Bir müddət əvvəl Bakıda "İctimai Etimadın Formalaşdırılmasında Medianın Rolu və İnformasiya Təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.
Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsi olub. Heç şübhəsiz, belə forumlar qarşılıqlı etimadın yaradılması üçün olduqca mühümdür.
Maraqlıdır ki, bəs növbəti mərhələdə Azərbaycan-Ermənistan-Gürcüstan birgə media forumu keçirilə bilərmi?
Bu barədə Modern.az-a danışan Gürcüstanın GeorgiaPress.org saytının baş redaktoru, erməniəsilli jurnalist Miranda Aqanezova bildirib ki, Azərbaycan-Ermənistan-Gürcüstan media forumunun keçirilməsi vacibdir.
"Jurnalistlərin sülh prosesində rolu xüsusilə də, Ermənistan və Azərbaycan xalqlarının uzun illərdir yaşadığı mürəkkəb və köklü münaqişə kontekstində kritik dərəcədə önəmlidir. Jurnalistlər təkcə informasiya körpüsü kimi deyil, həm də ədalət və sülhə can atan insanlar üçün müəyyən mənada dayaq və ümid mənbəyi olmalıdırlar. Buna görə də Azərbaycan-Ermənistan-Gürcüstan media forumunun keçirilməsini təkcə mümkün deyil, həm də vacib hesab edirəm. Yeri gəlmişkən, Azərbaycan-Gürcüstan media forumunu müsbət qiymətləndirirəm, çünki orada aktual məsələlər müzakirə olundu".
Azərbaycan liderinin çıxışlarını diqqətlə izlədiyini deyən jurnalist, media nümayəndələrinin mütəmadi görüşünün vacibliyini önə çəkib.
"İlham Əliyevin Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatı ümidvericidir. Bu, regional əlaqələrin normallaşması üçün mühüm addımdır. Bizim ölkələrin jurnalistləri də baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi komissiyaların iclasları kimi, mütəmadi olaraq görüşməlidirlər. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana çatdırılması da birgə üçtərəfli media forumunun keçirilməsinin nə qədər zəruri olduğuna daha bir sübutdur”.
Sonda erməni jurnalist bu ilin yayında təsadüfən Bakıya gəlməsindən və üzləşdiyi xoş münasibət barədə danışıb:
"Bu ilin yayında aviareysin dəyişdirilməsi səbəbindən təsadüfən Bakıda oldum. Mənə deyilənə görə, Paşinyan və Əliyevin görüşündən əvvəl Azərbaycan paytaxtına gələn ilk erməni soyadlı jurnalist olmuşam. Bəzi həmkarlarımın Bakıya uçmaqdan çəkinməklə bağlı məsləhətlərinə və səfərdən əvvəl yaşadığım qarışıq hisslərə baxmayaraq, hava limanında mənə olduqca səmimi münasibət göstərilməsinə təəccübləndim. Hətta şəhəri gəzməyim təklif olundu. Uşaqlardan ibarət gürcü nümayəndə heyətinin rəhbəri kimi mən də məktəblilərlə birlikdə Bakı ilə tanış olmağa qərar verdim. Erməni soyadlı olmağıma baxmayaraq, istər otellərdə, istərsə də küçədə mənə qarşı münasibət çox mehriban idi."