Modern.az

İTBAŞI (5-ci bölüm)

İTBAŞI (5-ci bölüm)

6 İyun 2020, 11:08

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ)  

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 
 

Axşamdır. Qaranlıq düşür. Şah hərəmxanaya gəlib. Qızlar sıraya düzülüb, şəhvət dolu gözlərlə ona baxırlar. Göyverən Şah sıranın önündən keçərək hər qızın qarşısında dayanır. Başdan ayağa hamısını bir-bir süzür. Sıranın başına çatıb yenidən eyni minvalla geri qayıdır. Qəndabın üzünə baxıb, başını bulayır.

– Dağılışın, qızlar. Haydı hərə öz otağına, – deyə Qəndab hərəmlərə əmr edir. Sonra üzünü şaha tutub, – Şahım, xoşunuza gəlmədi?

– Yox. İstəmirəm. Hamam hazırdır?

– Bəli, şahım. Qızlardan kimisə çağırım?

– Yox. Lazım deyil. Özün tək çimizdir.

Qəndab şahı hamama salır. Sığallaya-sığallaya paltarını çıxarır. Sonra isti mərmər daşın üstünə uzadır. Kisələyir, sabunlayır. Çimib qurtarandan sonra şah üçün təzədəm kəklikotu çayı gətirir. Taxta uzanırlar. Qəndab şahı arxadan qucaqlayıb onun başını döşünün üstünə qoyur. Sinəsini, qarnını sığallamağa başlayır. Şah xumarlanır.

– Ay Qəndab, bu nədi boynundakı? Hər dəfə ətimə dəyəndə çimçişirəm.

– Xaçdır, şahım. Mən xaçpərəstəm axı.

– Çıxart onu. Hamamda da xaç taxarlar?

– Başüstə, şahım, çıxardaram. Amma şahım, xaçımız olmasaydı sənin qazilərin, mollaların bizləri çoxdan səngisərlik etmişdilər.

– Niyə ki?

– Sizin şəriət qanunlarının, zina məsələlərinin digər din sahiblərinə çox da dəxli yoxdur. Müsəlmanlar bizə nə etsələr də günah sayılmır. Mən ərə getdikdən sonra İslamı qəbul etmişdim, adımı da dəyişmişdim. Amma karvansarayı açandan sonra xaçı yenidən boynuma saldım. Yəqin ki, bilirsiniz. Bütün şahların hərəmxanası digər din mənsublarıdır. Elə sizin hərəmxananız da...

– Yaxşı, bax tutaq ki, xaçı çıxartdın, sonra yenə saldın. İndi də mən dedim çıxartdın. Fərqi nə oldu? Nə dəyişdi?

– Heç nə, şahım. Müsəlmanlar heç nə taxmır. Nə olur ki? Hər gələn bir qanun çıxarıb, ara yerdə biz bədbəxt olmuşuq.

– Bəs onda deyirdin ki, fərraşlar bizi səngisərlə qorxudur.

– Qorxutmaq niyə? Tətbiq də edə bilərdilər. Kimə və necə sübut edə biləcəkdim, mən xaçpərəstəm, yaxud da başqa dinin nümayəndəsi. Boynumda daşıdığım xaçlamı?

– Yaxşı. Ayrı şeylər danış. Bu bizlik deyil. Amma indi qızların da burda olsaydı nə olardı? Nəsə bu bakirələr heç cəlb eləmir də məni.

– Şahım, bu nə sözdür? Sən əmr elə. Sabahı gün tapdırım onları.

– Yox! İstəmirəm, Qəndab! Bircə sən bəsimsən, – şah gözlərini yumdu, – Qəndab, niyə mən başımı sənin sinənə qoyanda və sən məni belə qucaqlayanda rahatlıq tapıram, hə?

– Demişdim axı, süddən yanıqsan, – deyib Qəndab gülümsündü, – Şahım, gəl sənə bir məzəli əhvalat danışım.

– Danış.

Qəndab tərbiyəsiz bir lətifə danışır. Şah qəşş eləyib özündən gedir.

– Qəndab, qorxmursan mənimlə belə söhbətlər edirsən? Axı mən şaham.

– Şahım, mən deyib-gülməyi, həyatdan zövq almağı xoşlayıram. Bunu da ətrafımdakılara aşılayıram. Ona görə siz də mənim ağuşumda özünüzü yaxşı hiss edirsiniz. Şahım, indi özün de, hamamdan sonra yataqda dövlət işlərindən, müharibədən, əyanlardan sizə sual versəm xoşuna gələr?

– Yox.

– İnsan dincələndə gərək gülməli əhvalatlar danışasan. Unudasan ki, sən şahsan. Bir dənə hoqqamız çatmır. O da olsaydı, olardı əla.

– Əla yox. Əla-ül-əla.

– Deməli şahım hoqqanın nə olduğunu bilir. Məndə karvansarayda vardı. Bilsəydim gətirərdim özümlə.

– Dadını bilirəm. Amma icazə  vermərəm ki, saraya gətirəsən hoqqanı. Bircə nəşəmiz çatmırdı.

– Onda şahım tiryəkin həqiqətən də nə üçün olduğunu bilmir.

– Nəşələnmək üçündür də. Çəkirsən, özündən xəbərin olmur. Vəssalam. Burda başqa nə var ki?

– Xeyr, şahım. Gecə yatmamışdan qabaq hoqqadan iki qüllab vurursan və yuxuya gedirsən. O, insanın beynini yatızdırır. Qorxulu, qarışıq yuxular görmürsən, rahat yatırsan. Səhər isə beyninaçıq, gümrah yuxudan oyanırsan. Mənim nənəm-babam, atam-anam belə edərdi. Sonradan bunu tacirlər xeyirli alverə çevirdilər, camaatın uşaqlarını da bədbəxt elədilər. Cavan adam da hoqqa çəkər? Cavanın nə dərdi var ki, hələ bir onu unutsun da... Dərd qırx yaşdan sonra başlayır.

– Niyə qırxdan sonra?

– Belə rəvayət edirlər ki, Allah əvvəlcə insanı yaradır. Ona otuz il xoşbəxt ömür verir. Sonra Allah eşşəyi yaradır. Ona da otuz il ömür verərək bu müddətdə insana yük daşıyacağını, onu minəcəklərini, arxadan təpikləyəcəklərini... deyir. Eşşək ağlayıb yalvarır ki, bu cür otuz il yox, on beş il yaşasa bəsidir. Allah razılaşır. Onda insan eşşəkdən kəsdiyini onun ömrünə calamağı Allahdan xahiş edir. Sonra Allah iti yaradır. İtə otuz il ömür verir. Deyir ki, yaşadığın ömürdə sahibini qoruyacaqsan, evin artıq-urtuğunu, sür-sümük yeyəcəksən, boş-boş mırıldayacaqsan, ona-buna hürəcəksən, təpik yeyəcəksən. İt də it kimi otuz il yaşamaq istəmir. Deyir ki, on beş il bəsimdir. Onda insan itdən kəsdiyini onun ömrünə calamağı Allahdan xahiş edir. Sonra Allah meymunu yaradır. Ona da otuz il ömür verərək eybəcər sifətinin, bədəninin, boş-boş atılıb-düşməyinin hamının gülüşünə səbəb olacağını söyləyir. Meymun da otuz il bu cür gülünc həyatdan imtina edir. Deyir ki, on beş il bəsimdir. Onda insan meymundan kəsdiyini onun ömrünə calamağı Allahdan xahiş edir. Beləcə insan otuz il gözəl ömür sürür. Bu cavanlıq dövrünə aiddir. Sonra eşşək kimi çalışıb, işləyib var-dövlət yığır. Sonra it kimi bu var-dövləti qoruyur. Bir də görür ki, qocalıb, həyatı ötüb-keçib. Tükləri, dişləri tökülüb, üzü qırışıb, meymunluq edib nəvələrini güldürməkdən başqa əlindən bir iş gəlmir. “Qırx yaşdan sonra” deyəndə mən bu rəvayəti nəzərdə tuturdum.

– Yaxşı, varlananlar it kimi var-dövlətlərinin keşiyində dayanırlar, yaxına gələni hürüb qorxudurlar, qapırlar. Bəs axı hamı varlı deyil. Varlı olsun bir qism. Əksəriyyət kasıbdır axı.

– Şahım, kasıblar isə eşşək kimi işləyirlər, heç nəyə nail ola bilmirlər, bir həsir, bir də məmmədnəsirlikdən başqa. Hər şeydən əlləri çıxandan sonra başlayırlar varlının qarasına danışmağa, it kimi boş-boşuna hürürlər, mırıldanırlar bu varlılara. İmkanları olsa qapar, əlindəkilərini də alarlar. Belə olur da... Oğru, soyğunçu da kasıb sayılır axı. Amma bu çox az hallarda olur. Kötəklənib, otururlar yerlərində. Ən pis halda edam olunurlar. Bir də ki, misal var e... İt hürər karvan keçər.

– Ay Qəndab, gələk qırx yaşa. Axı mənim heç iyirmi beş yaşım da yoxdur. Onda niyə tiryək çəkməliyəm ki?

– Şahım, qırx yaşdan sonra insanın əlinə pul gəlir, mal-dövlət yiyəsi olur. Bunları itirməkdən qorxur. Yuxusu ərşə çəkilir. Gecə-gündüz narahat olur, gərgin olur. Bax tiryək o zaman köməyə gəlir. O da hərdən və gecə yatmamışdan qabaq iki qullab.  O ki qaldı sizin cavanlığınıza. Siz şahsınız. Bu boyda məmləkətin şahısınız. Hamıdan böyüksünüz. Hamıdan da varlısınız. Hərdən yuxunuz ərşə çəkilə bilər, hirslənə bilərsiniz. Şah da əsəbi olsa əlindən çox xətalar çıxa bilər, əzazil olar, düzgün qərar verə bilməz. Elə bilirsiniz ki, sizin əyanlarınız siz dediyiniz sözləri elə-belə udurlar? Yox. Hərdən hoqqa çəkməsələr öz başlarına hoqqa açarlar.

– Qəndab, sənin sözündən belə çıxır ki, məmləkətdə hamı tiryəkidir?

– Əsla, şahım, mən elə demədim. Kimin var-dövləti, qara günə yığımı varsa qorxur. Onu itirməkdən qorxur.  Ac-yalavac sürü nədən qorxacaq ki? Bax bu itirmək qorxusu məni gətirib saraya çıxartdı. Sizin kimi şaha baş hərəm etdi. Çünki fərraşlar varımı, karvansarayımı  əlimdən almaqla qorxudurdular.

– İndi hər şey ki, yaxşıdır. Onda niyə hoqqa yadına düşdü?

– Sizin üçün dedim, şahım. Ağuşumda bədəniniz dincəlir, hoqqa olsaydı ruhunuz da... Bu ikisi birlikdə dincələndə isə olursan anadangəlmə.

– Mənimçün elə belə də yaxşıdır.

– Düzünü siz bilirsiniz, şahım.

– Sən nələr bilirmişsən, Qəndab.

– Çox şey bilmirəm, şahım. Sadəcə kişilər ən çox nə istəyir, onu çox yaxşı bilirəm.

– Nəyi?

– Birincisi, təmənnasız qadın məhəbbətini.

– Mən eşitdiyimə görə təmənnasız qadın məhəbbətini uşağa yalnız ana verə bilər.

– Gördün? Özün də təsdiq etdin ki, süddən yanıqsan. Anan yəqin tez ölüb. Qadın məhəbbətindən tez məhrum olmusan. Ona görə də ağuşumda özünü rahat hiss edirsən.

– Bəs ikinci?

– İkinci, dadlı yeməyi. Yaxşı yarpaq dolması bişirmişəm. Yanında da camış qatığı.

– Yemirəm. Toxam.

– Özbaşına-zadsan ki, yeməyəsən? – deyib Qəndab gözlərini ağartdı. Yerindən durub qonşu otağa keçdi. Bir əlində küpə və masqura geri qayıtdı. Şahın yanında əyləşdi.

– Bu ki, pitidi. Bəs sən yarpaq dolması demirdin?

– Aç ağzını, – deyə Qəndab səsini qaldırdı, – insana da belə qiymət veririk. Paltarına baxıb içindəkinin nə olduğunu bilmirik. Rəhmətlik qayınanam yarpaq dolmasını balaca küpələrdə bişirirdi. Aç ağzını.

Göyverən sifətini turşutsa da, qeyri-ixtiyari ağzını açdı. Qəndab küpdən bir dənə dolma götürərək qatığa batırdı, sonra şahın ağzına qoydu.

– Dadlıdır. Amma soyuqdur. Yağı ağzımda donur.

– Gecənin bu yarısı harda qızdırım dolmanı? Hamı yatıb.

Şah üz-gözünü turşutsa da, dolmanı sonacan iştahla yedi.

– Bax, indi oldun mənim şahım.

Qəndabın bu sözündən sonra şah xoşallandı. Sanki böyük bir səfərdən zəfərlə geri qayıtmışdı.

– Mənə hələ bu günə qədər heç kim öz əliylə yemək verməmişdi. Qəndab, hərəmxanada olan bu qızlar sən bilən qədər niyə bilmir?

– Şahım, onların yaşında mən də çox şey bilmirdim. Çox bilmək üçün gərək çox kişiylə oturub-durasan. Bu bədbəxtlər kişi görüblər? İkincisi də ki, onların fikri-zikri yalnız sizin sevimli hərəminiz olmaq, sizdən oğlan uşağı – vəliəhd doğub, saray həyatlarını ölənəcən sürməkdir. Bir də ki, qızın buynuzları uşaq doğandan sonra çıxır. Çünki kişinin bacarmadığı tək budur. Mən isə bu şeylərə iddialı deyiləm. Heç baş hərəm də olmaq istəmirdim. Amma oldum. İnsanın bəxti gözəl olmalıdır. İstəməklə deyil ha... Şahım, heç soruşmursan bəs qadınlar nə istəyir? 

– Qəndab, soruşuram: bəs qadınlar nə istəyir?

– Qadınınkı qızıl-zinətdir. Yalnız bununla lovğalana bilir. Amma elə olur ki, lap bir sandıq qızılı olur, yenə narazıdır.

– Niyə?

– Çünki pulla öz adına artırılacaq sözləri almaq mümkün deyil.

– Hansı sözlərdir ki, bu.

– Xanın arvadı xanım, bəyin arvadı bəyim. Nə qədər qızılı olur olsun, ya xatun deyirlər, ya kəniz, ya da ki, qarı. Məsəlçün, mən bura gəlib çıxana qədər üç adım olub. Marqo, Qəndab, Şahgülü. İndi isə şahın baş hərəmiyəm. Amma Şahbanu çağrılmıram. Bu da müvəqqətidir. Günlərin bir günü şahım evlənəcək və Şahbanu məni buralardan ilim-ilim itirəcək. Olacağam yenidən Şahgülü. Şahım, bəlkə karvansarayı yenidən yaradım? Vallahi, bir-iki dəfə qonağım olsanız, bunu da aləm bilsə, müştəri əlindən yer tapılmaz orda.

– Yox, Qəndab, icazə vermirəm. Sən yalnız mənim olmalısan.

– Əmr edərsiniz, şahım. Amma saray maraqsızdır. Adam darıxır.

– Neyləyim ki, bəxtin gözəl çıxıb.

– Şahım, səni çimizdirdim, çay verdim, yedizdirdim. Yaxşı-yaxşı söhbətlər etdim. Başqa nə istəyirsən? – deyə Qəndab naz sata-sata soruşdu.

– Düz deyirsən. Gecə yarıdan keçib. İndi də məni sığalla, yatım, – deyə şah yatağına uzandı.

– Şahım, istəyirsən lap laylay da deyim.

– De, Qəndab, de.

Qəndab şahın yatağına girib, onun başını sinəsinə sıxır. Sol döşünün məməsini ağzına verir. Həzin-həzin oxumağa başlayır:

Lay-lay dedim yatasan

Qızılgülə batasan,

Qızılgülün içində

Şirin yuxu tapasan.

 

Lay-lay beşiyim, lay-lay

Evim-eşiyim, lay-lay.

Sən get şirin yuxuya

Çəkim keşiyin, lay-lay.

 

Ay lay-lay, gülüm lay-lay.

Gülüm-sünbülüm lay-lay.

Böyü, sənin sayəndə

Mən elə gülüm, lay-lay.

 

***

 

Səhər açılıb. Şahın otağı. Baş vəzir Qüdrət və baş xəzinədar Hətəm Göyverən Şahın hüzurunda dayanıblar.

– Hətəm, yəqin ki, xəbərin var. Məscidlərin, ehsan evlərinin tikintisi və sonrakı məsələləri şeyxin, ruhanilərin ixtiyarına verdim. Mollaxana, mədrəsələr də öz yerində. Bu gündən ora pul buraxmırsan.

– Başüstə, şahım.

– Sən gedə bilərsən. Qüdrət, nə xəbər var məmləkətdən?

– Şahım, Boşboğazlar və Ağzıcırıqlar məhəlləsi yaman fəallaşıb. Ağızlarını Allah yolunda qoyublar. Bir tədbir görmək lazımdır.

– Gör də... Nə durmusan? Səlahiyyətin yoxdur ki? Hər şeyi sənə həvalə etməmişəmmi?

– Ömrün uzun olsun, şahım. Amma bu işlərə vəkil baxmalıdır. Bu dinsizlərin öhdəsindən ancaq imansız vəkil gələ bilər.

– Yaxşı, əvvəlcə de görüm nə danışırlar?

– Cürət etmirəm, şahım.

– De! İcazə verirəm!

– Şahım, deyirlər ki, Göyverən Şahdan şah çıxmaz. O lap uşaqmış ki... Heyf Həqqi Şahdan ona qalan taxt-taca... Əvvəl başladı kükrəməyə, qan tökməyə, baş kəsməyə, zalimi incitməyə, kasıbın tərəfini tutmağa. İndi isə tüpürdüklərini yalaya-yalaya geri qayıdır. İşi bacarmadığından hakimiyyəti yenidən baş vəzirə həvalə edib. Yalançı adlandırdığı məscidin, ədalətinə inanmadığı hakimlərin, qazilərin səlahiyyətlərini özlərinə qaytarıb. Özünü də verib hərəmxanaya kef edir. Camaat da qalıb başlı-başına.

– Bunu rəiyyətim deyir?

– Xeyr, şahım, onların nə işinə şah nə edir, nə etmir, sarayda nə baş verir, nə baş vermir. Bu, Boşboğazlar və Ağzıcırıqlar məhəlləsinin iftirasıdır. Əllərindən bundan başqa heç nə gəlmir. Boşboğazlar deyir, ağzıcırıqlar da bu sözləri xalq arasında yayırlar.  Ən çox danışanı da Lərzan adlı birisidir. Kargüzar işləyir.

– Deməli bunların hamısı əhəmiyyətsiz bir şeydir. Qoy nə qədər danışırlar danışsınlar.

– Düzünü siz bilirsiniz, şahım.

– Ən çox danışanın adı nə oldu?

– Lərzan, şahım.

– Deməli, Lərzan. Yaxşı. Nə təklif edirsən?

– Şahım Ağzıcırıqlar məhəlləsindən Barantayı məsləhət görmüşdüm vəkilliyə. Amma belə görürəm o da bacarmayacaq. Bir dəfəlik Evyıxanlar məhəlləsinin ağsaqqalı Qaplanı vəkil təyin edək. Onun Ağzıcırıqlar məhəlləsində də böyük hörməti var.

– Bəs boşboğazları necə edək?

– Evyıxanlar ağzıcırıqları özlərinə işlədib boşboğazların da öhdəsindən asanlıqla gələcəklər. Öhdəsindən gələ bilmədiklərinin isə dillərini dibindən kəsəcəklər.

– Qüdrət, bəsdir qan tökdük. Vallah belə getsə məmləkətdə ağzı-burnu-qulağı yerində olan bir adam qalmayacaq. Qulaq kəsdik, sonunu gördük. İndi də başlayaq dil kəsməyə?

– Şahım, mən məcazi mənada dedim. Kimin nə haqqıdır ki, qəməsini götürüb ağızdakı dili kəsə. Amma xalqın dilini məcazi mənada kəsmək, əsil mənada kəsməkdən çox çətindir. Bir danışanın da dilini kəsməyəndə o birilər düşünür ki, elə belə də olmalıdır.  Aqillər əbəs yerə deməyib ki, yüz yeyənin olsun, bir deyənin olmasın.

– Bütün dövrlərdə olub belələri. Onda gərək dərvişlərin də dilini kəsib, aləmdə biabır olaq.

– Dərvişlərin o baxımdan ağzını bağlamışam. Yalnız şeir, qəsidə deyirlər.

– Necə bağlamısan?

– Şahım, dərvişlər bir dövlətdə olanları digərlərinə yayandırlar. Onları şah yox, məmləkətdəki vəziyyət, xoş güzəran maraqlandırır. Məmləkət nə qədər varlıdırsa, onların xurcunları da bir o qədər çox dolur. Onlara özüm nəzarət edirəm. Karvansaraylara, yeməkxanalara tapşırmışam ki, yeməyin yaxşısını versinlər onlara, pul da almasınlar. Heç qəsidə də oxutdurmasınlar. Xurcunlarını da ağzınacan doldursunlar.  Dərvişlər də gedib bizi hər yerdə tərifləyirlər. Tacirlər, əcnəbilər axışıb gəlməkdədir paytaxta. Düzdü, karvansaraylar çatışmır. Onu da yoluna qoyuruq. Amma, şahım, istənilən halda ağıllı vəkilə ehtiyac duyulur.

– Birrəng bilirsən də necə elədi? Əvvəlcə həqiqətdə qulaq kəsdi, sonra məcazi mənaya keçdi. İndi sənin bu vəkilin də məcazidə başlayacaq, həqiqi mənada bitirəcək. Nə deyirəm ki, çağır Qaplanı Divana. Nə vaxtsa lazım olar.

– Başüstə, şahım.

– Qüdrət, səndən bir şey soruşum.

– Əmr edərsiniz, şahım.

– Bu dünyada əmr verməkdən asan şey var?

– Şahım, ağıllı əmr verməkdən çətin şey yoxdur.

– Deməli, əmr vermək asandır, ağıllı əmr vermək çətin.

– Şahım, daha doğrusu şah heç əmr də verməməlidir. Saray əyanları o qədər ağıllı olmalıdır ki, öz işlərini o qədər ağılla görməlidirlər ki, şahın əmr verməsinə ehtiyac duyulmasın. Şah rəmzdir. Şah biz əyanların üzərində gözə görünməyən müqəddəs varlıqdır. Yeri gələndə qılıncdır.

– Bəs onda bu xalq niyə məni sevmir? Sizləri incidirəm, qətlə yetirirəm ağzın büzür, üzümü sizə tərəf çevirirəm, yenə narazıdır.

– Şahım, qullarının təfəkkürü onun cibinin dərinliyi qədərdir. Əgər ki, o da varsa. Ağlı isə cibinin boş və ya dolu olmasıyla ölçülür. Əgər pul kisəsi doludursa, elə bilir ki, ağlı çoxdur. Hamı da ona böyük adam kimi baxır. Əgər cibi boşdursa bunu haqsızlıq kimi qələmə verərək, cibi dolulara tərəf hürməyə başlayır.

– Qüdrət, mən istəyirəm ki, hamının cibi dolmasa da, heç olmasa qarnı ac olmasın. Bir tikə çörəyə möhtac qalmasın. Mən isə öləndən sonra ədalətli şah kimi tarixdə qalım.

– Şahım, mən sizinlə tam razı. Sağ olun ki, siz bu arzularınızı yerinə yetirməyi mənə həvalə etmisiniz. Mənə inanmısınız. Bir il keçər, məmləkəti tanımarsınız. O ki, qaldı xalqın yadında qalmağa... Şahım, xalq adətən əzazil və zalım şahları yadında saxlayır. Yaxşını isə tez unudur. Şairlər də həmişə  məhz belə başkəsən fatehləri vəsf ediblər. Heç görün məmləkətdə bir dənə də şairin səsi çıxır? Hamısının qələmini qırmısınız şahlığınızla.

– Necə?

– Necə vəsf etsinlər ki? Yaxına buraxmırsınız onları. Ənam vermirsiniz, kəniz bağışlamırsınız. Adama yaxşılıq etməlisən ki, o da ruhlanıb şeir yazsın da... Pisliyinizə də yaza bilmirlər.

– Deməli, belə şeylər də var?

– Şahım, xəzinəniz aşıb-daşır. Dövlətiniz bundan da qat-qat artıq olacaq. Ondan sonra görəcəksiniz bu insanların içüzlərini. Öskürəndə də gəlib sizdən icazə istəyəcəklər. Sadəcə, mənə inanın.

– Bundan artıq nə istəyirsən ki, Qüdrət! Baş vəzirdən böyük mənsəbmi var məmləkətdə? Onu da vermişəm sənə. Həyata keçir arzularını.

– Şahım, böyük işlərə başlamışam əmrinizlə. Amma işimə qarışanlar da var.

– Kimdir sənin işinə qarışanlar?

– Məsəlçün, Aslan. Göyverən valiliyindən xəbər gəldi ki, baş mühafiz qalanı boşaldır. Əhalini və valiliyi ətraf kəndlərə köçürür. Dürəngə də sizin əmrinizi çatdırıb ki, yalnız ona tabe olmalıdır. O da paytaxta məktub göndərib ki, gördüyü bərpa işlərinin hamısı məhv olur. Məndən kömək istəyir.

– Yaxşı, Aslan qayıdar, birlikdə həll edərik. O qədər başqa valilik var ki... Gör də işlərini. Amma sənə demişəm, yenə də deyirəm. Bütün valilər birbaşa sənə tabedirlər. Onları sən idarə edirsən. Bircə o qalanı yaddan çıxart. Orayla bağlı başqa fikrim var. Amma bu yaşda başa düşdüyün yeganə şeyi yaddan çıxartma!

– Heç vaxt yaddan çıxartmaram, başım çəkib. “Xalqı ağ günə çıxartmaq üçün, qara günə yığdığını gərək əlindən alasan”.

– Afərin! Get!

 

***

 

Saray. Şah taxtında oturub. Saray əyanları qarşısında dik durublar. Baş vəzir Qüdrət:

– Şahım, əmr etdiyiniz kimi, Evyıxanlar məhəlləsindən Qaplan burdadır. Qəbulunuzu gözləyir.

– Çağır!

Mühafizlər qapını açırlar. Orta yaşlı bəstəboy kişi otağa daxil olub şaha təzim edir.

– Deməli Qaplan. Nə qəribə adın var? İkili məna verir: Yırtıcı heyvan və ya cəsarətli, igid insan. Sən hansındansan, Qaplan?

– Üzr istəyirəm, şahım, bilmirəm. Bircə onu bilirəm ki, babamın adını qoyublar mənə.

– Eyib etməz. Hər ikisi qəbuldur vəkil mənsəbində. Qaplan, bu gündən səni vəkil təyin edirəm.

Aslan bunu eşidən kimi irəli keçdi. Vəkil əbasını Qaplanın çiyninə saldı.

– Hələlik əyanların sırasında yerin baş vəzir Qüdrətdən sonra olacaq. Çünki ikinci vəzirim, keçmiş vəkil Fərmana qeyri işlər tapşırdığıma görə əyalətdədir.

– Ömrün uzun olsun, şahım, – deyib vəkil Qaplan diz çöküb şahın əbasının ətəyindən öpdü. Sonra sırada yerini tutdu.

– Aslan, əyanlara təyin etdiyin iki mühafiz məsələsini xətm elə. İstəsələr öz ciblərinin puluyla mühafiz saxlasınlar.

– Başüstə, şahım.

– Yaxşı, gedin! – deyə şah əmr etdi, – Vəkil Qaplan, sən isə qal!

Hamı otaqdan çıxır. Şah Qaplana:

– Qaplan, səndən bir söz soruşum.

– Əmr edərsiz, şahım.

– Boşboğazlar, Ağzıcırıqlar və Evyıxanlar məhəllələri – bunlardan hansı güclü sayılır?

– Üçü də, şahım.

– Bəs saray üçün hansı daha önəmlidir?

– Evyıxanlar məhəlləsi.

– Bəs onda niyə bu vaxta qədər sarayda sizlərdən heç kim mənsəb almayıb?

– Çünki sarayı Həqqi Şah yox, baş vəzir Qurban idarə edirdi.

– Sözündən belə çıxır ki, indi sarayı mən idarə edirəm, eləmi?

Qaplan tutuldu. Az qalmışdı çaşıb desin ki, Həqqi Şah məmləkəti idarə edirdi, sarayı baş vəzirə tapşırmışdı. İndi isə əksinədir. Sarayı siz idarə edirsiniz, məmləkəti isə baş vəzirə tapşırmısınız. Amma özünü güclə saxladı.

– Şahlar şahı heç kimə inanmadığından bütün yükü öz çiyninə götürüb. Baş vəzir Qüdrət də məni məsləhət gördü ki, yükün az hissəsini çəkməkdə sizə qul olum.

Şah taxtına yayxandı. Bu söz ləzzət eləmişdi ona.

– Qaplan, bayaq dedin ki, hər üç məhəllə güclüdür. Əsaslandır fikrini. Niyə?

– Şahım, güclüdür deyəndə ki... bunlar hər üçü bir-birini tamamlayır. Bunlardan biri olmasa, heç bir gücləri olmaz. Amma bu üçündən ən zəifi Boşboğazlar məhəlləsidir.

– Bəs onda Qüdrət niyə onların cəzalandırılmasını istəyir? Xüsusilə də Lərzanın.

– Şahım, həyətə niyə hasar çəkirik, niyə darvaza qoyuruq? Oğru gələndə onsuz da hasarı aşıb keçir, lazım olsa qapını da sındırır. Biz də oğrunu tutub, cəzalandırırıq. Lərzan da artıq hasarın başına çıxıb, sərhədi keçmək istəyir. Yəqin ona görə baş vəzir həzrətləri bunu sizə tövsiyə edib.

– Hasar, darvaza dedin. Axı gözətçi, mühafiz deyilən adamlar da var.

– Düz buyurursunuz, şahım. Məhz buna görə baş vəzir məni sizə məsləhət görüb. Mən cızığını keçənləri, həddini aşanları aşkar etmək üçünəm.

– Yox. Sən nəyisə məndən gizlədirsən. Ətraflı izah elə. Sən sarayın vəkilisən. Axı sən məni kimdən müdafiə edəcəksən?

– Hamıdan.

– Bəs onda mühafiz, ordu, fərraşlar nəyə lazımdır?

– Onlar sizi silahlı gücdən mühafizə edirlər, mən isə gözəgörünməyən təsirlərdən.

– Gözəgörünməzdisə, onda mənə nə edə bilər ki?

– Şahım, bu gözəgörünməzlər beyinləri zəhərləməklə məşğuldurlar.

– Məsəlçün.

– Məsələn: bu yaxında qonşu dövlət bizə müharibə elan etmədən hücuma keçdi. Üç valiliyimizi viran qoydu. Siz də düşmənin cavabını lazımınca verdiniz. Şahını, baş vəzirini edam etdirdiniz. Torpağını torpağımıza qatdınız ki, o birilərə görk olsun. İtkilərimiz oldu. Təbiidir. Müharibədə itki olar da... Amma Boşboğazlar əhli nə danışır? Deyirlər ki, Göyverən Şah öz xəzinəsini doldurmaq üçün əhalini qırğına verdi, ailələri başsız, arvadları dul, uşaqları yetim qoydu. O qədər pula hərisdir ki, şəhid ailələrinə kəsdiyi aylığı da ləğv etdi. İndi viran qalan üç valiliyi ikinci vəzir Fərmanın, adını qoyduğu Göyverən valiliyini isə əyan Dürəngin cibinin puluna bərpa elətdirir. Onlar da hərif deyil ki, öz cibindən xərcləsin. Xalqı talan etməklə iş görürlər. İndi, şahım, siz özünüz deyin, bu iftiradır ya yox? Bu xalqı öz şahından narazı salmaqdır, ya yox? Bu sözləri öz məhəllələrində danışmırlar. Hərə öz çalışdığı işdə-gücdə ağzını qoyur Allah yoluna.

– Bəs əvvəllər yox idilər ki, belələri?

– Var idilər, şahım. Amma onda məscid əsas sözə malik idi. Qara camaat şeyxə, axunda, mollaya qulaq asırdı, yalnız onlara inanırdı. Müharibədən sonra onların da sözünün kəsəri qalmayıb. Düzü heç məscidə gedən də yoxdur ki, hələ bir axunda, mollaya qulaq assın da... Onlara boşboğazların qurub-quraşdırdığı, ağzıcırıqların yaydığı xəbərlərə qulaq asmaq, vaizin minbərdən dediklərini eşitməkdən irəlidir. Bax bu, çox təhlükəlidir.

– Bəs fərraşlar necə? Mən bildiyim qədər əhali əsasən fərraşlardan çox narazıdır.

– Fərraşlar sadəcə buyruq quludurlar, şahım. Onları pis-pis yollara yönəldən isə biz evyıxanlarıq. Bizə isə xəbəri boşboğazlarla ağzıcırıqlar verir. Fərraşlar olmasa biz də ac qalarıq, ağzıcırıqlar da...

– Bəs boşboğazlar?

– Onlar elə əzəldən acdırlar. Boş-boş danışmağı bilirlər. Onun-bunun bostanına daş atmaqla elə bilirlər ki, cibləri dolacaq. Day demirlər ki, bir az baş işlədim, gedim çox çalışım, dövlətimə vergi verim. Təbii ki, qazancım da artsın.

– Əgər bu boşboğazlardan belə xeyir görürsünüzsə, onda niyə Evyıxanlar məhəlləsinin başçısı kimi onların pisliyini istəyirsən?

– Şahım, əvvəllər saray üçün xatalı deyildilər. Ara söhbəti edib bizləri, fərraşları dolandırırdılar. Ərz etdiyim kimi məscid, din xadimləri söz sahibiydilər. Xalq öz məscidinə sözsüz itaət edirdi. İndi vəziyyət dəyişib. Bunların sözünün mübtədası da, xəbəri də şahdır. Bunlar xalqı itaətsizliyə, öz haqlarını tələb etməyə çağırırlar. Bunun da sonu üsyandır.

– O hal üçün ordu var, saray mühafizləri var.

– Şahım, düz buyurursunuz. Amma onun xalqa nə xeyri var ki? Əzilən, döyülən, ölən elə ayağa qalxan xalq olacaq. Bu qurunun oduna biz yaşlar da yanacağıq.

– Axı udan xalqlar da olub tarixdə.

– Xalq heç vaxt udmayıb. Udan onları ayağa qaldıran, bunun üçün şərait yaradan saray əhli olub. Onlar da sonucda ayağa qalxanları, onlara bu yolda kömək edənləri qılıncdan keçiriblər.

– Yaxşı, məsləhətin nədir?

– Boşboğazlar məhəlləsinin başçısı Lərzan cızığını çox keçib. Onu zindana salmaq lazımdır ki, odun üstünə bir az su çilənsin.

– Onda səni neyləyirəm ki? Özün qarşısını al! Susdur! Susmasa...

– Başüstə, şahım.

– Gedə bilərsən! Aslan!

Aslan içəri girib təzim edir:

– Aslan, hazırlaş! Sabah İtbaşını ziyarətə gedirik!

– Əmr edərsiniz, şahım.

