Bakıda şirkət və ofisləri hədəf alan yeni rəqəmsal dələduzluq üsulu peyda olub. Özünü rəsmi qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxslər müxtəlif bəhanələrlə vətəndaşlardan kart hesablarına təcili pul köçürmələrini tələb edirlər.
Modern.az-ın əməkdaşları da analoji dələduzluq və aldadılma cəhdi ilə üz-üzə qalıb.
Belə ki, naməlum şəxs əməkdaşımıza zəng edərək ofisin yerləşdiyi ərazidə kanalizasiya xətlərinin təmir edildiyini iddia edib. O, hazırda mağazada material aldıqlarını bəhanə gətirərək, təcili olaraq kart hesabına 18 manat köçürülməsini istəyib. Əməkdaşımız qarşı tərəfdən hansı şirkət və ya rəsmi qurumu təmsil etdiyini soruşduqda isə şübhəli şəxs "siz pulu atın, sonra deyəcəyik" deyərək birbaşa cavabdan yayınıb.

Məsələni dəqiqləşdirmək üçün redaksiyanın digər bir əməkdaşı həmin nömrə ilə əlaqə saxlayıb. Bu dəfə isə fərqli bəhanə ilə ondan 23 manat tələb olunub və şübhəli suallardan sonra ilk zəng edilən əməkdaşımızın nömrəsi blok siyahısına atılıb. Redaksiya heyətinin verdiyi çağırış və çaşdırıcı suallara qarşı tərəf tələsik, ötəri cavablar verərək diqqəti yayındırmağa çalışıb. Zəng edən şəxsin istifadəsində olan hər iki nömrə "Getcontact" tətbiqi vasitəsilə yoxlanılarkən, digər vətəndaşlar tərəfindən də sistemdə məhz "dələduz" olaraq qeyd edildiyi bəlli olub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə dərhal əlaqə saxlanılıb. Qurumdan Modern.az-a bildirilib ki, bu, tamamilə dələduzluq halıdır və vətəndaşlar qətiyyən belə çağırışlara aldanmamalıdırlar:
"Belə hallara qətiyyən inanmaq və aldanmaq olmaz. Rəsmi qurumun heç bir əməkdaşı vətəndaşa və ya hər hansı şirkətə zəng edərək fərdi kart hesabına "18 manat pul atın" deyə müraciət etməz. Agentliyin bütün xidmət və təmir işləri daxili nizamnamə və rəsmi dövlət təminatı ilə həyata keçirilir".
Dələduzluq cəhdi edən şəxsin nömrələri və redaksiyamıza təqdim olunan skrinşotlar araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim ediləcək.