Müğənni Roza Zərgərli Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşü ətrafında yaranan müzakirələrə münasibət bildirib və yayılan görüntülərlə bağlı iddialara cavab verib.
Modern.az-a açıqlama verən sənətçi qeyd edib ki, bu, onun ölkə rəhbərliyi səviyyəsində şəxslərlə ilk görüşü deyil.
“Bu mənim ilk belə görüşüm deyil, bundan əvvəl də Özbəkistan və digər ölkələrdə ölkə rəhbərliyi səviyyəsində şəxslərlə görüşmüşəm”, – deyə o bildirib.
Roza Zərgərli sosial şəbəkələrdə yayılan görüntülərin süni intellekt vasitəsilə hazırlanması ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, görüşün əsas səbəbi Ramzan Kadırovun Azərbaycan musiqisinə verdiyi dəyər olub. O, Çeçenistan rəhbərinin musiqimizin vurğunu olduğunu əlavə edib.
Müğənni görüşün kim tərəfindən təşkil edilməsi və təşəbbüskarların kimliyi ilə bağlı danışmaq istəməyib.
“Hazırda Moskva aeroportundayam. İnstaqram hesabımda bununla bağlı paylaşım etmişdim, daha çox danışmaq istəmirəm. Bakıya gəldikdə müsahibə verə bilərəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, Roza Zərgərli özünün İnstaqram səhifəsində Ramzan Kadırovla çəkilmiş fotolarını paylaşaraq Çeçenistan Respublikasına və Ramzan Kadırova göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
Müğənni paylaşımında incəsənətə göstərilən dəstəyə və Azərbaycan musiqisinə olan marağa görə minnətdarlığını ifadə edib, həmçinin konsertin təşkilində əməyi keçənlərə və çeçen tamaşaçılarına təşəkkürünü bildirib.