 

***

 

Baş vəzir Qüdrətin evi. Əyanlar dövrə vurub oturublar. Qüdrət onlara ani bir nəzər salır. Fikrə dalır: həəə... dünyanın işindən doğrudan da baş açmaq mümkün deyil. Baxıram bu əyanlara – baş vəzir Qurban yox, Birrəng yox, Fərman, Dürəng “sürgün”də, Loğman Allah bilir harda, vəzir Bədrəngi zəhərlədilər. Köhnələrdən əsas mən qalmışam, bir də ki, Hətəm. Bu qalan isə demək olar ki, uşaq-muşaqdır. Nə desəm, onu da eləyəcəklər. Ən çox Göyverənin əleyhinə danışan, onu yalın əllə parçalamağa hazır olan mən idim, amma indi... Əslində elə birinci məndən başlamalıydı. Başladı da... amma öldürtmədi. Əlimdəkiləri aldı. Niyə aldığını bilmirəm. Amma onu bilirəm ki, “su gələn arxa bir də gələr” məsəli doğrudur. Əsas odur ki, şahın nə istədiyini bilirəm. Sağ olsun Qurbanla Birrəng – bunu üzə çıxartdılar.

– Əyanlar, sizi bura yığmaqda məqsəd bir balaca şadyanalıq etməkdir. Çünki dövlət müharibədən sonra yavaş-yavaş özünə gəlir, tacirlər qayıdır, yeni karvansaraylar tikilib və tikilməkdədir. Amma həm də sizə çatdırılacaq vacib sözlərim var. Bu gündən bir nəfər belə məndən xəbərsiz iş görməyəcək, mənim xəbərim olmadan heç kim şahın hüzuruna getməyəcək. Özü çağırsa belə, birinci mənə deməlisiniz. Şahımıza qarşı hər hansı bir xəyanəti xəyalından belə keçirənin boynunu özüm vuracağam. Bundan sonra necə istəyirsiz, nə tövr istəyirsiz edin bilmirəm – xəzinəyə qızıl axmalıdır. Göyverən Şahımız sizin işinizin – o cümlədən mənim də – səviyyəsini yığıb gətirdiyiniz qızılın miqdarıyla ölçəcək.

– Bir də sədaqətli olmağımızla, – deyə əyanlardan biri dilləndi.

– Kəs səsini, axmaq! Axı sizin ağzınız nədir ki, sədaqətli olmayasınız, hə? Bir də ki, sədaqətli olmayıb nə qələt eləyəcəksiniz? Sizi elə bir günə qoyarlar ki, heç ölünüz də tapılmaz. Bir də... əgər hər sədaqətli adam sizin layiq görüldüyünüz mənsəbə gətirilsəydi, onda məmləkətdə daş atsaydın gedib əyana dəyərdi.

– Baş vəzir həzrətləri, necə əldə edək dediyiniz qızılı, hardan tapaq?

– Bilmirəm. Talayın, yağmalayın, doğun, nə edirsinizsə edin. Amma ki, xəzinəyə qızıl gəlməlidir. Qandız?

Əyanlar başlarını aşağı salıb dinmirdilər. Baş vəzir isə onlardan cavab gözləyirdi.

– Dinməyin, dinməyin. Belə görürəm ki, Qurbanın, Birrəngin, üç valinin acı aqibəti sizin üçün dərs olmayıb.

– Ay baş vəzir, axı nə qazanırıq ki, nəyi də xəzinəyə verək, hə? – deyə əyan Misqi dilləndi.

– Ay eşşək, sənə xəzinədən aylıq kəsilməyib ki? Bu mənsəb dədənin malıdır ki, ondan istifadə edib qazanırsan?

Əyan Misqi susdu. Başını aşağı saldı.

– Bura bax, Misqi, şah səni bu mənsəbə layiq bilməsəydi, qazana bilərdinmi?

– Xeyr.

– Onda nə donquldanırsan boş-boş. Bir də ki, mən çox yaxşı bilirəm sən nə qazanırsan. Baş fərraş!

– Bəli, baş vəzir həzrətləri.

– Sal bunu qoduqluğa. Sonra nə edəcəyini deyəcəyəm, – bunu eşidən baş fərraş  əyan Misqini xirtdəkləyib sürüyə-sürüyə eşiyə çıxartdı, – Başqa kim nə demək istəyir? – deyə baş vəzir əyanlara müraciət etdi.

– Siz deyən qanundur bizimçün, baş vəzir həzrətləri. Dediyiniz kimi də olacaq, – deyə əyanlar yerbəyerdən dilləndilər.

– Əla-ül-əla. Axır ki, qandınız. İndi görək dediyimə necə əməl edəcəksiniz.

Bu dəm baş fərraş içəri girdi:

– Əmriniz yerinə yetirildi, baş vəzir həzrətləri.

– Baş fərraş, qoduqluqda yenə də yer varmı?

– Nə qədər desəniz, baş vəzir həzrətləri. Lap bunların hamısına çatar, üstəlik artıq da qalar.

– Əla! Əla-ül-əla! – deyə Qüdrət kürəyini divara söykədi, – Qibləgahımız Göyverən Şah mənim boynuma böyük tələblər qoyub. Biriniz mənim başımı aşağı eləsəniz, boynunuzu vurduracağam. Özü də meydanda yox – sizin üçün böyük şərəf olar meydan – baş fərraşın qoduqluğunda. Bildiz? Di dağılışın. Amma dediklərimi və burda baş verənləri yaddan çıxarmayın. Elə etməyin ki, sizi “ağ günə çıxarım”. Baş xəzinədar Hətəm, vəkil Qaplan, baş fərraş, siz qalın.

Əyanlar çıxır. Qüdrət sözünə davam edir:

– Əlbəttə ki, onlara dediklərimin sizə aidiyyatı yoxdur. Siz bu yolda mənim əsas köməyimsiniz. Qaplan, Misqinin həbsini “qanuniləşdir”. Boşboğazlar məhəlləsinin dilində yəqin onun da adı məşhurdur.

– Bəli, baş vəzir həzrətləri.

– Yəqin ki, qudası hakim Abdulla müdafiəsinə qalxacaq. Ağzıcırıqlara onunla da bağlı xəbər ötür. Üstünə də onunu qoyub başlasınlar yaymağa. Misqinin həbsi barədə məlumatı isə şayiə kimi yaysınlar.

– Başüstə, baş vəzir həzrətləri.

– Hətəm, xəzinədə əlavə bir otaq da ayır. Xüsusi olaraq hədiyyələr və ianələrçün. Şahımıza xəbər verəcəyəm bu barədə. Xəzinənin gəlirini çoxaltmalıyıq. Xərclər onsuz da azdır.

– Şahımız Aslana çoxlu pul buraxmaq barədə göstəriş verib.

– Bilirəm. Göyverən valiliyi ilə bağlıdır. Sirr olaraq gizlədirlər. Dürəng də öyrənə bilmir. Bütün sərvətini xərcləyib ora ki, nə vaxtsa yenidən qazanacaq. Amma Aslan gedib onu qaladan çıxarıb atıb bayıra. Heç izahat da verməyib. Şah valiliklərin hamısını rəsmi şəkildə mənə tapşırsa da, bir valilik qeyri-rəsmi Aslana tabedir. Olmasın bir valiliyimiz, hamısı ki, bizimdir. Onsuz da heç əvvəldən o valilik bizim olmayıb. Karzat yaxşı şah olsaydı, heç olmayacaqdı da... Baş fərraş, Misqini sabah səhərəcən “ağ günə çıxart”. Müsadirə etdiklərini xəzinənin yeni otağına təhvil ver.

– Başüstə, baş vəzir həzrətləri.

– O ki qaldı sizin qazancınıza... onu məndən alacaqsınız. Di gedin, canla-başla işləyin.

 

      ***

 

Paytaxtda şayiələr dolaşır: “Bilirsiniz də bu əyan Misqi xalqın cibinə girib, xəzinənin pulunu talayıb. Özünə mülklər tikdirib, torpaqlar alıb. On arvadı var. Camaatı qul kimi işlədib, onların qismətini cibinə qoyub xeyir götürüb. Deyilənə görə Göyverən Şahımız da bütün bunlardan xəbər tutub, dərisinə saman təpib. İndi nə dirisindən xəbər var, nə ölüsündən. Deyəsən, ölüm zindanındadır, amma demirlər. Əcəb olub. Belələrini daş-qalaq yox, meydanda çarmıxa çəkmək lazımdır ki, o biri əyanlara da görk olsun. Sağ olsun, Göyverən Şahımız. Ürəyimizdən tikan çıxartdı. Qusdurdu bu oğraşı. Eybi yox, o birilərə də növbə çatacaq yavaş-yavaş. Hamısı qusacaq.

 

      ***

 

Səhər tezdən iki atlı şəhər qalasının baş darvazasından çıxaraq İtbaşının xarabalığına doğru yol alır. Çataçatda yenə həmin mənzərə canlanır. İtlər onlara hücuma keçirlər. Amma keçən dəfəkindən fərqli olaraq, bu dəfə sonacan – komaya qədər onları müşayiət edirlər. İtbaşı gələnlərin pişvazına çıxır.

– Yenə gəldin, ay şah?

– İtbaşısan ki, İtbaşı. Şahı salamlamaqdan, xoş gəldin deməkdən yenə də dilindən zəhər axır.

– Neyləməliyəm ki, ay şah, sevinməliyəm? Hansı günümə sevinim ki?

– Bu həyatı özün seçmisən. Mənim bir günahımmı var?

– Heç kim həyatını özü seçmir. Həyat özü onu seçərək istədiyi hala salır. Yoxsa sən şah olmazdın.

– Həyat yox, Allah.

– Allahın birinci adı həyat olub. Yaxşı, incimə. Xoş gəlmisən. Səni görüm dövlət işlərini kənara qoyub, hər gün bura gələsən. Şahlığın elə buralarda keçsin. Məni və itlərimi öz xalqın kimi ağ günə çıxarasan.

Şah pərt oldu. Qızardı. Heç nə demədi. Aslan gətirdikləri çuval və tuluqları komaya daşıdı. Sonra gəlib onların yanında oturdu. İtbaşı:

– Nə olub, ay şah, qayğılı görsənirsən?

– Keçən dəfə dediklərini tətbiq etdim. Qüdrət baş vəzirimdir. Karzat Şahın ölkəsini Göyverən valiliyinə çevirmişdim ha... oranı verdim Aslana ki, yetim məsələsini həll etsin. Evyıxanlar məhəlləsinin başçısı Qaplanı isə vəkil elədim. Boşboğazlar məhəlləsi və onun başçısı Lərzan yaman ayılıb. Bütün günü sarayın əleyhinə danışırlar. Təzə baş vəzir onları susdurmaqçun məsləhət gördü Qaplanı bu mənsəbə.

– Qüdrəti çox da tanımıram. Amma dediklərindən belə nəticə hasil olur ki, çox ağıllı adamdır, – deyə İtbaşı fikrə getdi, – Çox təhlükəli məsələylə üzləşmisən, ay şah.

– İtbaşı, nə “təhlükə”? Boşboğazlar paytaxtın yüz məhləsindən biridir. Ən təhlükəlisi Qulaqkəsənlər idi. Yerlə-yeksan elədim, hamısını da qılıncdan keçirtdim. Lərzan isə adi kargüzardır. Yeddibaş külfətin sahibidir. Qazandığı ayını güclə görür. Baş vəzirlik təklif etdim ona. Qəbul etmədi. Onun boş-boş danışmağının mən boyda şaha nə təsiri ola bilər ki? Sadəcə milçək vızıltısı. Baş vəzirdir də... işini ehtiyatlı tutub yəqin.

– Ay şah, bəzən milçək dediyin o heç nə, böyük bir filin qulağına girib  öldürür. Lərzan milçək deyil. Lərzan ağacı içindən yeyən qurddur. Yeyib bitirəndən sonra məlum olur ki...

– Yeyib nə edəcək ki, əgər o ağacın kökü safdırsa.

– Səncə, Lərzan baş vəzirlik təklifini niyə rədd edib?

