Modern.az

Azərbaycanın Özbəkistanla ticarəti 7 dəfə artıb

Azərbaycanın Özbəkistanla ticarəti 7 dəfə artıb

İqtisadiyyat

26 Avqust 2026, 15:16

Azərbaycanla Özbəkistan arasında xarici ticarət dövriyyəsi 2025-ci ildə kəskin artıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 795 milyon 159,7 min ABŞ dolları təşkil edib.

Bu göstərici 2024-cü ildə 252 milyon 57,5 min dollar olub. Beləliklə, Azərbaycan-Özbəkistan ticarət dövriyyəsi bir il ərzində 3 dəfədən çox, yaxud təxminən 543,1 milyon dollar artıb.

Müqayisə üçün, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 111,9 milyon, 2022-ci ildə 183,3 milyon, 2023-cü ildə isə 178,8 milyon dollar təşkil edib. Beş ilin göstəriciləri müqayisə edildikdə, 2025-ci ildə ticarət dövriyyəsinin 2021-ci illə müqayisədə 7 dəfədən çox artdığı görünür.

Özbəkistanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində xüsusi çəkisi də əhəmiyyətli dərəcədə yüksəlib. 2021-2023-cü illərdə bu göstərici 0,3 faiz olduğu halda, 2024-cü ildə 0,5 faizə, 2025-ci ildə isə 1,6 faizə çatıb.

Nəticədə Özbəkistan Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 2024-cü ildəki 31-ci yerdən 2025-ci ildə 14-cü yerə yüksəlib.

Azərbaycanın Özbəkistana ixracında da artım qeydə alınıb. 2025-ci ildə bu ölkəyə 76 milyon 149,4 min dollar dəyərində məhsul ixrac olunub. 2024-cü ildə isə ixracın həcmi 40 milyon 340,8 min dollar olub. Beləliklə, Özbəkistana ixrac bir il ərzində təxminən 89 faiz artıb.

2021-ci ildə Azərbaycanın Özbəkistana ixracı 33,5 milyon, 2022-ci ildə 46,4 milyon, 2023-cü ildə 47,1 milyon dollar təşkil edib.

Özbəkistanın Azərbaycanın idxalındakı xüsusi çəkisi isə 2024-cü ildə 1 faizdən 2025-ci ildə 2,9 faizə yüksəlib. Bununla da Özbəkistan Azərbaycanın əsas idxal tərəfdaşları sırasında 20-ci yerdən 9-cu yerə irəliləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...