Modern.az

Azərbaycanın qeyri-neft ixracı artıb: Rusiya əsas bazar olaraq qalır

Azərbaycanın qeyri-neft ixracı artıb: Rusiya əsas bazar olaraq qalır

İqtisadiyyat

Bu gün, 14:53

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dollarına çatıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayında öz əksini tapıb. 

Məlumata görə, hesabat dövründə bir sıra məhsullar üzrə ixracda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı 4 dəfə, pambıq iplik ixracı 2,3 dəfə artıb. Bitki və heyvan mənşəli piylər və yağların ixracı 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% yüksəlib.

Yanvar-aprel aylarında aqrar məhsulların ixracı 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Nəticədə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına çatıb.

İxrac edilən qeyri-neft məhsulları arasında qızıl 131,1 milyon ABŞ dolları ilə ilk sırada qərarlaşıb. Sonrakı yerlərdə 92,9 milyon ABŞ dolları ilə pambıq lifi və 87,9 milyon ABŞ dolları ilə mis filizləri yer alıb.

Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaş ölkə Rusiya olub. Hesabat dövründə Rusiyaya 306,6 milyon ABŞ dolları, Türkiyəyə 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

İcmalda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında “SOCAR POLYMER” MMC lider mövqedədir. Siyahıda daha sonra “AzerGold” QSC, “Azəralüminium” MMC və digər dövlət müəssisələri yer alır.

Bununla yanaşı, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2026-cı ilin ilk dörd ayında dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 8,7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. Bu gəlir qurumun ümumi gəlirlərinin 64%-ni təşkil edib.

“Azərkosmos”un xidmət ixracında ilk beşlikdə 1,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 milyon ABŞ dolları ilə Lüksemburq, 381,1 min ABŞ dolları ilə Türkiyə, 370 min ABŞ dolları ilə Pakistan və 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV