Modern.az

Elm, səhiyyə və cəmiyyətə həsr olunan ömür - Vəsadət Əzizovla FOTOSÖHBƏT

Elm, səhiyyə və cəmiyyətə həsr olunan ömür - Vəsadət Əzizovla FOTOSÖHBƏT

Fotosöhbət

22 Dekabr 2025, 10:00

Azərbaycan tibb elminin inkişafında mühüm xidmətləri olan, görkəmli alim, pedaqoq və səhiyyə təşkilatçısı, professor Vəsadət Əli oğlu Əzizov zəngin və çoxşaxəli fəaliyyəti ilə ölkə səhiyyə tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir.

Modern.az saytının məlumatına görə, bu gün professor Vəsadət Əzizovun yubileyidir, onun 70 yaşı tamam olub.

22 dekabr 1955-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olan Vəsadət Əzizov gənc yaşlarından elmə və təbabətə maraq göstərib. 1972-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə daxil olub. 1978-ci ildə ali tibbi təhsilini uğurla başa çatdıran gənc həkim Bakı şəhər 1 saylı Klinik Xəstəxanada terapiya ixtisası üzrə internatura keçərək peşəkar fəaliyyətə başlayıb.

1979–1982-ci illərdə N.Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasında terapevt və kardioloq kimi çalışan Vəsadət Əzizov qısa müddətdə bilik və bacarığı ilə seçilərək həmkarlarının və xəstələrinin hörmətini qazanıb.

1983-cü ildə ATU-nun daxili xəstəliklər ixtisası üzrə aspiranturasına qəbul olunması onun elmi fəaliyyətə doğru atdığı mühüm addım olub. Elmi işini davam etdirmək üçün Moskva şəhərindəki Ümumittifaq Kardiologiya Elmi Mərkəzinə ezam olunan gənc alim 1985-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə edib.

1985–1990-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin Daxili xəstəliklər kafedrasında baş laborant, daha sonra assistent kimi fəaliyyət göstərən V.Əzizov pedaqoji sahədə də özünü doğruldub. 1990-cı ildə yenidən Ümumittifaq Kardiologiya Elmi Mərkəzinə məqsədli doktoranturaya göndərilən alim 1993-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə edərək elmi fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub.

1994–1998-ci illərdə akademik C. Abdullayev adına Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Vəsadət Əzizov bu dövrdə institutun elmi və praktik fəaliyyətinin gücləndirilməsinə mühüm töhfələr verib. 1999-cu ildən etibarən ATU-nun I Daxili xəstəliklər kafedrasına rəhbərlik edən professor, 2024-cü ildən paralel olaraq Tədris-Terapevtik Klinikanın direktoru vəzifəsini də icra edir.

Professor Vəsadət Əzizovun elmi irsi olduqca zəngindir. Onun 750-dən artıq elmi məqaləsi, 50-dək dərslik və dərs vəsaiti, monoqrafiya, 4 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik şəhadətnaməsi və 1 ixtirası çap olunub. Onun elmi rəhbərliyi ilə 32 nəfər tibb üzrə fəlsəfə doktoru, 8 nəfər isə tibb elmləri doktoru elmi dərəcəsi alıb. Bu faktlar professorun alimliklə yanaşı böyük elmi məktəb yaradan müəllim olduğunu təsdiqləyir.

Vəsadət Əzizov beynəlxalq elmi ictimaiyyətdə də geniş nüfuza malikdir. O, Avropa Kardiologiya Cəmiyyətinin və Avrasiya Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. İlk azərbaycanlı alim kimi uzun müddət Türkiyənin “Kardiologiya” jurnalının redaksiya şurasında təmsil olunub. Hazırda isə Moskva və Bakı şəhərlərində nəşr olunan bir sıra nüfuzlu elmi jurnalların redaksiya şuralarında fəaliyyət göstərir.

Professorun fəaliyyəti yalnız elm və səhiyyə ilə məhdudlaşmır. O, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan V.Əzizov 2000-ci ildə Milli Məclisin deputatı seçilib, uzun illər YAP Nərimanov rayon təşkilatının idarə heyətində təmsil olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin bütün seçkilərində partiyanın təşviqat qrupunun üzvü kimi çıxış edib.

Vəsadət Əzizov ailə dəyərlərinə sadiq ziyalıdır. O, ailəlidir, iki övladı var. Həyat yoldaşı, tibb elmləri doktoru Səidə Hacıyeva akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində aparıcı elmi işçi kimi çalışır.

Oğlanlarından Rafael Əzizov hüquq elmləri üzrə fəlsəfə doktorudur və hazırda ABŞ-da yaşayır. Digər oğlu Qüdrət Əzizov da ABŞ-da yaşayır və ailəsinin adını layiqincə təmsil edir.

Bu gün professor Vəsadət Əzizov ömrünün müdriklik çağında elmi, pedaqoji və təşkilati fəaliyyətini uğurla davam etdirir. Onun çoxillik əməyi, zəngin elmi irsi və yetişdirdiyi kadrlar Azərbaycan tibb elminin inkişafına xidmət edən dəyərli töhfədir.

Yubileyiniz mübarək, hörmətli professor! Sizə möhkəm can sağlığı, uzun ömür və yeni elmi uğurlar arzulayırıq.


Tələbəlik illəri...


Tələbəlik həyatı...


ATU-nin II Daxili xəstəliklər kafedrasının professorları - soldan sağa: Oqtay Quliyev, Sədrəddin Kərimov, Eldar Qorin, Vəsadət Əzizov - 1998-ci il.


Azərbaycan Respublikasının Almaniyadakı səfiri Hüseynağa Sadıqovla.


Deputatlıq dövründə seçicilərlə görüş - Masallı rayonunun Qızılavar kəndi.


Masallı zəhmətkeşlərinə təmənnasız tibbi xidmət göstərmək üçün professor-müəllim heyətilə rayona gəlmişik - 2001-ci il.


Sovet İttifaqı Qəhrəmanı, akademik Oleq Yuryeviç Atkovla kafedrada görüş - 2001-ci il.


İlham Əliyevin Baş nazir seçildiyi gün - Milli Məclis, 2003-cü il.


Milli Məclisin nümayəndə heyətilə Baden-Badendə.


Cənab Prezidentin Masallı səfəri.


Kafedra əməkdaşları ilə 5 saylı xəstəxanada - 2005-ci il.


Kafedra əməkdaşları ilə Astara rayonunun Kijoba kəndində tibbi yardım məqsədilə səfərdə.


Rusiya Elmlər Akademiyasının akademiki Yuri Nikitiç Belenkovla.


Akademik Y.N.Belenkov kadefra əməkdaşlarımızla...


Akademik Yevgeni Çazovla...


Fransa parlamenti sədrinin tapşırığı ilə bu ölkənin Azərbaycandakı səfiri kafedramıza ultrasəs müayinəsi aparatı bağışlayır.


Kardioloqların növbəti konqresində...


Professor Zərifə Zeynalovanın 90 illik yubileyində.


Dissertasiya Şurasının iclası - ATU.


Milli Kardiologiya Konqresi - kafedra əməkdaşları ilə birgə.


ATU-nun II Müalicə-profilaktika fakültəsi tələbələrinin dövlət attestasiyasında - 2025-ci il.


Avropa Kardiologiya Cəmiyyətinin Konqresi - Madrid, 2025-ci il.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır