Modern.az

Çorum - qədim tarixin izlərini yaşadan şəhər

Çorum - qədim tarixin izlərini yaşadan şəhər

Mədəniyyət

Bu gün, 16:10

Qardaş Türkiyənin ən maraqlı tarixi bölgələrindən biri də Çorumdur. Qara dəniz bölgəsinin daxili hissəsində yerləşən bu şəhər minilliklərə söykənən tarixi ilə dünyanın ən qədim yaşayış məkanlarından biri hesab olunur. Çorum zəngin tarixi abidələri, muzeyləri və qədim şəhərləri ilə hər il minlərlə turisti cəlb edir.

Modern.az-ın məlumatına görə, Çorumun tarixi 3 min ildən çox dövrü əhatə edir. Bu torpaqlarda müxtəlif sivilizasiyalar yaşayıb və öz izlərini qoyub. Bu gün şəhərdə 300 minə yaxın insan yaşayır. Çorum həm də ilk insan məskənlərinin yerləşdiyi ərazilərdən biri kimi tanınır.

Şəhərin ən məşhur tarixi məkanlarından biri qədim Xet imperiyasının paytaxtı olmuş Hattuşadır. Çorum mərkəzindən 82 km məsafədə yerləşən bu şəhər eramızdan əvvəl XVII–XII əsrlərdə Xet dövlətinin paytaxtı olub. 1986-cı ildə Hattuşa UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Qədim şəhərin xarabalıqları arasında Aslan qapısı, Kral qapısı və Sfinks qapısı xüsusi diqqət çəkir. Hattuşa xarabalıqları ilk dəfə fransız arxeoloq Şarl Teksier tərəfindən aşkar edilib.


Hattuşaya yaxın yerləşən Yazılıkaya açıq hava məbədi də böyük tarixi əhəmiyyət daşıyır. Burada qayalar üzərində həkk olunmuş tanrı fiqurları Xet dövrünün ən qiymətli abidələri hesab edilir.

Çorumun digər məşhur tarixi məkanı Alacahöyükdür. Burada aparılan qazıntılar zamanı eramızdan əvvəl 5000-ci ilə aid izlər aşkar olunub. Alacahöyük Xet dövründə mühüm dini və mədəni mərkəz olub. Buradakı Sfinks qapısı və daş relyeflər qədim memarlığın ən gözəl nümunələrindəndir.

Şəhərdə yerləşən Çorum Muzeyi bölgənin zəngin tarixini əks etdirən ən önəmli mədəniyyət ocaqlarından biridir. Muzeydə Xet, Frigiya, Roma və Bizans dövrlərinə aid qiymətli eksponatlar sərgilənir.


Tarixi tikililər arasında Çorum Saat Qülləsi və Çorum Ulu Məscidi də xüsusi yer tutur. Saat qülləsi XIX əsrdə inşa olunub, Ulu Məscid isə Səlcuq dövrünün mühüm memarlıq nümunələrindəndir.

Bu gün Çorumun bütün tarixi abidələri dövlət tərəfindən qorunur. Şəhər daha çox tarixi turizm mərkəzi kimi tanınır. Yolunuz Çoruma düşsə, bu qədim şəhərin tarixi məkanlarını mütləq ziyarət edin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı