Modern.az

Bu boşluğu Azərbaycan doldura bilər - Rusiya bazarlarında yeni imkan 

Bu boşluğu Azərbaycan doldura bilər - Rusiya bazarlarında yeni imkan 

İqtisadiyyat

20 İyul 2026, 16:25

Rəsmi Moskvanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağalar Rusiya bazarında yaranacaq boşluğu Azərbaycanın doldurması üçün tarixi fürsətdir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Deputat vurğulayıb ki, Rusiya bazarlarına ən çox kənd təsərrüfatı məhsulları məhz Azərbaycandan ixrac olunur. Bu, həm iqtisadi, həm ictimai, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki qarşılıqlı ticarətin genişlənməsi ölkələr arasında münasibətlərin möhkəmlənməsində önəmli rol oynayır. Müəyyən vaxtlarda soyuqluqların olmasına baxmayaraq, bu gün də ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsulları müntəzəm olaraq göndərilir.

Tahir Rzayev Ermənistanın imkanlarını və yaranan yeni vəziyyəti konsiqnasiya baxımından belə qiymətləndirib: 

"Ermənistan Azərbaycandan xeyli kiçik dövlətdir və onun kənd təsərrüfatı potensialı yüksək deyil. Rusiyanın Ermənistana kənd təsərrüfatı məhsulları idxalına görə sanksiya tətbiq etməsi sözsüz ki, Azərbaycanın xeyrinədir. Yaranan tələbat Rusiya bazarını məcbur edəcək ki, Azərbaycan öz kənd təsərrüfatı məhsullarını orada daha tez və daha böyük həcmdə təqdim etsin.

Əlbəttə, yerli istehsalımız bu boşluğu doldura bilər. Düzdür, gavalı və bəzi xüsusi kənd təsərrüfatı məhsulları var ki, onlar Ermənistanda daha çox yetişdirilir. Lakin sanksiyalar fonunda bu ehtiyac digər ölkələrdən, xüsusən də bizdən kompensasiya oluna bilər".

Deputatın fikrincə, tətbiq edilən məhdudiyyətlər Azərbaycan üçün yeni imkanlar açacaq. Belə ki, Rusiya bazarlarında tələbat artarsa, fermerlərimiz daha çox kənd təsərrüfatı məhsulu istehsal etməyə yönələ bilərlər. Bu da ölkə iqtisadiyyatına əlavə valyuta axınının təmin edilməsində başlıca rol oynayacaq.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyunun 2-dən etibarən Ermənistandan balıq idxalına məhdudiyyət tətbiq edib. Qurumun məlumatına görə, Rusiyaya balıq ixrac edən Ermənistan şirkətlərinin əksəriyyəti yoxlamalardan keçməyib və ya yoxlanışdan imtina edib. Bu səbəbdən pozuntular aradan qaldırılanadək məhsulların sertifikatlaşdırılması dayandırılıb.

Rusiya həmçinin Ermənistandan meyvə-tərəvəz, gül, bəzi növ konyak və şərabların, eləcə də "Cermuk" mineral sularının idxalına və satışına da qadağa qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR