Modern.az

Eks-Baş prokuror Əli Ömərovun “Karyera”sı: “Ermənini söydüm, qapısını təpiklə vurub, çıxdım”

Eks-Baş prokuror Əli Ömərovun “Karyera”sı: “Ermənini söydüm, qapısını təpiklə vurub, çıxdım”

Müsahibə

5 Mart 2012, 09:11

Açığı, mən Əli Ömərovun belə sadə olduğunu təsəvvür etmirdim. Hələ ilk zəngimdəm mənimlə tam səmimi danışan Əli müəllim, bəzi tanınmışlar arasında yayılmış ilk dəfədən müsahibəyə razılaşmamaq şakərindən də uzaq durdu. Adımı, soyadımı, saytın adını soruşdu. Hələ bir, “Gəncədən döyülsən ki, ay qız” deyə doğmalıq da axtardı səsimdə. Elə həmin gün də görüşüb, müsahibə verdi. İndi bu müsahibəni oxuyarkən, ora ermənistanlıların ləhcəsini də əlavə etsəniz, söhbətin hansı şirinlikdə olduğunu təsəvvür edərsiniz.

Beləliklə, Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərovdur.

- Ucqar bir dağ kəndində doğulmuşam. Doğulduğum Amasya rayonunun Göllü kəndi Ermənistanın Sibiri adlanır. Orda iki metr yarım qar olur qışda. Dağlıq yerdir. Ancaq dağlar, daşlardır, düzənlikdir, meşəlik yoxdur. Səkkizinci sinfə qədər öz kəndimizdə, Göllü kəndində oxumuşam. Səkkizdən sonra 9-10-cu sinfi rayonda oxumuşam. Qışda nəqliyyat vasitəsi  işləmirdi. Ancaq tırtıllı traktorla getmək mümkün idi. Ona görə də xizəklə gedərdim məktəbə. Sinif yoldaşım Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov olub. Abel Məhərrəmovla paralel siniflərdə oxumuşuq. Orta məktəbi bitirəndən sonra sənədlərimi vermişəm Universitetin Hüquq fakültəsinə, qiyabi şəbəsinə.

- Valideynləriniz oxumuş adamlar olub, yoxsa?

- Atam çoban olub kənddə. Ailəmiz elə imkanlı olmayıb. Amma ziyalılıq təhsillə ölçülmür. Ziyalı insanın insanlığı ilə, xalqına, dövlətinə münasibətiylə ölçülür. Mən atamı dünyanın ən böyük ziyalısı hesab edirəm. Çünki o ömründə heç kimə bir dəfə də olsun pislik eləməyib. İmkanı çatan qədər hamıya əl tutub. Universitetə qəbul olunandan sonra 66-cı oldə kəndimizdə orta məktəb müəllimi işləmişəm. Ədəbiyyat, tarix, bir də erməni dili dərsini tədris eləmişəm. Universiteti 1972-ci ildə bitirəndən sonra hərbi xidmətə çağırılmışam. Hərbi xidmətə çağırılmamışdan qabaq Amasya rayonunda xalq drujinasının sədri, Müəssisədən Kənar Mühafizə İdarəsinin rəisi işləmişəm.

1973-cü ildə hərbi xidmətə getmişəm. Qayıdandan sonra da müəllim işləmişəm. Ermənistanın daxili işlər naziri söz vermişdi ki, məni müstəntiq təyin edəcək, etmədi. Mən də acıq eləmişəm, 1976-cı ildə gəlmişəm Bakıya. Azərbaycana gələndə o vaxtkı kənd təsərrüfat naziri var idi, Xəlilov, ona üz tutmuşam. Soruşub məndən ki, “oğlum orda maaşın nə qədərdir”. Demişəm “250, “vısokoqornı” verirlər. Yüksək dağlıq rayonu olduğuna görə”. Deyib, “bəs bu maaşı qoyub sən bu 110 manatla nə edəcəksən?”. Demişəm, “vallah, o erməni xislətindən qurtarmaq üçün 10 manat da versəniz, razıyam”. Allah ona rəhmət eləsin, çağırdı “otdelkadrı” dedi ki, Heyvandarlıq idarəsində hüquq məsləhətçisi vəzifəsinə əmrini ver.

Bir il Kənd Təsərrüfatı Nazırliyində hüquq məsləhətçisi işləmişəm. Əvvəllər yazırdım Respublika Prokurorluğuna ki, mənə bir iş verin. Hər dəfə cavab yazırdılar ki, “sizin üçün müvafiq heç bir işimiz yoxdur”. Axırda bir ərizə yazdım ki, “Azərbaycanın istənilən ucqar rayonuna məni göndərsəniz, gedərəm və erməni dilini də səlis bilirəm”. Bir gün işdən evə getdim ki, Respublika Prokurorluğundan bir məktub gəlib.Yoldaşıma dedim “niyə açmamısan, dedi “niyə açacam, onsuz da yenə yazacaqlar ki, işimiz yoxdur”. Məktubu açanda gözlərimə inanmadım. O vaxt Baş prokurorun müavini var idi - rəhmətlik Rəsulbəyov, onun imzasıyla gəlmişdi məktub. Məktubu oxuyanda dəhşətə gəldim, gördüm yazıblar ki, “bu məktubu alan kimi Respublika Prokurorluğunun Kadr idarəsinə gəlin”. Səhərisi sevinə-sevinə Kadr idarəsinə getdim. Katibəyə dedim ki, “deyin, Əli Ömərov gəlib”. Qız məruzə elədi. Rəsulbəyov dedi ki, beş dəqiqə otursun, gözləsin adam var, sonra qəbul edəcək. Oturub qəbul otağında gözləyəndə, gördüm ki, metr yarım boyu olan bir general gəldi, girdi bunun yanına. Bu içəri girən kimi Rəsulbəyov məni çağırtdırdı. Dedi ki, “Ömərov, bu, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokurorudur. Xaşatur Sumbatoviç Samvelovdur. Ərizədə yazırsan ki, ermənicə bilirəm. Hələ bir gətir kağız yaz görək, ermənicə yaza bilirsənmi?”.

Mən tərcümeyi -halımı ermənicə yazdım. Bu Samvelova verdi ki, “oxu, görək necə yazır?”. Gördüm, erməni bu kağızı tərsinə tutdu. Güldüm. Samvelov da güldü, dedi “mən ermənicə oxumaq bilmirəm”. Sonra başqa bir nəfəri çağırdılar o oxudu. Dedi, “mən İrəvan Dövlət Universitetini qurtarmışam, bu cür səlis və qramatik yaza bilmirəm”. Samvelov bunun yanından durdu, dedi, “ara, mən səni aparıram, Stepanakertə, dur getdik”. Dedim “a kişi, qoy bir gedim evə xəbər verim”. Dedi “yox”. Təsəvvür edirsiniz, evə də xəbər verə bilmədim.

Yasamalda qaldığımız kirayə evdə telefon da yox idi. Getdim. Evdən də narahat olublar ki, bu iki-üç gündü niyə gəlib çıxmadı. Hə, apardı məni Dağlıq Qarabağ Partiya Komitəsinin birinci katibi Boris Samveloviç Gevorkova təqdim elədi. Məni vilayət prokurorunun köməkcisi təyin elədilər. Sonra da maşın verdi mənə ki, “get köçünü gətir”. Gəldim Bakıya köçümü apardım. Dörd il keçmiş Stepanakertdə - Xankəndidə baş müstəntiq işlədim. İki il köməkçi, iki il də baş müstəntiq işlədim. Ondan sonra bir hadisə oldu, Gevorkovla dalaşdıq. 

- Nəyin üstündə?

- Şuşada bir aqronom var idi. Erməni qızı ona böhtan atmışdı ki, üzr istəyirəm, guya onu zorlayıb. Tutdurmaq istəyirdilər. Mən də istintaqda gördüm ki, bu oğlanın günahı yoxdur. İşi xətm elədim. Gevorkov mənim işimi Büroya çıxartdı. Orda dalaşdıq. Mübahisə əsnasında Gevorkov mənə sual verdi ki, “neçə yaşdı Azərbaycanda nikah yaşı”, mən dedim “18, bəzi hallarda 17 yaşdan da icazə verilir”. Dedi “elə bir qanun yoxdur!”. Dedim “var!”. Bütün büro üzvlərini qaldırdı ki, “elə bir qanun varmı?”, dedilər “yoxdur”.

Mənim prokurorumu da qaldırdı ki, “sluşay, est takoy zakon?”, bu da dedi “yoxdu!”. Mən dedim “var, o da sizə yaltaqlanır”. Dedi, “çıx bayıra, sən heç nə bilmirsən”. Dedim, “qanmaz özünsən”. Orda bir-birimizə nalayiq sözlər də dedik. Bunun qapısını təpiklə vurdum, çıxdım çölə. Onda vilayət prokurorluğuyla, vilayət məhkəməsinin “partkom”u idim həm də. Çıxdım, gözlədim prokuror çıxdı. Soruşdum, “belə qanun yoxdu?, dedi “var”. Dedim, “bə niyə demirdin orda?”. Dedi, “çto, ya protiv Boris Sarkisoviça budu qovorit?”. Dedim “bəs nətər ola bilər ki, siz qanunun əleyhinə danışırsınız?. Amma Sarkisovun əleyhinə danışa bilmirsiniz?”, orda bunu da bir az təhqir elədim, gəldim kabinetdə yığışdırdım dəftər-kitabımı. Evə zəng elədim ki, “mən bəlkə bir-iki ay evə gəlmədim”.

Fikirləşirdim ki, indi məni gəlib aparacaqlar. Çünki Gevorkov o zaman Azərbaycan Mərkəzi Komitəsinin Büro üzvlüyünə namizəd idi. Mən də buna çox pis söyüş eləmişdim. Gözləyirdim ki, mən gəlib aparacaqlar. Kabinetimdə oturmuşdum. Samvelov məni çağırdı ki, “gəl, səni Abas Taqiyeviç çağırır telefona. Respublika prokuroru”. Gəldim dedim “eşidirəm”. Dedi “nolub orda, sən niyə Gevorkovu təhqir eləmisən”. Dedim “o məni təhqir edib, mən də onun cavabını vermişəm”. Dedi “trubkanı ver Samvelova”. Samvelova tapşırdı ki, “sabah onu öz maşınınla göndər mənim yanıma”. Samvelov səhər tezdən məni maşınıyla göndərdi Respublika prokurorunun yanına. İşəri girdim ki, Respublika prokurorunun müavini, Kadr idarəsinin rəisi İlyas İsmayılov da onun yanındadır. Dedi “nolub”, sizə söylədiyim kimi buna da danışdım. Dedi “nolsun ey, indi deyib, deyib də. Sən də deyərdin yoxdur”. İlyas İsmayılov dedi “Abas Taqiyeviç, biz savadlı kadr yetişdirməliyik, mən Əli Ömərovu tanıyıram, çox savadlı oğlandı, əgər buna cəza verilməli olsa, onda mən də Respublika Prokurorluğundan çıxmaq istəyirəm”. “Udostovereniya”sını cıxartdı qoydu stolun üstünə. Dedi “biz öz kadrlarımızı yetişdirməliyik. İndi bir dığanın sözüylə biz Ömərova cəzamı verməliyik?”. Elə bu vaxt Abas Taqiyeviçin telefonu zəng çaldı. Telefonla danışdı, qoydu yerə dedi “bu nə qəribə adamdır. Gevorkov deyir ki, Əli Ömərova ancaq “povışeniya” vermək lazımdır. “Ponijeniya”ya mən razı deyiləm. Yüksək vəzifə verin, xarakteristikasını da özüm verəcəm. O qədər Büro üzvləri, hətta mənim vilayət prokurorum da məndən qorxaraq dedi ki, belə qanun yoxdu, amma o qanunu tapdalamadı, dedi belə bir qanun var. Çox prinsipial oğlandır. Onu hec vaxt cəzalandlrmaq olmaz. Yüksək bir vəzifəyə göndərin onu. Amma biz daha bir yerdə işləyə bilmərik. Mən çox təəsüflənirəm ki, bizim aramızda belə bir hadisə oldu”.

Yəni bunları Gevorkov telefonda Abbas Taqiyeviç Zamanova deyib. Onda məndən soruşdular ki, “hara getmək istəyirsən?”. Dedim ki, “Gəncəyə”, cünki anam, atam, valideynlərim Ermənistanda idi onda. Hələ qaçqınlıq olmamışdı. Məni göndərdilər Gəncəyə müstəntiq. Üç il də Gəncədə baş müstəntiq işlədim. Üç ildən sonda məni Gəncə nəqliyyat prokuroru təyin elədilər. İlyas İsmayılovun əmri ilə. On il Gəncədə nəqliyyat prokuroru işlədim. Eyni zamanda Ali Sovetin deputatı idim.

- Siz məşhur “91-lər”dənsiniz. Bu proses necə başlamışdı?

- Ayaz Mütəllibov hakimiyyətdən getdi. Xalq Cəbhəsi gəldi. Ölkədə doğurdan pis vəziyyət var idi. Mən bu məsələləri daha dərindən hiss edirdim. Proseslər idarəolunmazlığa gedirdi. Biz də bildiyiniz kim, “91-lər” yığışdıq Heydər Əliyevi dəvət etdik Bakıya ki, xalqın ona ehtiyacı var, gəlsin xilas etsin. O 91-lərin işərisində yeganə vəzifəli şəxs mən idim. Hamısı müəllim, akademik, professor idi. Yəni iqtidarda olan, iqtidara tabe olan adam yox idi. İqtidarda olan yeganə adam mən idim. Məntiqlə mən iqtidarı müdafiə etməliydim. Amma xalqın mənafeyi naminə düşündüm ki, Heydər Əliyev gəlib bu təhlükədən xilas edə bilər.

Beləliklə, mən prokuror ola-ola “91-lər”in siyahısına imza atdım. Bugünkü vəzifədə olanların çoxusu təəssüflər olsun ki, o müraciətə imza atmadılar. Qaçdılar ki, “bizim nə işimiz var, Heydər Əliyevi hakimiyyətə çağıraq”. Amma bu gün özlərini Heydə Əliyevçi kimi təqdim edirlər. Onlar saxtakar adamlardırlar. Elə oldu ki, Heydər Əliyev hakimiyyətə gəldi. Gəncədə məlum hadisələr baş verdi. Ona Gəncə qiyamı deyirlər. Mən heç vaxt belə adlandırmıram. Çünki Surət Hüseynov Gəncənin əhalisini bombardman eləməyə gələn hakimiyyət qoşunlarına qarşı mübarizə aparıb.  

(Ardı var)













Qızılgül Abdinova         

***

Həmçinin oxu:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/

Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/

Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/

İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/

Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/

Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/

Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
 

Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”
//modern.az/articles/21497/1/

Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ
//modern.az/articles/21554/1/ 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır