2026-cı ilin yanvarında Azərbaycanın əsas qeyri-neft ixrac məhsullarının göstəriciləri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ilin yanvar ayına dair buraxılışında dərc edilib.
2025-ci ilin yanvarı ilə müqayisədə bu ilin ilk ayında ən çox ixrac olunan məhsul qızıl olub. Qızıl ixracı 21,1 milyon dollardan 33 milyon dollara yüksəlib.
Məlumata görə, meşə fındığının ixracı ötən illə müqayisədə 13,9 milyon dollardan 29,3 milyon dollara çatıb. Xurma ixracı isə 19,3 milyon dollardan 22,3 milyon dollara yüksəlib.
Bundan əlavə, mis filizləri və konsentratları üzrə də ixrac 2,4 milyon dollardan 20,5 milyon dollara yüksəlib.
Bəzi məhsullar üzrə azalma, məsələn - karbamid ixracı 21 milyon dollardan 14,2 milyon dollara düşüb. Pomidor ixracı 14,7 milyon dollardan 13,6 milyon dollara enib.
Daranmaya məruz qalmamış pambıq lifinin ixracına gəlincə, bu, 9,2 milyon dollardan 11,2 milyon dollara, alüminium ərintilərindən düzbucaqlı plitələrin ixracı 7,9 milyon dollardan 8,3 milyon dollara, alma ixracı isə 6,9 milyon dollardan 8,2 milyon dollara yüksəlib.