Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldo ilə onun nişanlısı, model Corcina Rodriges nəhayət münasibətlərini rəsmiləşdirəcəklər.
Modern.az xəbər verir ki, nüfuzlu Britaniya nəşri Daily Mail-in yaydığı məlumata görə, cütlüyün dəbdəbəli toy mərasimi qarşıdakı həftəsonu Ronaldonun vətəni olan Madeyra adasında keçiriləcək.
Mənbənin bildirdiyinə görə, nikah mərasimi Funşal şəhərinin Baş Kilsəsində baş tutacaq. Bundan sonra yeni evlənənlər qonaqları ilə birlikdə beşulduzlu otelə yollanaraq bu əlamətdar günü qeyd edəcəklər.
Tədbirin məxfiliyini və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə otel rəhbərliyi digər istirahətçilərə əvvəlcədən məlumat verib ki, cümə və şənbə günləri kompleksin iki mərtəbəsi və bir neçə bar zonası kənar şəxslər üçün tamamilə bağlanacaq.
Xatırladaq ki, Funşal Kriştianu Ronaldonun doğulduğu şəhərdir və bu da toy mərasiminə xüsusi simvolik məna qazandırır.
Ronaldo ilə Corcina 2016-cı ildən birlikdədir və birgə övladlar böyüdürlər. Portuqaliyalı futbolçu sevgilisinə rəsmi evlilik təklifini yalnız 2025-ci ildə edib. Məlumata görə, bu toyun idman dünyasının ilin ən çox müzakirə olunan və ən möhtəşəm mərasimlərindən birinə çevriləcəyi gözlənilir.