Orta Dəhliz Azərbaycan və Özbəkistan üçün iqtisadi inkişaf, ticarət dövriyyəsinin artması, regional inteqrasiya və alternativ nəqliyyat-tranzit imkanlarının genişlənməsi baxımından müstəsna strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Özbəkistana baş tutan növbəti dövlət səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr geostrateji baxımdan böyük önəm daşıyan Şərq-Qərb ticarət dəhlizinin, xüsusilə Orta Dəhlizin inkişafında mühüm yer tutur.
"Enerji sahəsindəki əməkdaşlığın bünövrəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Doğrudur, həmin dövrdə kənar amillər səbəbindən müəyyən maneələr yaransa da, Prezident İlham Əliyevin və Özbəkistanın yeni rəhbərliyinin siyasi iradəsi nəticəsində bu sahədə münasibətlər yenidən aktuallaşmış və daha da zənginləşib.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Bu sahədəki əməkdaşlıqlarda iki ölkənin maraqları bir-birini tamamlayır. Özbəkistanın dənizə birbaşa çıxışının olmaması alternativ nəqliyyat marşrutlarının inkişafını onun üçün strateji məsələyə çevirir. Azərbaycan isə Xəzər dənizi üzərindən bağlantılar, müasir liman infrastrukturu və dəmir yolu şəbəkəsi vasitəsilə Mərkəzi Asiyanın Avropa və digər beynəlxalq bazarlarla əlaqələndirilməsində mühüm mövqeyə malikdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Orta Dəhlizin inkişafı Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən perspektivli istiqamətlərindən biridir. Çin və Mərkəzi Asiya istiqamətindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən keçərək Avropa bazarlarına çatdırılması həm Özbəkistanın ixrac imkanlarını genişləndirir, həm də Azərbaycanın tranzit potensialını artırır".
Deputat bildirib ki, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması məqsədilə Fəaliyyət Planının qəbul edilməsi tərəflərin iqtisadi əlaqələri daha yüksək səviyyəyə çıxarmaq niyyətinin göstəricisidir:
"Bu hədəf mövcud artım dinamikasının davam etdirilməsi ilə yanaşı, ticarət strukturunun genişləndirilməsini və yeni məhsul qruplarının qarşılıqlı bazarlara çıxarılmasını da nəzərdə tutur.
Ümumiyyətlə nəqliyyat imkanlarının inkişafı da iqtisadi-ticari əlaqələrin genişlənməsinə birbaşa təsir göstərir. Azərbaycan ilə Özbəkistan arasında yükdaşımaların artması və tranzit marşrutlarının şaxələndirilməsi iki ölkənin biznes subyektləri üçün yeni bazarlara çıxış imkanlarını genişləndirir. Bu istiqamət xüsusilə Orta Dəhlizin inkişafı fonunda daha böyük əhəmiyyət qazanır. Nəqliyyat əlaqələrinin inkişafı yalnız logistika xərclərinin azaldılması ilə məhdudlaşmır,o, həm də Azərbaycan və Özbəkistanın istehsal və ticarət potensialını daha geniş regional bazarlara çıxarmaq imkanlarını artırır", - deyə M.Cəfərov əlavə edib.