Vaqif Poeziya Günləri çərçivəsində Şuşada keçirilən tədbirlər zəngin proqram və yeni layihələrlə davam edir.
Modern.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri ənənəyə uyğun olaraq bu il də Qazaxdan başlayıb və hazırda Şuşada davam edir:
“Bu gün Şuşada müxtəlif ədəbi və mədəni tədbirlər keçirilir. Hazırda “Sözün aşığı – Aşıq Ələsgər” tədbiri davam edir. Bir qədər sonra isə Xaqani Şirvaniyə həsr olunmuş növbəti proqram keçiriləcək. Bundan başqa, Mehmandarovların malikanəsində elmi konfrans təşkil olunacaq. Builki proqram əvvəlki illərdən daha zəngindir. İlk dəfə olaraq TÜRKSOY-la əməkdaşlıq çərçivəsində Mədəniyyət Nazirliyinin yeni layihəsi – türk dünyası ölkələrindən gələn gənc ədiblərin festivalı keçiriləcək. Festival Ağdam Muğam Mərkəzində baş tutacaq.
Şöbə müdiri əlavə edib ki, proqram çərçivəsində müxtəlif sənət kollektivlərinin hazırladığı tamaşalar da nümayiş etdiriləcək. Açıq havada təşkil olunacaq bu tədbirlərin həm Şuşa sakinləri, həm də şəhərin qonaqları üçün fərqli təcrübə olacağı gözlənilir".
V.Qurbanzadə bildirib ki, tədbirlər sabah axşamadək davam edəcək:
"Proqramda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, xüsusilə bu il yubileyi qeyd olunan ədiblərə həsr edilmiş xüsusi tədbirlər nəzərdə tutulub. Yubiley sahibləri ilə görüşlər və onların yaradıcılığına həsr olunan çıxışlar da keçiriləcək. Vaqif Poeziya Günlərinin zəngin proqramı dövlətin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və poeziyasına göstərdiyi yüksək diqqətin göstəricisidir. Şuşada keçirilən tədbirlərdə hər kəsin üzündə sevinc və qürur hissi görünür. Bu da Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın yaratdığı xüsusi ab-havadan irəli gəlir”.