürlər. Bu insanlar qəzəblidirlər”, – deyə Tramp vurğulayıb.
Trampın fikrincə, Avropa ölkələri miqrasiya siyasətlərini dəyişməsələr, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərlər.