Şirkətlərə təsisçilərin iclasını keçirmədən yeni səhmlər buraxmaq hüququ veriləcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, təsərrüfat cəmiyyətlərinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə biləcək.
Dəyişiklik nizamnamədə əvvəlcədən müəyyən edilmiş yuxarı hədd çərçivəsində tətbiq olunacaq. Bu halda buraxılacaq pay və ya səhmlərin hüquqları, imtiyazları, məhdudiyyətləri və digər emissiya şərtləri direktorlar şurasının qərarı ilə müəyyən ediləcək, bununla bağlı nizamnaməyə edilən dəyişikliklər isə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınacaq.
Qüvvədə olan qanunvericiliyə əsasən, yeni payların ayrılması və ya səhmlərin buraxılması ilə bağlı qərarlar, bir qayda olaraq, təsisçilərin və ya səhmdarların ümumi yığıncağında qəbul edilir. Təklif olunan dəyişiklik isə bu səlahiyyətin müəyyən hallarda direktorlar şurasına verilməsini nəzərdə tutur.
Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu mexanizm şirkətlərin investisiya cəlb etməsini sürətləndirəcək, yeni maliyyələşmə mərhələlərində qərarların daha operativ qəbuluna imkan yaradacaq və xüsusilə innovativ şirkətlər, startaplar və sürətlə inkişaf edən biznes subyektləri üçün çevik korporativ idarəetmə mühiti formalaşdıracaq. Eyni zamanda, bu yanaşmanın investorlarla danışıqların daha qısa müddətdə yekunlaşmasına və kapitalın operativ şəkildə artırılmasına şərait yaradacağı gözlənilir.