Azərbaycanda idman iqtisadiyyatı anlayışı formalaşmalıdır.
Modern.az xəbər verir ki, bunu Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüş zamanı Gənclə və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.
Elnur Məmmədov qeyd edib ki, bütün xərcləri yalnız dövlətin qarşılaması mümkün deyil.
“Biz “İdman haqqında” qanun layihəsi üzərində işləyirik. Burada əsas məsələlərdən biri də idman iqtisadiyyatı anlayışının formalaşması ilə bağlıdır. İdmanın ÜDM-də payı nə qədərdir? Bu gün idman sahəsində çalışan insanların sayı nə qədərdir? Onlar nə qədər vergi ödəyirlər? Bu sahədə ümumi xərclər nə qədərdir?”.
Onun sözlərinə görə, ölkəmizdə keçirilən “Formula 1” yarışı strateji tədbirdir.
"Çünki dünyada ən çox azarkeş bazasına malik və televiziya vasitəsilə ən çox izlənilən yarışlardan biridir. Bu gün idmana investisiya qoyulur, amma onun vasitəsilə turizm, ölkəyə gələn maliyyə axını və digər sahələr də canlanır. Yəni investisiya birbaşa idmana yönəlsə də, dolayısı ilə digər sektorların inkişafına xidmət edir. Bu gün dövlət və federasiyalar vəsait xərcləyir. Bunun nəticəsində idman geyimləri, avadanlıqlar və digər sahələr üzrə xərclər artır. Lakin idman yarışlarının keçirilməsindən sonra yaranan ümumi iqtisadi fəallıq birbaşa idmanın adına yazılmır".
Şöbə müdiri qeyd edib ki, idman sahəsində bizə daha çox maliyyə vəsaiti lazımdır və gələcəkdə də lazım olacaq.
"Çünki idman idarəetməsində uğur əlavə xərclər və artan tələbat yaradır. Böyük biznes və ya şirkət quranda əldə edilən nəticə sizin uğurunuz kimi qiymətləndirilir. Amma idmanda bir federasiya və ya idmançı uğur qazandıqda, növbəti uğursuzluq zamanı əvvəlki nailiyyətlər sanki kölgədə qalır. Məsələn, futbolda “Qarabağ" FK uğurla çıxış edərək Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və bunun nəticəsində ölkə iqtisadiyyatına milyonlarla vəsait daxil oldu. Bu isə idmanın iqtisadi təsirinin konkret nümunəsidir”.
Qeyd olunub ki, bu gün bizim gözəl idman komplekslərimiz və geniş infrastrukturumuz var.
"Lakin federasiyaların fəaliyyəti yüksəldikcə onların infrastruktur imkanları ilə bağlı ciddi suallar ortaya çıxır. Çünki kütləvilik artdıqca daha çox infrastruktur tələb olunur. Bu xüsusilə oyun idman növlərində - voleybol, futbol, basketbol, həndbolda daha qabarıq şəkildə hiss edilir. Bəzən eyni zalda bir neçə komanda məşq etməli olur. Bu isə idmanın kütləviləşməsində müəyyən çətinliklər yaradır”, - o həmçinin qeyd edib.