Modern.az

Cənub bölgəsinin deputatları: İrana yaxınlıq səbəbindən virusa yoluxma orada qeydə alınır”

Cənub bölgəsinin deputatları: “İrana yaxınlıq səbəbindən virusa yoluxma orada qeydə alınır”

24 Mart 2020, 16:59

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov koronavirusa yoluxma hallarının daha çox cənub zonasında qeydə alındığını bildirib.

V.Qasımov qeyd edib ki, xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları isə ölkə daxilində yoluxanlardır

Maraqlıdır, cənub bölgələrində vəziyyət necədir, insanlar arasında panika yaranıbmı?

Modern.az bu və digər suallarla cənub bölgələrindən seçilən deputatlara müraciət edib:

71 saylı Masallı kənd seçki dairəsindən deputat Anar İsgəndərov deyir ki, koronavirusa yoluxanlar Azərbaycan əhalisidir, tək cənub bölgəsinin əhalisi yox:


“Koronavirus ümumdünya fəlakətidir. Azərbaycan da bu fəlakətdən özünü qurtarmaq üçün dövlət səviyyəsində nə mümkündürsə onu da edir. Əminəm ki, hər şey, yəni bütün bu pronblemlər geridə qalacaq.  Birmənalı olaraq cənub bölgələrimiz İranla sərhəddir. İran da dünyada virusun yayılma tempi və ölənlərin sayına görə ilk beşlikdədir. Tək cənub bölgəsindən olanlar yox, ümumiyyətlə karantin altına alınanlar cənub bölgəsində yerləşdirilir. Bu mənada yoluxma daha çox cənubda qeydə alınır. Yoxsa ki, yerli əhali virusa yoluxub və cənub bölgəsində koronavirus daşıyıcısı daha çoxdur demək olmaz. Yoluxanlar Azərbaycan əhalisidir, cənub əhalisi yox. Cənub bölgəsindən seçilən bir deputat kimi bacardığım qədər çalışıram ki, əlimdən gələn köməkliyi edim, mümkün qədər çöldə az vaxt keçirərək insanlarla təmasdan çəkinim”.

 

Cənub bölgəsindən, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə deyir ki, sonuncu dəfə 4 gün əvvəl seçiciləri ilə görüşüb, hər şey qaydasındadır:

“Bu gün Azərbaycanda rayonda virus səbəbi ilə ajiotaj yoxdur. Çünki prezidentin verdiyi tapşırıqlar, Səhiyyə Nazirliyinin gördüyü işlər virusun ölkədə sürətlə yayılmasının qarşısını aldı. Cənubdan İranla bizim gediş-gəlişimiz var. İrandan gələnlər də ki, məcburdurlar 14 gün karantində qalsın. 500-600 nəfərin karantində qalması isə bir qədər problemlər yaradır. Məkan olaraq İrana yaxınlıqdan dolayı virusa yoluxanlar cənubda qeydə alınır. Sonuncu dəfə 4 gündən bundan əvvəl rayonda olmuşam. Amma gündəlik olaraq seçicilərimlə əlaqə saxlayıram, Lənkəran-Masallıda vəziyyət normaldır. Hər iki bölgədə insanlar arasında əvvəllər panika vardı. Amma sonradan həyata keçirilən işlər, Operativ Qərargahın qərarları, maarifləndirici çıxışlar insanları rahatlaşdırdı”.

68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat Elman Nəsirov Cəlilabadda yerli əhali arasında heç kimdə koronavirusun aşkarlanmadığını deyərək, insanların burda çox ciddi şəkildə karantin rejiminə əməl etdiyini bildirib:

“Ötən gün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da bildirdi ki, koronavirus əsasən xaricdən qayıdan azərbaycanlılarda qeydə alınıb. Bu baxımdan virusun aşkarlandığı 61 nəfərin çoxu başqa ölkələrdən Azərbaycana gələn vətəndaşlarımızdır. Buna görə də cənub bölgəsini “qaynar bölgə” kimi qeyd edib qırmızı xətlə işarələmək doğru olmaz. Cəlilabadda Mərkəzi Xəstəxana koronavirusdan müalicə alan şəxslər üçün ayrılıb. Rayonda bütün müvafiq addımlar atılıb və təhlükəsizlik tədbirləri görülüb. Cəlilabad əhalisi arasında tək bir nəfərdə olsun virus aşkarlanmayıb, insanlar arasında panika yoxdur. Artıq yaz fəsli daxil olub, insanlar təsərrüfat işlərinə daha çox vaxt ayrırırlar. Ən başlıcası isə yerli əhali karantin rejiminə ciddi əməl edir, hətta bayram vaxtı olmasına baxmayaraq insanlar bir-birləri ilə yaxın təmasdan çəkinir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi