Bu gün Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
Azərbaycan Dəmir Yollarından Modern.az-a verilən məlumatda bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.
Əlavə edilib ki, Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.
Məsələ ilə bağlı saytımıza açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyev isə bildirib ki, Poti-Bakı Ekspres Blok qatarının fəaliyyətə başlaması Gürcüstanla strateji tərəfdaşlığın yeni bir mərhələsidir:
“Eyni zamanda bu, Orta Dəhlizin davamlı və etibarlı olduğunu sübut edən məsələdir və Azərbaycanın da regional logistika liderliyini möhkəmləndirir. Poti-Bakı Ekspres Blok qatarının fəaliyyətə başlaması Zəngəzur dəhlizi reallaşana qədər, regionda stabil tranzit balansını qoruyan bir məsələdir.
O ki, qaldı bu kommunikasiyanın Zəngəzur dəhlizinə alternativliyi məsələsinə, burada mühüm bir neçə məqam var. Düşünürəm ki, Poti-Bakı Ekspres Blok qatarı alternativ deyil, tamamlayıcıdır. Yəni bu, birbaşa quru bağlantısıdır, eyni zamanda dəniz üzərinə gedən dəmiryolu kombinasiyasıdır və hazırda tam işlək, riskləri az olan sığortalanmış marşrutdur. Bakı-Poti marşrutu, yəni ekspres Blok qatar marşrutu Gürcüstanın əməkdaşlığını klassik tranzit münasibətindən logistik tərəfdaşlığa keçirir. Burada, bir neçə yeniliklər də var.
Yeniliklər ondan ibarətdir ki, yüklər liman-dəmiryolu vasitəsi ilə birbaşa öz yük yerinə çatır. Azərbaycan dəmir yolu ilə Gürcüstan dəmir yolları arasında əməliyyat qərarlarının koordinasiyası artır, gecikmələr aradan qalxır, Orta Dəhliz real işləkliyini təsdiq eləyir. Xəzər-Qara dəniz bağlantısı artıq layihə deyil, stabil işləyən bir marşruta çevrilir".

Komitə sədri əlavə edib ki, burada tranzit vaxtından da söhbət gedir:
"Əvvəllər Poti-Bakı xətti üzrə yüklər 5-7 günə gəlirdisə, indi bu müddət 2-3 günə qədər enir. Limanlarda gözləmə, yenidən yükləmə xərcləri azalır. Ticarət dövriyyəsində də vaxtın azalması çox mühüm məsələdir. Çünki həm Avropa, həm Türkiyə bazarları, istər Çin, Orta Asiya bunu daim diqqətdə saxlayır və onlar üçün də bu, cəlbedicidir. Əsas məqam ondan ibarətdir ki, müxtəlif ölkələr proseslərin inkişafını izləyir və gələcəkdə bu marşrutlardan istifadə etmək onlar üçün çox mühüm məsələdir. Yenə deyirəm, bu sadəcə tranzit məsələsi deyil, Azərbaycanın logistik mərkəzə çevrilməsi və bu məqsədlə ətraf dövlətlərdən vasitə kimi istifadə edilməsidir".