Modern.az

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”

9 Fevral 2012, 11:25

Adətən müsahibəyə hazırlaşanda müsahibimin haqqında ətraflı bilgi əldə etməyə çalışıram. “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcidlə müsahibə götürməzdən əvvəl vaxtım daha çox onun yazdıqlarını yox, haqqındakı tənqidləri oxumağa sərf olundu. Adamı nə qədər tənqid edərlərmiş...

- Niyə belə çox tənqid olunursunuz?

- Yazıçılar Birliyinin gənclər üzrə katibi seçiləndən sonra mənə qarşı müəyyən hücumlar da oldu, əleyhimə danışanlar da oldu... Bir neşə il sonra, 2008-ci ildə biz Gənc Ədiblər məktəbini yaratdıq və bu məktəbə də böyük maraq oldu. İstedadlı uşaqlara həm qəzetdə böyük yer verməyə başladıq, həm Yazıçılar Birliyinin xəttiylə onlar prezident təqaüdünə təqdim olundular, “Ulduz” jurnalında bir neçə dəfə yazılarını verdik, müxtəlif tədbirlərdə iştirak etdilər. Belə olan halda əlbəttə ki, bəzilərində qısqanclıq yarandı. Başladılar öz istedadsızlıqlarını, yaradıcılıqdakı uğursuzluqlarını Rəşad Məcidlə bağlamağa, bəziləri qruplaşdılar-filan... Bu da təbiidir. Bu, olan şeylərdir. Amma mən hər halda heç vaxt haqqı nahaqqa verən deyiləm. Mən bəyənmədiyim, zəhləm gedən adamın da yaxşı əsərini tərifləməkdən çəkinməmişəm. Bunu ictimaiyyət bilir. Dəfələrlə ən fərqli auditoriyalarda nümayiş elətdirmişəm bunu. Amma kimlərsə istedadsız əsərini təriflətmək istəyirsə, istedadsıza istedadlı dedizdirmək istəyirsə, bu mümkün deyil. Mənim istedadlı gənclərə yaratdığım özünə inam nəticəsində Azərbaycan ədəbiyyatına yeni bir nəsil gəlib. Bir neçə ildən sonra onlar Azərbaycan ədəbiyyatını layiqincə təmsil edəcəklər.

- Sizə qarşı yönələn tənqidlərdən biri də 47 yaşında YB-nin gənclər üzrə katibi olmağınızdır. Doğrudan da, bu post üçün yaşlı deyilsinizmi?

- Birincisi mən Yazıçılar Birliyinin katibi seçiləndə 40 yaşım var idi. Onda yaşıma hec bir irad bildirmirdilər. Katib olandan sonda da ən fərqli, yazıçılar birliyinə müxalif olan gənclərlə də işləməyə çalışmışam, onları da cəlb eləmək istəmişəm. Bir çox gənclərin ədəbiyyata gəlməsində mənim rolum olub. Mən bir necə nəsil yazarlar üçün meydan olmuşam. Birdə ki, bu tənqidlərin arxasında şəxsi qısqanclıq durur, ona görə fikir vermirəm.

- Niyə az yazırsınız?

- Gənclikdə daha çox şeirlər yazırdım. 15 il idi şeir yazmırdım. Sonra bir “Xilaskarım” şeirini yazdım. Ondan sonra 4 ay ərzində 200-dən çox şeir yazmışam. Hekayəm 2003-cü ildə çap olunub. Ondan sonra bir hekayə də yazmaq istəyirəm. Sadəcə olaraq mənim həyat tərzim imkan vermir ki, nəsrlə məşğul olum. İctimai işlərlə həddindən artıq məşğulam. Mən ədəbiyyata texniki iş kimi baxmıram, hər gün axşam oturum bir saat, iki saat yazım, belə yanaşmıram. Mən ədəbiyyata bir vəhy kimi yuxarıyla -  ilahiylə bir kontakt kimi baxıram, adi gündəlik iş kimi yox. Amma hər halda, proseslərə münasibətlərimi öz publisistik məqalələrimlə bildirirəm. Mənim yazılarıma da həmişə reaksiyalar çox olur. Az yazsam da, nəyin harda deyilməli olduğunu bilirəm və bir müsahibə ilə, bir açıqlama ilə və ya bir publisistik yazı ilə uzun müddət yaddaşlarda qala bilirəm.   

- “10 sentyabr” hekayənizdə sanki tələsiklik var...

- Nə mənada?

- Dramatizm, gərginlik çatmır. Axı söhbət böyük bir hadisədən əvvəlki gündən gedir...

- Sadəcə olaraq belə görünə bilər ki, çatmır. Bəziləri də mənə deyirdi ki, onun sonunda bəlli olmur, sonra nə baş verir. Mən onu qəsdən açıq qoymuşam. O hekayə barədə Elçin müəllim, Anar müəllim, Ramiz Rövşən, Seyran Səxavət dəyərli ziyalılarımız söz deyiblər, fikir bildiriblər və onların fikirləri çox dəqiq fikirlərdir. O hekayədə çoxlu fərqli məqamlar tapanlar olub. Müxtəlif fikirlər səslləndirənlər olub. Amma o hekayə 2003-cü ilin fevralında yazılmışdı. Qismən də bir taksi sürücüsünün mənə danışdığı söhbət əsasında yazılmışdı. Şübhəsiz ki, əlavələr etmişdim. O hekayədə antiamerika mövqeyi var. Mən o hekayəni yazanda Amerikanın İraqa müdaxiləsi gözlənilirdi və məndə dəlicəsinə bir ümid var idi ki, bunu yazmaqla müharibənin qarşısını alacam. Müharibənin iç üzünü göstərəcəm. Orda bir super dövlətin başqa ölkələrə münasibətdəki yekəxana, üstdən baxmaq mövqeyini göstərməyə çalışmışam. Bu məqamları da tutanlar olub.

- Axı niyə amerikalı onun çantasını tapıb qaytaran azərbaycanlı sürücüyə mütləq pul verməli idi? Bu elə bizim mentalitetimizdəki lazımsız bəndlərdən biridir ki, öz borcunu yerinə yetirən bir nəfərə məhz “pullu çox sağ ol” deyirik...

- Siz niyə elə düşünürsünüz ki? Verməli idi, əlbəttə verməli idi. Həm də bu məsələnin üst qatıdır. Onun içəri qatında isə o var ki, yəni sən gəlmisən burda yaşayırsan, amma burdakı insanların dərdindən xəbərsizsən. Böyük mənada götürəndə, ay Amerika sən gəlmisən ölkələrə, o ölkənin problemini, sadə adamın problemini bilmirsən. Biganəsən və son nəticədə də sentyabr hadisələri yaşanır. Sənin öz laqeydliyin, biganəliyin yaratdı o 11 sentyabrı. Bunu deməyə çalışmışam.

(Burada bir qədər də mübahisə edirik, amma rubrikamıza o qədər də aidiyyatı olmadığı üçün qeyd etmirəm)   

- İndi isə zəhmət olmasa, rubrikamızın ənənəvi suallarını cavablandırın. Böyüdüyünüz ailə haqqında danışın.

- Atam bank, sonra da ticarət işçisi olub. Ağdamda, Ağcabədidə ticarətə rəhbərlik edib. İndi də Allah canını sağ eləsin, yenə də davam edir fəaliyyətini. Mən orta məktəbdə oxuyanda Ağdamda işləyirdi. Uşaqlıqdan da bizim evdə kitab çox olub. Atam özü çoxlu şeir əzbər bilirdi, mütaliəli adam idi. Babam din xadimi olub, seyid olub. Uşaqlıqdan mən onun dini söhbətlərini dinləmişəm. Ola bilsin ki, bunların da mənim həyatımı müəyyənləşdirməyimdə rolu olub.
Anam evdar qadın olub. Bunun da bir üstünlüyü olub ki, bizə daha çox vaxt ayırıb, bağçaya getməmişəm. Agdamda Qastranomun yanındakı dördmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdıq. Binadakı uşaqlar bağcaya gedirdi. Mən isə bağçanı bəyənmirdim. İndi də düşünürəm ki, bu, insanı uşaqlıqdan cərcivəyə salmaqdı. Bəlkə də sonrakı həyatımda cərcivələrdən qaçmağımın bir səbəbı də məhz bu olub.
Valideynlərim istəyirdilər mən həkim, ya da iqtisadçı olum. Gördülər ki, ədəbiyyatçı olmaqda təkid edirəm, iradəmin ziddinə getmədilər. Evin böyük uşağı olmuşam. Məndən balaca bir bacım, iki qardaşım var. Orta məktəbdə pis oxumamışam.
Orta məktəbdə pis oxumamışam. 8-ci sinifi bitirəndə gəldim Bakıya fizika-riyaziyyat təmayüllü məktəbə. Riyaziyyatı yaxşı bilirdim. Amma burda başladım ədəbiyyata, şeirə maraq göstərməyə və jurnalistikaya daxil oldum.
Daha dəqiq desək, ədəbiyyata, jurnalistikaya yönəlməyim belə olub. Mən uşaqlıqdan 12-13 yaşlarından şeir yazırdım və saatlara məşhur şairlərin şeirlərini deyirdim. Bir dəfə Bakıdan Ağdama maşınla gedəndə maşında maqnitofon yox idi, bir az darıxdırıcı idi. Mən də onda doqquzuncu sinifdə oxuyurdum. Dedim, istəyirsinizsə, sizə şeir deyim, darıxmayasınız. Yevlaxa qədər dayanmadan şeir dedim. Atam həssas adamdı, kövrəldi. Ondan sonra məni dostuyla Hüseyn Arifin yanına göndərdi. Bir neçə şeirimi oxudum, Hüseyn Arif  bəyəndi. Beləliklə, mənim gələcək həyat yolum müəyyənləşdi.

- Siz haralısınız - ağdamlı, yoxsa ağcabədili?

- Mən həm laçınlı, həm agdamlı, həm də agcabədiliyəm. Nənəm Laçının Ağoğlan kəndində yaşayırdı. Uşaqlıqda hərdən o kəndə gedirdim. Kənd həyatıyla orda tanış olmuşdum. Amma orda da məni şəhərdən gəldiyimə görə cox sərbəst buraxmırdılar. Bir də Ağcabədinin Nizami kolxozunda bibim - mamamgil yaşayırdı. Onlara da getmişəm uşaqlıqda - alnımdakı çapıq da ordan qalıb. 

- Gənclikdə kumirləriniz olubmu?

- Kumirlərim yəqin ki olub. Bir gün gözümü açdım ki, o kumirlərimlə bir yerdə calışıram. Məsələn, Anar muəllımlə. Uşaqlıqdan şeır yazmağa başlayanda, sonra Bakıya gələndə özümü davamlı ədəbiyyata, jurnalistikaya həsr etməyə qərar verəndə, güman edirəm ki, arzularım haçansa baş redaktor olmaq, yaxud Yazıçılar Birliyinin katibi olmaq olardı. İkisinə də çatmısam.

- Bəs sədri necə?

- Sədri olmaq istəyim dəqiq yadımda deyil. (Gülür)

- Ağcabədilisiniz. Deyilənə görə, orda Hacı Qara adlı birisi həqiqətən də yaşayıb...

- Agcabədililər saf adamlardılar. Məncə mən xəsis deyiləm. Heç Hacı Qara da xəsis olmayıb.

- Sizcə kişilərin hansısa mərtəbəyə çatmasında qadının, yəni həyat yoldaşının rolu nə qıdərdir?

- Hər bir insanın, istər kişi olsun, istər qadın, uğur qazanmasında onun şəxsi həyatının yerində olmasının böyük rolu var. Amma bu məsələdə qadınların üzərinə daha çox yük düşür. Mənim həyat yoldaşım da bu barədə istisna deyil. Onu uşaqlıqdan tanımışam. Amma valideynlərimin təklifi ilə evlənmişəm. Narazı deyiləm. 3 oğul verib mənə. 4 kişiyə qulluq edir. Dördümüz də onu çox sevirik.

- Hiss edirsinizmi ki, ədəbiyyata yeni nəsil gəldikcə, siz “köhnəlirsiniz”?

- Qətiyyən! Mən ən təzə gəncdən də gəncəm! Ədəbiyyata yeni nəsli mən gətirmişəm!

- Qəzetiniz mətbuatın bu acınacaqlı günündə ayaq üstə dura bilib. Mətbuatın nüfuzdan düşdüyü bir vaxtda nüfuzunu saxlaya bilib. Bu, nəyin hesabınadır?

- Bu il “525-ci qəzet”in 20 illiyini kecirəcəyik. Mən fikirləşirəm ki, bu 20 illiyi bir qədər fərqli keçirək. Bax, 2002-ci ildə qəzetin 10 illiyini keçirəndə Azərbaycanda həm hakimiyyət, həm müxalifətdən olan ən fərqli təbəqələri, müstəqil insanları, fərqli insanları bir yerə toplamışdıq. Ondan sonra bizim dostlar öz qəzetlərində yazmışdılar ki, bunu ancaq “525-ci qəzet” edə bilərdi.
Mümkün dərəcədə çalışmışam ki, elə bir mövqe tutum, qəzet elə bir mövqedə dayansın ki, bu qəzetdə çıxış etmək heç bir insan üçün problemə çevrilməsin. Burda iqtidar nümayəndəsi də, müxalifət nümayəndələri də, nə iqtidar, nə müxalifət qəzetlərində çıxış etmək istəməyən müstəqil insanlar da özlərinə tribuna qazana bilsinlər. Və görünür bütün bunların nəticəsidir ki, “525-ci qəzet” nüfuzunu qoruyub saxlaya bilib.

- Amma deyirlər qəzetlə bağlı yuxarılardan tapşırıq var ki, başqa mətbuat orqanlarına açıq olmayan məmurlar, deputatlar belə sizə açıqdırlar.

- Hər halda bu münasibətin özünü də qazanmaq lazımdır. “525-ci qəzet” bunu qazanıb. Vaxt var idi, həmin insanlar bizə də etibar etmirdilər. Bildirirdilər ki, müstəqil qəzetlər bizim fikirlərimizi təhrif edir, qərəzli yanaşırlar və sair. Amma zaman keçdikcə, gördülər bizim mövqeyimiz qərəzsizdir. Dedikləri təhrif olunmur. Onları öz dürüstlüyümüzə, obyektivliyimizə inandıra bildik. Yavaş-yavaş bu münasibət formalaşdı bizə qarşı, Etibar elədilər bizə. Bundan başqa bir cəhət də var. O da bizim qəzetin nüfuzunu saxlamağa kömək edib. Bizim bir oxucumuz var. Masallıda yaşayır. Deyir, “525-ci qəzet” yeganə qəzetdur ki, mən onu oxuyanda təzyiqim qalxmır. Yəni biz fikir vermisinizsə, bütün informasiyaları sakit, təmkinli bir şəkildə catdırmağa çalışırıq...
Əlbəttə, qəzetin ağır günləri çox olub. Elə gecələr olub ki, mən sual qarşısında qalmışam. Səhərədək götür-qoy etmişəm qəzetin taleyini. Gücüm çatmayıb bunu iqtisadi cəhətdən davam etdirməyə. Müxtəlif vaxtlarda müxtəlif qərarlar qəbul etmişəm. İndi 20 illikdən baxanda hesab edirəm ki, nə etmişəmsə, düz etmişəm. Qəzeti qoruyub saxlamışam.






Qızılgül Abdinova

***
Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir