İran rəhbərliyi Məkkə İttifaqına daxil olan ölkələrin yüksək vəzifəli rəsmilərinin danışıqlar aparmaq üçün Tehrana səfər edəcəyini açıqlayıb. Görüşlərdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Modern.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri İran televiziyasına açıqlamasında Qərbi Asiyada yerli təhlükəsizlik konsepsiyasının tətbiqi çərçivəsində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədən yüksək vəzifəli rəsmilərin Tehrana səfər edəcəyini bildirib.
Baqirinin sözlərinə görə, Tehranda keçiriləcək görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir və Türkiyədən yüksək vəzifəli bir rəsmi iştirak edəcək.
O, nümayəndə heyətlərinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşəcəyini bildirib.
Əli Baqiri görüş zamanı regional təhlükəsizlik məsələlərinin nəzərdən keçiriləcəyini deyib. O, İranın xarici qüvvələrin regiona müdaxiləsinə və burada nüfuz qazanmasına qarşı olduğunu vurğulayıb.
Baqiri görüşün dəqiq tarixi barədə məlumat verməyib. Bununla belə, İran mediası rəsmilərin bu gün bir araya gələcəyini yazıb.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyində ictimai diplomatiya məsələləri üzrə nazir müavini Raid Krimli ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında səfəri təsdiqləyib.
O bildirib ki, Məkkə İttifaqına daxil olan ölkələrin nümayəndələri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə yanaşı, İran Prezidenti Məsud Pezeşkianla da görüşəcəklər.
Krimlinin sözlərinə görə, səfər Məkkə İttifaqı ölkələrinin ABŞ ilə İran arasında davam edən böhran fonunda gərginliyin azaldılması, dialoqun və diplomatik həll yollarının təşviqi istiqamətindəki səylərinin tərkib hissəsidir. Bu çərçivədə Qətər və Pakistanın həyata keçirdiyi vasitəçilik təşəbbüslərinə də dəstək verilir.
Səudiyyə Ərəbistanının rəsmisi qeyd edib ki, bu təmaslar Məkkə İttifaqı ölkələrinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində mühüm rolunu, eləcə də bu məqsədə çatmaq üçün regionun bütün ölkələri ilə birgə işləmək əzmini nümayiş etdirir.
“Anadolu” agentliyinin Türkiyənin təhlükəsizlik mənbələrindən əldə etdiyi məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da Tehranda keçiriləcək görüşdə iştirak edəcək.