Modern.az

Klublarımızın avrokubok planı bəlli oldu - Qarabağ sualdan yayındı 

Klublarımızın avrokubok planı bəlli oldu - Qarabağ sualdan yayındı 

İdman

Bu gün, 11:18

Azərbaycan Premyer Liqasında gərgin keçən mövsümün ardından, ölkəmizi beynəlxalq arenada təmsil edəcək klubların siyahısı dəqiqləşib. Futbol üzrə Azərbaycan milli çempionatının 32-ci turundan sonra ölkəmizi 2026/2027-ci illər mövsümü üzrə Avropa kuboklarında təmsil edəcək komandaların adına tam aydınlıq gəlib.
Turnir cədvəlində ilk 4 yeri tutan klublarımız ölkəmizi UEFA-nın nüfuzlu turnirlərində təmsil etmək hüququ qazanıblar. Mövsümün nəticələrinə əsasən, ölkə xaricindəki mübarizə xəritəmiz aşağıdakı kimidir:

“Sabah” – Çempionlar Liqasında (Mübarizəyə 1-ci mərhələdən başlayacaq);

“Qarabağ” – Avropa Liqasında (Mübarizəyə 1-ci mərhələdən başlayacaq);

“Neftçi” – Konfrans Liqasında (Mübarizəyə 1-ci mərhələdən başlayacaq).

"Turan Tovuz" klubu turnir cədvəlində Konfrans Liqasına vəsiqə verən pillədə qərarlaşsa da, ciddi cəza ilə üz-üzə qalıb. Klubun milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə (danışılmış oyunlar şübhəsi) birbaşa və ya dolayı yolla iştirak etdiyi müəyyən olunub. Bu səbəbdən UEFA tərəfindən sərt şəkildə cəzalandırılan Qərb təmsilçisinin 2026/2027-ci illər mövsümündə Konfrans Liqasında iştirak edə bilməyəcəyi rəsmən təsdiqlənib.

"Turan Tovuz"un turnirdən kənarlaşdırılmasından sonra Misli Premyer Liqasında 5-ci yerin sahibi olan "Zirə" klubu avrokuboklara vəsiqə qazanmaq şansı əldə edib. Klub Konfrans Liqasında 2-ci mərhələdən başlayacaq.

Artıq iyul ayından etibarən start götürəcək avrokubok oyunları öncəsi azarkeşləri tək bir sual düşündürür: Komandalarımız yeni mövsümə nə qədər hazırdır və hazırlıq prosesi hansı mərhələdədir?

Modern.az komandaların düşərgəsindəki son vəziyyəti və hazırlıq planlarını öyrənib.

"Sabah" FK: Avstriya toplanışı və 4 yeni transfer

Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" yeni mövsümün hazırlıqlarını Avstriyanın Tirol bölgəsində tam sürətlə davam etdirir. Heyətini gücləndirən Bakı klubu mövsümlərarası dönəmdə 4 transfer həyata keçirib. Müdafiə xəttinə Junior Almeyda və Eyden Makkarti, yarımmüdafiəyə Rodriqo Fernandeş, vinger mövqeyinə isə Yunes Laşaab cəlb edilib.

Komanda Avstriyada artıq 2 yoxlama oyunu keçirib. Rumıniyanın “Universitatya Krayova” və Macarıstanın “Ferentsvaroş” klubları ilə matçlar 1:1 hesablı bərabərliklə yekunlaşıb. Toplanış çərçivəsində növbəti yoxlama oyunu iyulun 2-də Ukraynanın “Polissiya” klubuna qarşı baş tutacaq.

"Neftçi" FK: İkinci mərhələ Sloveniyada keçirilir

"Neftçi" düşərgəsində hər şeyin plan üzrə getdiyi bildirilir. Komandanın Bakıdakı ilk təlim-məşq toplanışı iyunun 20-dən 28-nə kimi davam edib. İyunun 29-dan etibarən isə komanda hazırlıqların ikinci mərhələsi üçün Sloveniyaya yollanıb. İyulun 14-nə qədər davam edəcək Sloveniya toplanışında komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Baş məşqçi Yuri Vernidub yeni futbolçuları məhz bu matçlarda sınaqdan keçirəcək. "Ağ-qaralar" ilk rəsmi avrokubok oyununa iyulun 23-də çıxacaqlar və o vaxta qədər hazırlıqların tam yekunlaşması hədəflənir.

"Qarabağ" FK: Son sözü Qurban Qurbanov deyəcək

Ağdam təmsilçisindən verilən məlumata görə, komandanın hazırda avrokuboka hansı səviyyədə hazır olduğunu dəqiq qiymətləndirmək üçün təlim-məşq toplanışının başa çatmasını gözləmək lazımdır:

"Bu suala cavabı yalnız komanda təlim-məşq toplanışından qayıdacağı zaman baş məşqçimiz Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında verə bilər. Hazırki məqamda toplanış davam edir, ona görə də rəsmi olaraq nəsə demək mümkün deyil".

"Zirə" FK: Türkiyə sınağı başa çatır

Mövsümə ciddi hazırlaşan "Zirə" isə Bakı toplanışını tamamladıqdan sonra hazırlıqları Türkiyədə davam etdirib. Komanda qardaş ölkədə yerli "Iğdır" klubu ilə yoxlama oyunu keçirib. Bundan əvvəl isə Özbəkistanın "Navbahor" komandası ilə qarşılaşıblar. Qarşıda daha bir yoxlama matçı planlaşdıran "qartallar" iyulun 2-də Bakıya qayıdaraq növbəti rəsmi oyunların hazırlığına start verəcəklər.
 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada