Qara dəniz ticarət gəmiçiliyi üçün dünyanın ən ölümcül bölgəsinə çevrilib. 2026-cı ilin əvvəlindən bəri burada gəmilərə 570-dən çox hücum qeydə alınıb, nəticədə azı 40 dənizçi həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına istinadən yazıb.
Vəziyyət yay aylarında kəskin şəkildə pisləşib. İyul-sentyabr aylarında 387 gəmi hücumlara məruz qalıb. Bu, əvvəlki rüblə müqayisədə beş dəfədən çoxdur. Gəmilərin bir qismi limanların atəşə tutulması zamanı zərər görüb.
Üçüncü rübdə Qara dənizdə gəmilərə gündə orta hesabla dörd hücum qeydə alınıb. “Ambrey” şirkətinin qiymətləndirməsinə görə, son 45 gündə bu cür hücumların təxminən 90 faizini Rusiya həyata keçirib.
Taxıl və neft tədarükü baxımından mühüm əhəmiyyət daşıyan Qara dəniz bölgəsi Fars körfəzindən daha təhlükəli vəziyyətə düşüb. Burada gəmilərə hücumların sayı altı dəfədən çoxdur. Eyni dövrdə Hörmüz boğazı ərazisində 24 dənizçi həlak olub.
Qara dənizdə son hücumlardan biri Ukrayna və Azərbaycan vətəndaşlarından ibarət heyəti olan “Khoryv” quru yük gəmisinə qarşı həyata keçirilib. Oktyabrın 23-də Rumıniya sahilləri yaxınlığında gəmidə yanğın baş verib, daha sonra gəmi batıb. Bir dənizçi həlak olub, daha üç nəfər itkin düşmüş hesab edilir.
Rumıniya Prezidenti Rusiyanın quru yük gəmisini pilotsuz uçuş aparatı ilə vurduğunu bildirib.
Oktyabrın 6-da Bolqarıstan sahilləri yaxınlığında “Alfa Watan” quru yük gəmisi batıb. On dənizçi itkin düşüb.
Oktyabrın 13-də isə Bolqarıstanın müstəsna iqtisadi zonasında pilotsuz uçuş aparatının hücumundan sonra “HS Dignity” gəmisi batıb. Daha 11 nəfər itkin düşüb.
“Аble” və “Chelsea-3” quru yük gəmiləri də zərər görüb.
Oktyabrın 15-də Rumıniya sahilləri yaxınlığında “Wine Trader” və “Yara J” tankerlərində yanğın baş verib. “Wide Trader” gəmisinin yeddi dənizçisi itkin düşüb.
“Ambrey” şirkətinin baş analitiki Tomaş Aleksanın sözlərinə görə, hücumlar Ukrayna taxılı daşıyan gəmilərə qarşı həyata keçirilir.