Modern.az

Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır – SƏBƏBLƏR

Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır – SƏBƏBLƏR

İqtisadiyyat

Bu gün, 15:47

Almaniyada iqtisadi geriləmə ilə bağlı narahatlıqlar son aylarda daha da artıb. Ölkədə hər gün yüzlərlə iş yerinin itirildiyi, onlarla şirkətin isə müflisləşdiyi bildirilir. Avropanın ən böyük iqtisadiyyatında yaşanan bu proseslərin səbəbləri və mümkün nəticələri həm region ölkələrində, həm də Azərbaycanda maraqla izlənilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Almaniya iqtisadiyyatında yaranan çətinliklərin əsas səbəbi Rusiya-Ukrayna müharibəsindən sonra enerji qiymətlərinin kəskin bahalaşmasıdır.

“Almaniyada baş verən proseslər əsas etibarilə Rusiya-Ukrayna müharibəsindən sonra başlayıb. Əvvəllər Almaniya sənayesini əsasən Rusiyadan aldığı qaz hesabına təmin edirdi. Müharibədən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olundu, ‘Şimal axını’ layihəsi fəaliyyətini dayandırdı, kəmərlərdən biri isə partladıldı. Bunun nəticəsində Almaniyada enerji xərcləri kəskin artdı və bu da iqtisadiyyatda stagflasiya yaratdı. Şirkətlər üçün istehsal xərcləri yüksəldi, məhsullar bahalaşdı”.

İqtisadçının sözlərinə görə, Almaniya iqtisadiyyatına təsir göstərən ikinci mühüm amil isə Çinin sənaye sahəsində sürətlə güclənməsidir.

“Almaniya iqtisadiyyatının əsasını maşınqayırma, avtomobil sənayesi və məişət elektrotexnikası təşkil edirdi. Uzun illər bu sahələr dünya bazarında rəqabət üstünlüyünə malik idi. Lakin son illərdə Çin, xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında sürətlə irəliləyərək bazarda mövqeyini möhkəmləndirib. Nəticədə Almaniya əvvəlki həcmdə satış həyata keçirə bilmir və rəqabət imkanları zəifləyib”.

X.Kərimli hesab edir ki, Almaniyada baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına ciddi təsiri gözlənilmir.

“Bu proseslərin Azərbaycana əhəmiyyətli təsiri ola bilməz. Azərbaycanda kifayət qədər güclü iqtisadiyyat formalaşıb, İqtisadiyyat Nazirliyi də bu istiqamətdə sistemli fəaliyyət göstərir. Ona görə də Almaniyada baş verən hadisələrin ölkə iqtisadiyyatına ciddi təsir göstərəcəyini düşünmürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada