Modern.az

Ağdamda lift və eskalator istehsal olunacaq

Ağdamda lift və eskalator istehsal olunacaq

İqtisadiyyat

Bu gün, 20:35

Azərbaycanla Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur. 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.

Şərifov Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana reallaşan dövlət səfərinin əlaqələrin inkişafında mühüm mərhələ olduğunu xatırladıb:

"Səfər zamanı qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib, əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivli istiqamətlər müəyyənləşdirilib. Bu istiqamətlərin praktik məzmunla zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatı, gömrük işi, turizm, eləcə də kiçik və orta sahibkarlığın inkişafını əhatə edən bir sıra mühüm sənədlər imzalanıb".

Samir Şərifov xüsusilə vurğulayıb ki, dövlət səfəri çərçivəsində Prezident Aleksandr Lukaşenko Qarabağa səfər edərək işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub. O, Belarus liderinin Şuşadakı bəyanatına diqqət çəkib:

"Belarus Prezidenti Şuşada çıxışı zamanı ölkəsinin, müvafiq dövlət qurumlarının və şirkətlərinin Qarabağın, həmçinin Şərqi Zəngəzurun bərpasında fəal iştirak edəcəyini və bu prosesə öz töhfəsini verəcəyini bəyan etmişdi. Artıq bu istiqamətdə konkret layihələrin icrasına başlanılıb. Ağdam Sənaye Parkında Belarusla birgə lift və eskalator istehsalı üzrə müəssisə yaradılır. Burada istehsal ediləcək liftlər Ağdamda inşa olunan binalarda quraşdırılacaq. Bundan əlavə, Ağdam rayonunun Qızıl Kəngərli kəndində müasir quşçuluq kompleksinin layihələndirilməsi üzrə işlərə də start verilib".

Azərbaycanın Belarusla dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda bütün sahələr üzrə əməkdaşlığı davam etdirmək əzmində olduğunu deyən S.Şərifov, Prezident İlham Əliyevin hər iki ölkəni "zamanın sınağından çıxmış iki etibarlı dost" kimi xarakterizə etdiyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada