Azərbaycanda bu il Xaqani Şirvaninin 900 illiyi başda olmaqla, bir sıra görkəmli ədiblərin yubileyləri və xatirə tədbirləri keçiriləcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi AMEA və AYB-nin birgə təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş elmi konfransda deyib.
O bildirib ki, il ərzində ölkədə ədəbiyyatla bağlı zəngin tədbirlər proqramı nəzərdə tutulub:
“Bu il maraqlı tədbirlər silsiləsi planlaşdırılıb. Azərbaycanda yubileyi qeyd olunan bir çox şairlərimizin xatirə günləri və tədbirləri keçirilir. Bu gün də Mehmandarovların Ev Muzeyində dahi klassik şairimiz Xaqani Şirvaniyə həsr olunmuş konfrans təşkil olunur. Maraqlı cəhət ondan ibarətdir ki, adət etdiyimiz rəsmi konfrans formatından fərqli olaraq, tədbir bərpa olunmuş bu gözəl ev muzeyində sərbəst atmosferdə keçiriləcək”.
Onun sözlərinə görə, qarşıdakı dövrdə Həsən bəy Zərdabinin xatirəsinə, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının yubileyinə və Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş tədbirlər də keçiriləcək.
AYB katibi vurğulayıb ki, Vaqif Poeziya Günləri artıq ölkədə keçirilən ən mühüm ədəbi hadisələrin toplandığı platformaya çevrilib:
“Vaqif Poeziya Günləri ölkədə baş verən bütün ədəbiyyat hadisələrinin bir növ mərkəzinə çevrilir. İl ərzində Azərbaycanda hansı əlamətdar yubiley və ədəbi hadisələr varsa, onların əksəriyyəti Vaqif Poeziya Günləri çərçivəsində də öz əksini tapır”.
İlqar Fəhmi xatırladıb ki, işğaldan sonra Prezident İlham Əliyevin imzaladığı ilk sərəncamlardan biri Xarıbülbül Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin bərpası ilə bağlı olub.
“Bu, çox əlamətdar hadisə idi. Həmin vaxt dövlət başçısının ilk sərəncamlarından biri məhz Xarıbülbül Festivalının və Vaqif Poeziya Günlərinin bərpası oldu. O vaxtdan bu tədbirlər hər il müxtəlif və rəngarəng proqramlarla keçirilir. Bu il də çoxsaylı maraqlı tədbirlər nəzərdə tutulub”.