Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakının əsas məntəqələri arasında xüsusi WUF13 ekspres avtobusları hərəkət edəcək.
Modern.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, 12 may 2026-cı il tarixdən etibarən hava limanı ilə paytaxtın strateji nöqtələri arasında iştirakçılar üçün 6 fərqli marşrut xətti fəaliyyətə başlayacaq:
A1 - metronun "28 May" stansiyası;
A2 - metronun "Nərimanov" stansiyası;
A3 - İzmir küçəsi;
A4 - Şıx ərazisi;
A5 - metronun "İçərişəhər" stansiyası;
A6 - "Sea Breeze".
Bildirilib ki, mayın 15-dən etibarən A2 (Nərimanov) marşrutu həm də birbaşa Forumun keçiriləcəyi məkanla əlaqəni təmin edəcək. Avtobuslar rəsmi nəqliyyat cədvəlinə uyğun olaraq, akkreditasiyadan keçmiş iştirakçılar üçün 24/7 (günün 24 saatı) rejimində və ödənişsiz fəaliyyət göstərəcək. Akkreditasiya kartını hələ almamış şəxslər onlayn qeydiyyat təsdiqini təqdim etməklə bu xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.