Modern.az

Azərbaycanda dini turizm: Görməli olduğunuz 10 müqəddəs məkan - SİYAHI

Azərbaycanda dini turizm: Görməli olduğunuz 10 müqəddəs məkan - SİYAHI

Mədəniyyət

Bu gün, 13:23

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana dini məqsədlə 2 min xarici vətəndaş səfər edib. Ölkənin zəngin dini-mədəni irsi nəzərə alınanda bu rəqəm müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən turizm eksperti Samir Dübəndi bildirib ki, dini turizm Azərbaycanda hələ də rəqəmlərlə deyil, daha çox potensialla ölçülən sahədir.

Onun sözlərinə görə, 2025-ci ildə dini məqsədlə ölkəyə gələn təxminən 2 min turist real mənzərəni tam əks etdirmir.

"Bu göstərici daha çox səfər məqsədi rəsmi qaydada "dini ziyarət" kimi qeyd olunan turistləri əhatə edir. Halbuki bir çox xarici qonaq dini abidələri mədəni tur, tarix marşrutu, şəhər ekskursiyası və ya regional səfər çərçivəsində ziyarət edir. Ona görə də bu rəqəmi potensialın zəifliyi kimi yox, dini-mədəni irsin hələ tam turizm məhsuluna çevrilməməsi kimi qiymətləndirərdim".

Azərbaycan eyni vaxtda bir neçə dini irsi təqdim edə bilən nadir ölkələrdəndir

Ekspert bildirib ki, Azərbaycanın əsas üstünlüklərindən biri müxtəlif dinlərə və sivilizasiyalara aid irsi eyni marşrut daxilində təqdim etmək imkanına malik olmasıdır.

Onun sözlərinə görə, Bibiheybət və Təzəpir məscidləri, İçərişəhərin dini-mədəni irsi, Atəşgah məbədi, Şamaxı Cümə məscidi, Gəncə İmamzadə kompleksi, Şəkinin Kiş məbədi, Qəbələnin Nic qəsəbəsindəki Alban-Udi irsi, Qubanın Qırmızı Qəsəbəsi və sinaqoqları, eləcə də Naxçıvandakı Əshabi-Kəhf Azərbaycanın multikultural kimliyini əks etdirən güclü turizm marşrutu yarada bilər.

S. Dübəndi hesab edir ki, əsas məsələ bu abidələri sadəcə siyahı şəklində təqdim etmək deyil.

"Xarici turist üçün ziyarətgahın adı kifayət etmir. Ona tarix, izah, logistika, peşəkar bələdçi xidməti, çoxdilli məlumat, rahat giriş və müasir ziyarətçi infrastrukturu lazımdır. Dini turizm həm də həssas sahədir. Burada kommersiya yanaşması ilə mənəvi dəyər arasında balans qorunmalıdır".

Problem potensialda deyil, onun təqdimatındadır

Samir Dübəndinin sözlərinə görə, hazırda dini turizmin inkişafına mane olan əsas amillər beynəlxalq tanıtımın zəifliyi, hazır marşrutların azlığı, tematik bələdçilərin çatışmazlığı, çoxdilli informasiya sistemlərinin məhdudluğu və bəzi istiqamətlərdə infrastrukturun yetərincə inkişaf etməməsidir.

"Biz bu sahəyə yalnız ziyarət turizmi kimi deyil, dini-mədəni irs, tarix, memarlıq və tolerantlıq turizmi kimi baxmalıyıq. Azərbaycan dini turizmdə rəqəmləri artırmaq istəyirsə, ayrı-ayrı abidələri deyil, bütöv hekayəni beynəlxalq auditoriyaya təqdim etməlidir. Qədim inancdan İslama, Alban irsindən yəhudi mədəniyyətinə qədər uzanan Azərbaycan tolerantlığı hekayəsini".

Turizm eksperti Ceyhun Aşırov da bildirib ki, dini turizm ölkəyə gələn turistlərin maraq göstərdiyi istiqamətlərdən biridir.

Onun sözlərinə görə, turistlər ölkəyə hansı məqsədlə gəlmələrindən asılı olmayaraq, səfər zamanı digər turizm məhsullarından da istifadə edirlər.

"İnsanlar dini, tibbi, qastronomiya və ya işgüzar məqsədlə səfər etsələr də, boş vaxtlarında digər turizm obyektləri ilə tanış olur və müxtəlif xidmətlərdən yararlanırlar. Bu baxımdan dini turizm də ümumi turizm məhsulunun tərkib hissəsidir".

Halal turizm standartı turist məmnuniyyətini artırır

Ekspert xatırladıb ki, Azərbaycanda dini məqsədlə gələn turistlər üçün xidmət keyfiyyətinin artırılması məqsədilə halal turizm standartı da qəbul olunub.

"Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən halal turizm standartı qəbul edilib. Burada əsas məqsəd dini məqsədlə gələn turistlərə göstərilən xidmətlərin vahid standartlara uyğun təşkil olunması və turist məmnuniyyətinin artırılmasıdır".

Əsas maneələrdən biri yüksək nəqliyyat xərcləridir

Ceyhun Aşırov bildirib ki, vaxtilə İndoneziyadan Ümrə ziyarətinə gedən turistlərin marşrutuna Azərbaycanın da daxil edilməsi təşəbbüsü olsa da, bu layihə reallaşmayıb.

Onun fikrincə, bunun əsas səbəblərindən biri ölkəyə səfərin baha başa gəlməsidir.

"Turistlərin sayını artırmaq üçün müxtəlif turizm məhsulları təqdim etməliyik. Amma ilk növbədə ölkəyə gəlmək əlverişli olmalıdır. Əgər tur paketinin 40-45 faizini nəqliyyat xərcləri təşkil edirsə, bu, qiyməti ciddi şəkildə artırır. Dünyada turistlər daha sərfəli istiqamətlərə üstünlük verirlər. Azərbaycanda giriş-çıxış əsasən hava nəqliyyatı ilə həyata keçirilir və aviabiletlərin qiyməti qonşu ölkələrlə müqayisədə daha az rəqabətlidir. Bu da ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərir".
 

Sizə yeni x var
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR