Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4” filmi Azərbaycanda xarici film layihələri üçün tətbiq olunan “cash rebate” mexanizminin tətbiq edildiyi ilk film olacaq.
Modern.az ARKA-ya ünvanladığı sorğuya cavab olaraq xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda çəkilişlər zamanı sərf olunan və sənədlərlə təsdiqlənən xərclərin müəyyən hissəsinin istehsalçı şirkətə geri qaytarılması nəzərdə tutulur.
Geri ödəniləcək məbləğ filmin Azərbaycanda çəkilişləri zamanı çəkilmiş və müvafiq sənədlərlə təsdiqlənmiş xərclər əsasında hesablanacaq. Hazırda filmin istehsalçısı olan “Salem Entertainment” şirkəti Azərbaycanda çəkilişlər zamanı çəkdiyi xərcləri təsdiqləyən sənədləri hazırlayır.
Sənədlər Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) təqdim edildikdən sonra layihə üzrə müvafiq hesablamalar aparılacaq. Bundan sonra təsdiqlənmiş xərclərin 40 faizinin istehsalçı şirkətə geri qaytarılması nəzərdə tutulur.
Beləliklə, Ceki Çanın rol aldığı “Tanrının zirehi 4” filmi Azərbaycanda “cash rebate” mexanizminin tətbiq olunduğu ilk xarici film kimi tarixə düşəcək.
Nicat Rüstəm