Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi heyvanlarda müxtəlif xəstəliklərə qarşı peyvənd vasitələrinin satın alınması məqsədilə iki böyük tender elan edib.
Modern.az-ın məlumatına görə, satınalma layihələri çərçivəsində ümumilikdə milyonlarla doza vaksinin idxal edilməsi nəzərdə tutulur. Tenderlərdən biri heyvanlarda Çiçək xəstəliyinə qarşı 7 milyon 307 min 387 ədəd peyvənd vasitəsinin alınmasını əhatə edir və bu satınalma üzrə ehtimal olunan qiymət 431 min 135 manat 83 qəpik, iştirak haqqı isə 350 manat təşkil edir.
Elan olunan digər tender çərçivəsində isə Bruselyoz, Quduzluq, Donuzların taunu, Bradzot və sair xəstəliklərə qarşı 1 milyon 816 min 523 ədəd peyvənd vasitəsinin satın alınması planlaşdırılır. Bu tenderin ehtimal olunan qiyməti 1 milyon 610 min 702 manat 20 qəpik, iştirak haqqı isə 600 manat müəyyən edilib.