– Dedi ki, baş vəzir kimi ədalətli ola bilməyəcəyəm. Olan-qalan hörmətimi də itirəcəyəm. Mənimçün xalqın içində olub haqq-ədalətdən danışmaq daha asandır.

– Gördün? Özün öz sualına cavab verdin.

– Nə cavab verdim ki? Burda qeyri-adi nə var?

– Ay şah, Lərzan ağıllı adamdır. O başa düşür ki, məmləkətdə bir hakimi-mütləq var – o da şahdır. Yaxşı baş vəzir olsa, xalq içində hörmət qazansa... şah onu qısqanacaq və edam etdirəcək. Pis baş vəzir olsa, hörmətini itirəcək. Bu isə ölümdən betərdir. Ona görə də Lərzan baş vəzir yox, daha çox şah olmaq istəyərdi – bunun arzusundadır. Ay şah, sən heç görmüsənmi ki, kimsə vəzir-vəkil, hakim olmaq arzusunda olsun? Əsla. Hamı ağzını açanda “mən şah olsaydım elə edərdim, belə edərdim” deyir. Əyyaşların çox işlətdiyi bir ifadə var e: “bu fani dünyada padşahdan-zaddan da olmadıq”. Ona görə də özünü birinci elə lərzanlardan qoru.

– Şah olmaq! Axı bu mümkün deyil.

– Mümkündür. Alqan Şah şətrənci bəs nəyə görə qadağan edib, hə?

– Şətrənc hara, adi kargüzar Lərzan hara? Ay İtbaşı, sən hardan başladın  hara gedib çıxdın?

İtbaşı ayağa durub komaya girdi. Əlində taxta parçası və kiçik torbayla geri qayıtdı. Ağ-qara xanalı taxtanı şahın qabağında qoydu. Torbanın ağzını açıb ağ və qara rəngli daşları yerə boşaltdı. Sonra müxtəlif ölçülü daşları götürüb xanalardakı yerinə düzdü.

– Ay şah, ata-babalarının qadağan etdiyi şətrənc bax budur.

– Təsəvvürüm var. Aslan deyib. Ağ daşlar mənimdir. Bu ağ rəngli şah da yəqin ki, mənəm. Bu yanımda dayananın biri Aslan, digəri isə Qüdrətdir. Bu səkkiz kiçik daş da lərzankimilərdir. Ən uzağı-ən uzağı vəzir ola bilərlər. Qarşımdakı qara daşlar isə düşmən saydığımız qonşu ölkələrdən biri... mənə heç nə edə bilməzlər. Çünki birinci hücum etmək hüququ ağ daşlardadır. Yəni ki, məndə.

– Nə gözəl izah etdin, ay şah. Onda Alqan Şah bunu niyə qadağan edirdi ki? Oyundur da... qoy oynasınlar. İlk hücuma keçərək, düşməni məğlub edib sevinsinlər.  Kimə ziyanı var ki?

– Doğrudan e... – deyə Göyverən Şah peysərini qaşıdı, – burda təhlükəli nə var ki? İtbaşı, sən de. Bilməmiş olmazsan səbəbini.

– Ey şah, əks tərəfdəki qara daşlar düşməndən də betər qara camaatdır. Lərzan isə bu qara camaatın şahıdır. İndi bildin ki, Alqan Şah niyə şətrənci qadağan edib? İndi anladınmı ki, Lərzan niyə baş vəzirlikdən imtina edib?

– İnanmaram! – deyə şah qeyzləndi.

– Ay şah, bir məni başa sal. Bax sıravi yoluğun birinə məmləkətin ən böyük mənsəbini təklif edirsən. Bütün səlahiyyətləri də verirsən. Bu da elə bir mənsəbdir ki, özündən yalnız bir böyük var, o da şahdır. Qalan hamı ondan aşağıdır. Niyə imtina etməliydi ki? Belə ağıllı sayırsa özünü, gəlib boş-boş danışdıqlarını, haqq bildiklərini tətbiq edəydi də... Zalimi daha söyməyəydi, əksinə cəzalandıraydı, kasıbı qiymətləndirəydi, varlandıraydı. Yox, ay şah, belələri şahlıq xülyasında olurlar həmişə. Düzdü, sözündə həqiqət ola bilər. Bəlkə də bu Lərzanın fikrində belə bir arzu yoxdur. Amma bu cür lərzanlar qara camaatın içində qara şah, qara vəzir, qara əsgərlərin yetişməsinə gətirib çıxarır. Vaxtında belələrinin dilini kəsməsən şətrəncdə məğlub olarsan. Onlar da çevrilib olacaq ağ daş. Yaxud da ki, onları bu yolda istifadə edənlər – fərq etməz. Çünki sənin birinci düşmənin qara camaatdır. O qara camaat ki, on barmağının onunu da bala, qaymağa batırıb sox ağzına... yenə də narazı qalacaq. Xalqı doydurmaq çox çətindir. Yedikcə deyir ki, yenə də ver. Ona görə də gərək xalqın qarnını yarıac-yarıtox saxlayasan ki, bir tikə çörək tapanda sevinsin. Allahına şükr etsin, sənə də dua etsin.

Şah fikrə getdi.

– İndi nə deyirsən? Lərzanı zindana salım?

– Nə zindan? Xalqın qabağında edam elətdir. Uşaqlarını da qılıncdan keçirt. Qoy başqalarına görk olsun.

– Anası qabağıma çörək qoyub. Çörək tutar gözümü.

– Hansı yaxşıdır? Şahlığını itirmək, yoxsa kəsilən duz-çörəyə xəyanət etmək? İndi özün seç.

– Yox! İnanmıram!

Ortaya sükut çökdü. İtbaşı gözlərini karvan yoluna dikdi. İtlər də başlarını o baxdığı səmtə çevirdilər.

– Gözün yol çəkir yenə də... Gözlədiyin var?

– Hə, – deyə qoca ah çəkdi, – karvan gözləyirəm.

– Neyləyirsən ki, karvanı. Beş günlük azuqəni gətirmişik.

– Ay şah, sən müvəqqətisən. Günlərin bir günü gəlməyəcəksən. Ola bilər ki, bu xarabalığı da mənə çox görəsən. Amma karvan bu yolla gedib-gəlməsə məhv olaram. Mən də, itlər də...

– Ona görə də deyirəm ki, gedək saraya. Günlərin bir günü qeyzlənəcəyəm və Aslana əmr edəcəyəm ki, əl-qolunu bağlayıb gətirsin səni saraya.

– Bəs itlər?

– Onları da gəbərdib məhv etsin. Sarayda it nəyinə lazımdır ki?

İtlər şahın sözünü eşidib mırıldamağa başladılar. Biri hürərək şaha hücum etmək istəyəndə, qoca cəld tərpənib əlindəki çomaqla ona bir dənə ilişdirdi. Aslan xəncərini qınından çıxarmağa macal da tapmadı. İt zingildəyərək İtbaşının ayağının altında yatıb çarığını yalamağa başladı. Digər itlər isə mırıldamaqlarını kəsdilər.

– İndi bildin ki, çomaq nəyə lazımdır? Bax bu çomaq sənin mühafizinin xəncərindən irəli oldu. Ay şah, xalq da belədir. Həmişə qılıncı qınından sıyrılmış vəziyyətdə saxlamaq lazımdır. Yoxsa səni dişləriylə, yalın əlləriylə didib-parçalayarlar. Ay şah, Lərzan haqqında dediklərimə inanmırsan. İndi özün de. Bax indi mən bu çomaqla iti vurmasaydım, əksinə desəydim ki, didin-parçalayın bu şahı. Yaxud da ki, sakit dayanıb əlimi çomağa aparmasaydım, nə baş verəcəkdi?

– Bunun Lərzana nə dəxli?

– Mən də bu itlərin Lərzanıyam da... Günlərin bir günü lərzankimilər qara camaata “irəli!” əmri verəcəklər. Onda heç bir mühafiz, ordu köməyinə yetməyəcək. Ona görə də indidən ehtiyatını gör. Xalqla dost ol, amma qılıncı əlindən yerə qoyma. Özü də ki, qılıncı həmişə qınından sıyrılmış vəziyyətdə hazır saxla.

– Yox! Edam edə bilmərəm onu. Xalqı əleyhimə qaldıraram.

– Nə? – deyə İtbaşı şaqqanaq çəkib gülməyə başladı, – xalqı əleyhinə qaldırarsan? Əksinə. Sənin ayaqlarını qucaqlayıb öpməyə başlayacaqlar – ayağımı qucaqlayıb yalayan bu it kimi. İnsanlar həmişə güclünün tərəfində olublar, ay şah. Güc haqlı olsa da, olmasa da...

– Mən istəmirəm ki, xalqım məndən qorxsun. Mən istəyirəm ki, məni sevsinlər, hörmət etsinlər.

– Sevən, hörmət edən az tapılar, qorxmaq isə kütlənin taleyidir.

– Deyirsən də...

– Ay şah, Allahın əleyhinə danışan, onu söyən kimsə görmüsənmi? Hətta inanmayanı da adam içində bunu dilinə gətirməkdən qorxur. Bilirsənmi niyə?

– Niyə?

– Çünki Allahın əlində insanın canını almaq kimi müstəsna hüquq var. Özü də istədiyi vaxt – qəflətən. Nə qədər əzizini, doğmanı öldürürsə də, yenə “Allah ədalətlidir”,  “Allahu-Əkbər” deyirsən.

İtbaşı susdu. Gözünü karvan yoluna dikdi. Sonra ah çəkib:

– Ay şah, gəl sənə bir əhvalat danışım.

– Danış.

– Məmləkətdə bir nəfər imkanlı adam həyətində it saxlayırmış. İt də ki, nə it. Mənim itlərim o itin yanında heç nə. Adam baxanda zəhri yarılırmış. Bu it yalnız sahibini tanıyarmış, onun əlindən çörək yeyərmiş, təkcə onun əmrlərinə tabe olarmış. Günlərin bir günü itin sahibi arvadını döyür. Arvad anasına şikayət edir. Ana qudasına gileylənir. Quda da axşam evə gələndə hal-qaziyyəni ərinə çatdırır. Ertəsi günü kişi gedir oğlugilə. Oğlu darvazanın qapısını açıb atasını qapşılayanda, it də yanında olur. Oğul atasının əlini öpmək istəyəndə, kişi silləni necə çəkirsə oğluna, gözləri hədəqəsindən çıxır. Bunu görən it nə etsə yaxşıdır?

– Yəqin ki, iri pəncələriylə atanı qamarlayıb basar altına.

– Yox, ay şah. Əksinə. İt öz yiyəsinin üstünə hoppanıb, boğazından yapışır.

– Niyə?

– Çünki yiyəsindən güclüsünü görüb. İndi, ey şah, itin birini çomaqladım. O biri itlər o saat mırıldamaqlarını kəsdilər. İndi təsəvvür elə ki, doqquz itin doqquzu da sənə hücum edəydi, neyləyəcəkdin? Ona görə də vaxtında tədbir görməlisən ki, sonra xalqın təpiyi altında qalmayasan. Mırıldamaq itə xas xüsusiyyətdir, mırıldanmaq isə xalqa. Bircə “n” hərfi fərq edir.  Silləni indidən vur, mırıldanmaqlarını kəssinlər.

– Axı ay İtbaşı, bu Lərzan mənim əleyhimə heç nə danışmır. Bununku valilərdir, qazilərdir, qeyriləridir. Bundan mənə nə?

– Mən razı. Bəs o “qeyrilər”i o mənsəbə kim təyin edib? Sən şah. Onları söymək, deməli səni söymək deməkdir. Sənin yerlərdəki dayaqlarını laxlatmaqdır bu.

– İtbaşı, tutaq ki, Lərzanı edam etdirdim. Uşaqlarını da qılıncdan keçitdim. Axı nə dəyişəcək?

– Heç nə dəyişməyəcək.

– Onda niyə edam etdirim ki?

– Heç nəyin dəyişməməyi üçün.

– Axı bu Lərzan kimdir ki, ondan ehtiyat edim. O, heç it də deyil. Siçandır, siçan. Nəzarətdə saxlayaram lərzankimiləri, ətraflarında tələlər quraram, vəssalam.

İtbaşı susdu. Komaya girib su içdi. Qonaqlara da təklif etdi. Sonra isə itlərin qırağı sınıq təknəsinə su tökərək, yenidən gəlib şahın yanında bardaş qurub oturdu.

– Deməli, ey şah, bir kənddə bir ailə yaşayırmış. Ailə deyəndə ki, eləcə ər-arvad ikisiymiş. Bunların balaca tövləsi olur. Tövlələrində də bir inək, bir dənə qoyun, bir dənə xoruz və iki-üç dənə də toyuq-cücə. Günlərin bir günü arvad tövləyə girəndə balaca bir siçan ayağının altından qaçır. Qarı qorxub qışqırır. Tez gedib tələ gətirir qurur. Bunu görən siçan birinci inəyə yaxınlaşır ki, ay inək, arvad mənimçün tələ qurub. Ona bir dənə təpik vur atsın. Yoxsa mən bilmədən tələyə düşərəm, ölərəm. İnək üzünü o yana çevirib deyir: “Mənə nə. Tələ səninçün qurulub. Mən qarışa bilmərəm”. Bu dəfə siçan qoyuna yaxınlaşır. Qoyun da “mənə nə. Tələ səninçün qurulub. Mən qarışa bilmərəm” deyə eyni cavabı verir. Beləliklə tövlə əhli “mənə nə” deməklə siçanı başlarından edirlər. Günlərin bir günü bir ilan tövləyə girir. Siçanı tutmaq üçün üstünə şığıyanda, bilmir tələyə toxunur. Və quyruğundan ora düşür. Amma nə tövr edirsə qurtula bilmir. Ölmür də... Səhərisi evin sahibəsi tövləyə girəndə, tələni yoxlayanda ilan onu çalır. Əsas məsələlər də bundan sonra başlanır. Arvadı uzadırlar yatağa. Tez təbib çağırırlar. Dava-dərman alırlar. Arvadın vəziyyəti isə düzəlmir ki, düzəlmir. Bütün kənd, qohum-əqraba axışıb gəlir. Uzaqdan gələnlərin qabağına yemək qoymaq üçün kişi xoruzla toyuqları kəsir. Arvadın dava-dərmanına pulu çatmadığına görə qoyunu qəssaba satır. Amma arvad sağalmayıb ölür. Ehsan süfrəsi açılır. Yəni ki, inəyi də kəsirlər.

İtbaşı susur. Gözünü karvan yoluna dikir.

– Ay İtbaşı, lərzankimiləri gah it edirsən, gah da ki, siçan. Bu əhvalatın Lərzana nə dəxli var ki?

– Heç. Dedin ki, “mənə nə?”, yadıma bu düşdü, danışdım. Maraqlı əhvalatdır. Balaca bir siçana qurulan tələyə hamı düşür – tələni quran da, siçanın “tələyə bir təpik vurun, atsın” xahişinə məhəl qoymayanlar da... hətta ilan da... Bircə siçandan başqa. Sən də, ey şah, deyirsən ki, tələ quraram. Lərzan ki, siçan deyil ha tuta bilməyəsən.

– Axırda bais olacaqsan o cür təmiz ailənin qətlinə. Yəni Lərzan və ya lərzankimilər bu qədər təhlükəlidir?

– Bir danışan, min əliyaraqlı düşməndən təhlükəlidir. Sənin yerində olsaydım bütün mollaxanaları, mədrəsələri bağlatdırardım. Bilikli adamlardır bu məmləkətə ziyan gətirən.

– Eyni zamanda bu məmləkəti idarə edənlər də onlardır.

– Sən oxuyub neyləmisən ki? Belə biliklisənsə, get otur dövlətini idarə elə. Day bu çöllü-biyabanda nə gəzirsən? Bir söz də soruşum səndən, ay şah.

– Soruş.

– Bu baş mühafizin Aslan oxumuş, bilikli adamdırmı?

– Bəli.

– Sənin yolunda kimlərisə qılıncdan keçirməyi ona mollaxanada, mədrəsədəmi öyrədiblər?

Şah susdu.

– Ay şah, de görüm, sarayında Aslan kimi sənə sədaqətli adamlar çoxdurmu?

– Hə.

– Nədən bilirsən ki, sədaqətlidirlər sənə.

– Bilirəm də... özləri dəfələrlə deyirlər bunu. Bəzən də sınağa çəkirəm. Necə məgər? Bəlkə bunu ölçmək üçün bir meyar bilirsən?

– Bilirəm.

– De.

– Ən sədaqətli adam o şəxsdir ki, şahın yolunda lazım gəlsə ölümə də gedər, ən əsası isə adam öldürər.

– Yaxşı, İtbaşı, axşam düşür. Biz gedək. Amma demədin ki, mənə niyə “şahım” deyə müraciət etmirsən.

– Gələn dəfə, ey şah, inşallah gələn dəfə. Sizə yaxşı yol.

 

***

 

Saray. Şah taxtında oturub. Aslan əmrə müntəzir hüzurunda dayanıb.

– Hə, Aslan, gördün də nələr varmış bu dünyada. Şətrənci sən bir cür izah etdin, İtbaşı başqa cür. Sən dediyin şətrənc sənin rəhbərlik etdiyin tərəfdir – düşmən qarşında, hücum edirsən, öldürürsən, vəssalam. Mənim şətrəncimdəki qara daşlar isə xalqdır – qara camaat. Görəsən hansı şətrəncdəki şahı mat eləmək daha asandır, hə? Sən oynadığın, yoxsa mən?

– Şah sağ olsun, hər iki şətrənci siz oynayırsınız. Biz sizin əmrlərinizə müntəzirik. Amma xalqla oyun oynayıb qalib gəlmək çox çətindir.

– Onda nə deyirsən, öldürüm Lərzanı?

– Bilmirəm, – deyə Aslan başını aşağı saldı.

– Bəs kim bilir, hə? Evyıxanlar məhləsindən vəkil təyin etdiyim Qaplan, yoxsa Ağzıcırıqlar məhləsinin başçısı Barantay? Bəlkə Boşboğazlar məhləsində yaşayan Lərzana verim bu sualı? Həm də özünə və özükimilərə bir cəza təyin etsin. Bəlkə elə ölüm hökmünü gedək evində elan edim ona? Bəlkə qorxdu, islah oldu, qayıtdı haqq yoluna. Yox, bilirəm cavabı necə olacaq. Deyəcək ki, şahım özün söyləmirdinmi ki,  “qulaqkəsənlərin, ikinci vəzir Birrəngin elədiklərindən xəbərim yox idi”? Özün demirdinmi ki, “Lərzan, sən bunları mənə deməsəydin, haqq yerini tapmayacaqdı”? Yaxud da ki, “əyanların bu vəhşiliklərini, özbaşınalıqlarını mən sənə deməsəydim, məni baş vəzir kimi ən yüksək mənsəbə layiq görərdinmi? Buna görə səndən aylıq istəmirəm, ənam istəmirəm. Kömək edirəm də şahıma. Buna görə adamı edammı edərlər?”

Şah susdu. Fikrə getdi. Aslan da dinməzcə dayanmışdı.

– Aslan, çağır vəkil Qaplanı.

– Başüstə, şahım.

Vəkil Qaplan baş vəzirlə otağa girib təzim edirlər:

– Mən Qaplanı çağırmışam. Baş vəzir, sən niyə gəldin? Vacib bir sözünmü var?

– Şahım, saray əyanlarına qadağa qoymuşam sizin yanınıza mənsiz girməyi. Çünki elə şey ola bilər ki, bu ümumi işimizə xələl gətirər.

– Yaxşı. Qal. Göyverən Qaplan, nə var, nə yox paytaxtda?

– Şükür... yaxşılıqdır. Boşboğazlar məhləsində bir-iki nəfər var. Onlar da olmasa olar lap əla. Şahım demişkən – əla-ül-əla.

– Kimdir o bir-iki nəfər?

– Şahım sizə keçən dəfə də ərz etmişdim ki, Lərzan adlı kargüzardır. Sarayla, əyanlarla bağlı şər-böhtan danışır, hədyanlar yağdırır.

– Niyə ölçü götürmürsən? Ağzında hədyan, şər-böhtan deyirsən.

– Evyıxanlar məhəlləsini, üstəlik Ağzıcırıqlar məhəlləsini də qaldırmışam üstünə, susdura bilmirəm. Qorxmur. Sanki kiməsə arxalanır.

– Kimə?

– Qorxuram dilimə gətirməyə.

– Kimə soruşuram səndən? – deyə şah səsini qaldırdı.

– Sizin adınızı çəkir.

– Mənim?

– Bəli, şahım. Deyir ki, Göyverən Şah çox ədalətlidir. Onun bu işlərdən xəbəri yoxdur. Amma xəbəri olacaq. Özüm çatdıracağam ona sizin haqqınızda bildiklərimi. Şah da dərinizə saman təpəcək. Bunda cəsarətə bax ki, sizin adınızı dilinə gətirir.

– Siz də onun bu cür danışmağından qorxdunuz?

Vəkil Qaplan başını aşağı salıb susur.

– Göyverən Qaplan, niyə susursan? Sözündən belə çıxır ki, Lərzanın dediklərində həqiqət var. Eləmi?

– Xeyr, şahım.

– Onda niyə cəza vermirsən?

– Şahım, sizin əmrinizi gözləyirəm.

– Hər hədyan yağdırana mənmi əmr verməliyəm? Mənim başqa işim-gücüm yoxdurmu? Bəs onda sən, qazi, hakim nəyə lazımdır? Hələ baş vəziri demirəm. Bütün səlahiyyətləri vermişəm ona. İşləyin də...

– Şahım, bu əbləh sizin adınızı qalxan edib. Ona görə qorxuruq.

– Nə deyir axı?

– Cürət eləmirəm.

– De!

– Deyir ki, guya siz dəfələrlə onun evində qonaq olmusunuz. Çörək kəsmisiniz. Sonuncu gəlişinizdə baş vəzirlik mənsəbini təklif etmisiz. O isə razı olmayıb. Bizə də deyir ki, gərək təklifi qəbul edib sizinkimilərin dərisinə saman təpərdim. Şər-böhtanın biri də bu. Amma hər ehtimala ehtiyat etdik ki, birdən dediyi düz olar. Cəza verərik, sonra şahımızın qəzəbinə tuş gələrik. Axı şahımızın xalq içində gözü və qulağının olması təbiidir.

Ortaya sükut çökdü. Şah bilmirdi nə qərar versin. Deməli, Lərzan onun xalq içində gözü və qulağıdır. Onu edam etdirsə bu deməkdir ki, özünü kar və kor edəcək. Şahlığının ilk ayları olsaydı, Lərzanı saraya çağırardı. Bildiklərini dinləyərdi. Əyanların dərisinə saman təpərdi. Amma indi İtbaşının dedikləri qabağını kəsirdi. Bu qərarından çox şey asılıydı. Əgər ürəyi dediyi kimi etsəydi, əyanlar qorxacaqdılar. Lərzankimilərin də ayağı lap çox yer alacaqdı. Sonu da şətrəncdəki kimi məğlubiyyət ola bilərdi. Hər halda İtbaşı nəsə bilir ki, deyir. Yox, əgər Lərzanı edam etdirsə...

– Aslan, get o əbləhi həbs elə! Hədyanlar söyləyən dilini də kəs hamının qabağında, sal cəlladın zindanına!

– Başüstə, şahım.

– Şahım, yalvarıram, qıymayın, – deyə baş vəzir təlaşla yerindən dilləndi.

– Niyə? Nə oldu ki?

– Şahım, başladığım böyük işdə lərzankimilərin boşboğazlığına ehtiyac var.

– Lərzan öləcək, Qüdrət. Lərzankimilər isə qalır. Aslan, çox mühafiz götür! Elə səs-küy sal ki, bütün Boşboğazlar məhəlləsi tamaşanıza yığışsın!

– Əmr edərsiz, şahım.

 

***

 

Qaş qaralır. Azan səsi şəhəri bürüyür. Qala qapıları yavaş-yavaş bağlanır. Şah öz sarayından hər gün seyr etdiyi bu mənzərəyə baxır: darıxıram. Axı nə qədər eyni şeyi görmək olar. Saray, dərviş seyri, hərəmxananın hamamı. Görəsən, bundan başqa bir şey yoxdurmu həyatda. Hoqqayla şərabı da yaxın buraxmıram özümə. Yaxşı ki, İtbaşı var. O da elə şeylər danışır ki, qalmışam məəttəl. Dediklərinə də əməl edirəm – öz ürəyimin hökmü əleyhinə. Atam Həqqi Şah Barəngaha qulaq asarsan demişdi. Birdən bu həqiqətən də Barəngah deyil. Onda nə olacaq? Boynunu vurduraram məni aldatdığına görə. Yox. Axı nə təqsiri var? Axı o demir “mən Barəngaham”. Deyir ki, adım İtbaşıdır. Onda hansı qüvvə məni saraydan çıxarıb, onun yoxsul komasına aparır? Gərək Qurbanı edam etdirməyəydim. Həqqi Şah tanıdığını Qurban da yüzəyüz tanıyacaqdı. Bir də ki, İtbaşı niyə yalan danışmalıdır? Nədən qorxur ki? İtlərini, bitlərini itirməkdənmi? Bilmirəm əsl adı nədir, amma adi səfil deyil. Yoxsa mənimlə belə arxayın, açıq danışmazdı. Heç ümumiyyətlə danışmazdı. Onun nəyinə lazımdır ki, Lərzan kimdir, əyanlar nə qələt edir, mənim şahlığıma nəyin xeyri var, nəyin ziyanı. Susar, heç nə deməz. Salam-sağ ol. Vəssalam. Mən ki, ondan kəlbəteynlə çəkmirəm bu sözləri. Məmləkətdə olanları da mən yox, karvanlar ona çatdırır. Yox, bu elə atam deyən Barəngahdır. Qulaq asmışam, yenə də qulaq asacağam sözünə. Amma bu dəfə... Həmişə öldürmə, asma, kəsmə deyirdi. İndi isə edam elətdir, ailəsini də qılıncdan keçirt dedi. Lərzan da artıq zindandadır. Hökmünü gözləyir. Yox, “öldürmə”ni əyanlar haqda deyirdi. Bəlkə öldürməyim Lərzanı. Eləcə qalsın zindanda. Onsuz da danışa bilməyəcək – dilini kəsmişəm. Yox. Öldürməliyəm. Yaxşı, bəs mən öz sözümə, ürəyimin dediyinə nə vaxt əməl edəcəyəm? Axı mən şaham. Amma işim-gücüm xəzinənin nə vəziyyətdə olmasını soruşmaqdır. Qızıl axıb gəlirsə, deməli hər şey qaydasındadır. Xərcləri də tam azaltmışam. Bircə mühafizlərin, ordunun və əyanların aylığını verirəm. Bir də ki, sarayın xərcləri. Onda bu qədər artıq qızılı neyləyirəm, hə? Bəs Qüdrət nə edir, Aslan Göyverən valiliyində hansı işləri görür – heç birindən xəbərim yoxdur. İtbaşı deyib ki, qarışma. Çox darıxdırıcı həyata gətirib çıxartdım özümü. Darıxırsan, ay şah? Get hərəmxanaya. O boyda hərəmxana yaratmısan, amma Şahgülüdən başqa heç kimlə bir kəlmə də danışmamısan. Get hər gecə biriylə söhbətləş, seviş. Lap “Min bir gecə” nağıllarındakı kimi. Nə Şahgülü... o da artıq nəzərimdə deyil. Yeni bir macəra axtarıram.

– Eşikağası, baş hərəm Qəndaba xəbər ver ki, axşam hərəmxanaya gələcəyəm. Qızları hazırlasın.

– Başüstə, şahım.

 

***

 

Hərəmxana. Qızlar sıraya düzülüblər. Şah onların qarşısından keçərək, hamısını diqqətlə süzür:

– Qəndab, hamam hazırdır?

Qızlar gülüşürlər. Şahgülünün acıqlı baxışından sonra özlərini yığışdırırlar.

– Bəli, şahım.

– Onda gedək.

Şah hamamı. Göyverən Qəndabın iri əndamının ağuşunda özündən gedib.

– Şahım yenə də heç kimi bəyənmədi.

– Bəyənmədim, – deyə şah halsız-halsız cavab verir,– Mən hamamı soruşanda niyə gülüşdülər bunlar?

– Şahım, siz gəlməmişdən qabaq deyirdilər ki, şahımız gələcək, qarşımızdan o yana-bu yana keçəcək, sonra da deyəcək: “Qəndab, hamam hazırdır?” Siz də elə o cür dediniz.

Şah pərt olsa da bunu biruzə vermədi.

– Şahım, yaman darıxıram burda. Burax gedim evimə. Nə vaxt istəsən çağır gəlim. Yaman sıxıcıdır saray həyatı.

– Mən də darıxıram, Qəndab. Bəs mən hara qaçım?

– Gəl birlikdə qaçaq. Mincə qızılımız olsa, ömrümüzün sonuna qədər bəsdir.

– Qəndab, tutaq ki, səni buraxdım. Nə edəcəksən?

– Gedib karvansarayımı yenidən açacağam. Elə qızlar seçəcəyəm, elə qiymət qoyacağam ki, ora yalnız varlı, imkanlı, mənsəbli adamlar gəlsinlər. Beləcə, dolanacağam.

– Fərraşlardan qorxmursan?

– Şahım, sizin kimi arxası olan da heç fərraşlardan qorxar?

– Düz deyirsən. Amma o fərraşlar olmasaydı, bu gün baş hərəm deyildin. Hər pis işdə də bir xeyir var. Qəndab, bəs sənə min qızıl bağışlasam necə?

– Şahım, yenə də dediyim işlə məşğul olacağam. Yerimi genişləndirəcəyəm. Dəbdəbə yaradacağam. İşsiz oturmaq mümkün deyil bu həyatda. Şahım da istəsə qonaq gələr mənə, istəsə məni gətizdirər saraya.

– Yox, Qəndab, səni heç yana buraxan deyiləm. Deyirsən ki, yeganə həzdən özümü məhrum edim? Əsla! – deyib şah Qəndabın əndamını bir az da bərk qucaqladı.

– Eh, şahım, mən elə bilirdim ki, saray gözəl yerdir.

– Gözəl yer deyil ki?

– Xeyr, şahım. Vallah sizə də, əyanlara da yazığım gəlir. Həyatımda yalnız sizləri anlamırdım. İndi sizi də yaxşı tanıdım. Qibtəyə layiq deyilmişsiniz. Nə var elə qara camaatın arasındadır. Ora çox maraqlıdır. Məhləmizin adi fərraşı sənin bu Aslanından xoşbəxtdir. İşini görür, pulunu qazanır, sonra da gedir evinə-eşiyinə dincəlir. Aslan və bütün saray isə indi gözüaçıq yatıb ki, birdən şah onları çağırar.

– Mən birdən-ikiyə onları gecə ayıltmışam ki, elə deyirsən?

– Mən özümdən götürürəm, şahım. Hər axşam hazırlaşıram, qızları da hazır vəziyyətə gətirirəm ki, birdən siz qəflətən gələrsiniz. Amma burda olduğum müddətdə həftədə bir dəfə gəlirsiniz. O da ki, hamama. Hərəmxanada belə təsəvvür yaranıb ki, şah bura yalnız çimməyə gəlir. Kirlənməsə, ümumiyyətlə gəlməz.

Şah gözlərini yumdu. Yatmamışdı. Fikrə getmişdi: deməli, Şahgülü danışır. Bunun da dili açılıb. Belə getsə günlərin bir günü o da cızığı keçəcək. Nə edim buna? Başını əkim, getsin? Yoxsa buraxım qayıtsın öz işinə-gücünə? Bəs sarayın sirləri? Bu da Lərzan kimi birdən ağzını Allah yoluna qoysa? Desə ki, şahımız yalnız sığallanmağı sevir, uşaq kimi döş əmir, laylay çaldırır. Kişi kimi məharətini hələ kimsə görməyib. Qadındır da... qadınlar ağızdan boş olur. Ona görə atam saraya bir qadın da buraxmazdı. Buraxım getsin bəlkə bunu? İtbaşı da deyirdi ki, məmləkətdə həyat səviyyəsini fahişələr təyin edir. Getsin işiylə məşğul olsun. Mən də hərdən gedib ziyarət edərəm onu. Həyat səviyyəsini də müəyyənləşdirərəm. Yox. Olmaz. Danışa bilər. Lərzan, ya da ki, fahişəbaşı Şahgülü – heç bir fərqi yoxdur. İkisi də ona görə təhlükəlidir ki, danışandırlar. Yox. Danışmaz. Burdakı ab-havanı yaxşı bilir. Bilir ki, danışsa ilim-ilim itirərəm onu. Yaxşısı budur ki, xoşluqla buraxım getsin. İstəsə günlərin bir günü qaça da bilər saraydan. Məvacibini də yəqin ki, yığıb. Babat pulu var. Bir də ki... Şahgülü tək deyil ha bu məmləkətdə? O qədər hərəmim var ki... Üstəlik artıq söz-söhbətə də son qoyular.

Şah gözlərini açıb:

– Yaxşı, Qəndab, buraxdım səni. Get işində-gücündə ol. Əlli qızıl da yeni işinə məndən hədiyyə. Hərdən qonağın da olaram. Səndə pis qızlar olmaz. Bunu görmüşəm, – deyə şah bic-bic qımışdı.

– Ömrün uzun olsun, şahım, – deyə Qəndab çırtıq vurub yerindən hoppandı. Şahın başı döşlərinin arasında sürüşüb aşağı düşdü.

– Yaxşı, çox hoppanıb düşmə. Yoxsa fikrimi dəyişərəm. Yaman rahatlanmışdım. Yuxum gəlirdi. Diksindirdin məni.

– Şahım,  lay-lay deyim yuxun qayıtsın?

– De, Qəndab, de.

Qəndab döşünün giləsini şahın ağzına verib, başını sinəsinə sıxdı:

Lay-lay dedim yat, balam.

Yuxuna şəkər qat, balam.

Ümidim bircə sənsən,

Boya-başa çat, balam.

 

***

 

Səhərdir. Şah taxtına yayxanıb. Göyverən Şah gecə baş verənlərin təsirindən xumardır. Bu halını Aslan pozur:

– Şahım, əmr etdiyiniz kimi Lərzanı həbs edib saldım ölüm zindanına.

– Bəs dilini necə, kəsmədin?

– Dilini elə küçədə – camaatın gözü qabağında kəsdim.

– Sizə hücum çəkən-zad olmadı ki?

– Xeyr, şahım. Hamısı susub tamaşa edirdi. Bircə ailəsindən...

– Dalını danışma! Ürəyim ağrıyar. Hələ o uşaqları necə qətlə yetirəcəyik, bilmirəm.

– Şahım, ürəyinizi qısmayın. O mənim işimdir. Şahım, baş vəzir Qüdrətlə vəkil Qaplan gəlib. Qəbula izninizi istəyirlər.

– Gəlsinlər!

Qüdrətlə Qaplan otağa girib təzim edirlər. Sah:

– Qüdrət, elə-belədə Boşboğazlar məhəlləsinin təhlükəsindən danışırsan, onları ram eləmək üçün vəkili Evyıxanlar məhəlləsindən qoyulmasını istəyirsən, mən cəza vermək istəyəndə isə əleyhimə çıxırsan. Bu nə deməkdir? Qorxmursan?

– Allah eləməsin, şahım. Mən nəkarəyəm ki, sizin sözünüzün əleyhinə çıxam. Sadəcə, bəzi xüsuslar var idi ki, onları sizin nəzərinizə çatdırmalıydım. Əsəbi olduğunuzdan deyə bilmədim.

– İndi de.

– Ağzıcırıqlar şəhərdə bir xəbər yaymışdılar ki, bəs saray əyanı Misqi dövlət xəzinəsini dağıdır, xalqı incidir. Evyıxanlar tutublar boğazlarından ki, sizdə hardandır bu xəbərlər. Onlar da deyiblər ki, bəs boşboğazlardan – Lərzandan eşitmişik. Vəkil bunu tez yoxladı. Deyilənlərin düz olduğunu daha da dəqiqləşdirmək üçün baş fərraşa əmr verdim. Şahım, evindən nələr çıxmadı? Hələ mülklərini, torpaqlarını demirəm. Hamısını yatırdım xəzinəyə. Əlbəəl təhvil verdim baş xəzinədar Hətəmə. İndi söz sizinkidir,  adil hökmdar. Misqiyə nə cəza verək?

– Həbs etdir ver baş hakimin öhdəsinə. Yəqin ki, edam hökmü çıxarar.

– Hökm sizinkidir, şahım. Siz deyəndən sonra onun haqqı nədir ki, başqa qərar çıxarsın.

– Sən mənə Lərzanı niyə müdafiə etdiyini söylə. Qorxmursanmı yenə qəzəbimə tuş gələrsən?

– Əsla, şahım, müdafiə etmirdim. Sadəcə istəmirdim ki, baş mühafiz Aslanın əli onun qanına bulansın. Xalqın öhdəsindən fərraşlar da gələ bilərdilər. Həm də Lərzandan digər xəbərləri də öyrənmək istəyirdim.

– Hərənin öz işi var, Qüdrət. Lazım bilsəydim sənə tapşırardım.

– Ömrün uzun olsun, şahım.

– Hətəm gəlsin.

Hətəm otağa girir.

– Hətəm, Misqidən nə yatırılıb xəzinəyə?

– Şahım, baş vəzir min qızılı, mülk və torpaqların sənədlərini təhvil verdi mənə.

– Allah Misqiyə rəhmət eləsin. Heç nə aparmadı özüylə. Hətəm, bunların gözü niyə doymur axı? Mənə çatmır da, – deyə şah fikrə daldı, – Qüdrət, yaxşı, qızılı başa düşdüm. Müsadirə etmisən, vermisən Hətəmə. Amma bu torpağı, mülkləri xəzinəyə necə yatıracaqsan?

– Şahım, əgər məsləhət bilsəydiniz, mülklərdən birini vəkil Qaplana bağışlayardınız.

– Olsun. Etiraz etmirəm. Mənim əyanım sarayın adına layiq malikanədə yaşamalıdır.

– Ömrün uzun olsun, şahım, – deyə vəkil şaha təzim etdi.

– O biri torpaq, mülklərə gəldikdə isə... təklif edirəm ki, torpaqlar, mülklər hansı valiliyin ərazisindədirsə, o valiləri çağıraq saraya. Və yüksək qiymətə sataq onların özlərinə. Gələn qızılı da yatıraq xəzinəyə.

– Baş vəzir, gözəl təklifdir. Elə özün də həyata keçir dediklərini.

– Başüstə, şahım.

 

***

 

Baş vəzirin otağı. Hətəm burdadı.

– Hətəm, səninlə çoxdan tanıyırıq bir-birimizi. İkimiz əl-ələ versək, çox iş görə bilərik. Həm xəzinə dolub-daşar, həm də...

– Düzdür, Qüdrət. O təklifi verəndə özüm də sənin dərrakənə əhsən dedim. Gözəl tapmısan yolunu.

– Hətəm, mən şahın zəif damarını tutmuşdum. Amma bu dərəcədə qızıl hərisi olduğunu təsəvvür etmirdim. Bu ki, lap əladır. Şahımız necə deyir?

– Əla-ül-əla!

– Bu günəcən belə bir şey olmamışdı. Torpaq sənin, onun üstündəki hər şey də sənin və sən bunları satıb qızıla çevirəsən. Özü də nəticədə heç nə dəyişmir. Hər şey yenə də sənindir. Amma, Hətəm, şahımızı çox da sadəlövh bilmə. Hiss etmişəm ki, öyrədəni var. Bu Həqqi Şahın məktəbinə oxşamır. Lərzanın məsələsini deyirəm. Deyirəm ki, həbs etmə, etdirir. Hələ dilini də kəsir. Yəqin edam da etdirəcək bu gün-sabah. Əslində düz qərardır. Amma mən istəmirdim ki, Lərzan belə tez ölsün. Onun əliylə neçə misqiləri məhv edə bilərdim.

– Qüdrət, belə məhv edə-edə getsən, axırda sarayda heç kim qalmayacaq.

– Narahat olma, o qədər yoluq, kasıb, amma başıdolu adamlar var ki, can atırlar bu mənsəblərə. Özü də misqilər kimi dikbaş, üzəqayıdan deyillər. Nə əmr etsəm, başlarını qoyun kimi aşağı salıb “başüstə” deyəcəklər. Qazandıqlarını da gətirib qoyacaqlar qabağıma. Artıq-urtuğunu atacağam qabaqlarına – sevinəcəklər. Yerdə qalanını da verəcəyəm sənə. Sən nə edəcəksən?

– Baş vəzir həzrətləri nə desə, onu.

– Əla! Əla! Əla-ül-əla!

– Qüdrət, bir şey soruşum səndən. Meydanda xalqın qabağında anda içib, Göyverən soyadını götürdük. Amma nə şahımız bizə əvvəlki kimi göyverən deyə müraciət edir, nə də biz bir-birimizə.

– Şahımızın fikri hamımızı Göyverən etmək idi, etdi də... İndi nə olsun çağırmır. Sənəddə ki, hamımız elə gedirik. Nəinki biz, bütün nəslimiz.

– Düz deyirsən. Amma mən qorxurdum ki, bizi həqiqətən göyvərən edə. Yaxşı qurtardıq. Şükür xudaya.

– “Şükür”, “şükür”. Nə şükür, şükür salmısan. Mən indi də qorxuram. Yenə də inanmıram ki, şah məni təsadüfdən mənsəbimə qaytarıb. Nə çıxarmağının səbəbini demişdi, nə də qaytarmağının. Mən də qorxuram soruşmağa. Lərzanı müdafiə etməyimi də keçdi mənə. Ondan sonra lap şübhələrimi artırdı. Hərdən Aslanla harasa gedirlər. İzlədə bilmirəm çöllü-biyabanda onları. Nəsə gizlin işləri var, aça bilmirəm.

– Sən ağıllı, tədbirli adamsan, Qüdrət. Yaxşı olar inşallah.

– Qurban məndən də ağıllıydı. Gördün nə oldu axırı?

– Olacağa çarə yoxdur. Sadəcə ehtiyatı əldən verməyək. Vəssalam.

– Düz deyirsən, Hətəm. Bizdən asılı heç nə yoxdur. O göydən bizə baxan  nə yazıbsa, o da olacaq. Heç yuxuma da girməzdi ki, şahımız Göyverən olsun. Hamımız Qurbanı gözləyirdik. Qurban olduğum belə məsləhət bilib. Biz nə karəyik ki, onun qoyduğuna baş əyməyək? Yaxşı, get. Baş hakimlə, valilərlə görüşüm, sonra çağıraram səni.

Hətəm çıxır. Baş hakim Abdulla içəri girir.

– Çağırmısan məni, Qüdrət?

– Çağırmışam, çağırmışam. Xəbərin var da...

– Bəli, var. İki gündür ki, evdə vaveyladır. Bilmirəm başımı götürüb hara qaçım.

– Misqini həbs ediblər, sənin evində niyə vaveyladır ki? – deyə baş vəzir qımışdı.

– Özünü tülkülüyə qoyma, Qüdrət. Guya bilmirsən ki, Misqinin qızı mənim gəlinimdir? Yazıq uşaq özünə yer tapa bilmir. Bu yandan da övrəti gəlib düşüb ayağıma ki, kömək elə. Mən də belə görürəm ki, Misqinin bir günahı-zadı yoxdur. Yəqin dilini dinc qoymayıb, kiminsə qəzəbinə tuş gəlib. Şahın qəzəbinə tuş gəlsəydi, edam etdirmişdi çoxdan. Nəsə başqa söhbətdir.

– Günahı yoxdur deyirsən? – baş vəzir qeyzləndi, – Sənin sözündən belə çıxır ki, Misqinin evindən var-dövlət yox, aşıq-aşıq daşı çıxıb?

– Ay Qüdrət, yaxşı da... Dolama da məni. Sənin evindən onun üçqatı çıxmışdı. Hələ nə qədərini yəqin ki, tapa bilməmişdilər. Neylədilər ki, sənə? Hansınızı dəbərtsən, Misqidəkindən on qat artığı çıxacaq.

– Yaxşı, çərənləmə! Nə cəza kəsəcəksən Misqiyə?

– Bilmirəm.Yəqin ki, zindana salaram bir-iki illiyə. Yatar, çıxar.

Bu dəm qapı döyülür. Vəkil Qaplan içəri girir.

– Baş vəzir həzrətləri, bir xüsus var.

– De!

– Baş hakim Abdullayla bağlı olduğundan onun yanında deyə bilmərəm.

– De! İcazə verirəm.

– Baş vəzir həzrətləri, Boşboğazlar məhəlləsi çıxarıb bu xəbəri, Ağzıcırıqlar da yayıblar şəhərə. Deyirlər ki, bəs baş hakim Abdulla kimi kişi adam yoxdur. Baxmayaraq ki, Misqiylə qudadır, amma onun haqqında edam hökmü çıxarıb. Bununla da ürəyi soyumayıb. Şaha sədaqətini sübut etmək üçün bu ləkəni öz əliylə yuyub. Yəni ki, öz qılıncıyla Misqinin boynunu elə otağındaca vurub.

Qaplan danışdıqca Qüdrət gözlərini hakimə dikmişdi. Abdullanın rəngi ağarmışdı, alnını soyuq tər basmışdı, əsirdi.

– Başqa sözün var?

– Var, baş vəzir həzrətləri. Deyirlər ki, hakim Abdullanın oğlu da elə özünə oxşayıb. Qayınatasının bu əməllərini eşidən kimi, arvadının saçından tutaraq sürüyüb qazinin qapısına, boşayıb göndərib atasının xarabasına.

– Həəəəə... bu xalqın təxəyyülü necə də genişdir, ay Abdulla? Sən də deyirsən ki, Misqi zindandadır, layiq olmadığı cəzasını gözləyir, o da vur-tut bir il, iki il. Yatar, çıxar. Amma onu da biləsən ki, xalqın dediyi əvvəl-axır düz çıxır, sənin qanunların yox. İndi sən onların sözünə zidd gedəcəksən?

– Yox. Bacarmaram. Misqinin xətrini çox istəyirəm. Balası mənim balamdır.

– Son sözündür?

– Hə!

– Baş fərraş!

Baş fərraş Qəşşaş içəri girir.

– Valiləri də çağır bura!

Öz qəbul növbəsini gözləyən üç vali də otağa daxil olur.

– Qüdrət, elə etmə. Valilər kimdir ki, bizim söhbətimizdə iştirak edə? Onlar çox aşağı insanlardır.

– Baş fərraş, bu müzürr ünsür şahın sözünün əleyhinə gedir. Bunun əbasını soyundur, əmmaməsini də çıxart at qırağa, – baş fərraş deyilən kimi də edir, hakimi diz çökdürür, – Ay Abdulla, sən hakim mənsəbi üçün nəzərdə tutulan bu əmmaməylə, bu əbayla qiymətliydin. Bildin? İndi özün de – kim böyük adamdır, sən, yoxsa bu üç vali? Vali nədi? Sarayın həyətini süpürən belə səndən böyük adamdır.

– Bu özbaşınalıqdır. Mən hamısını Göyverən Şaha deyəcəyəm. Mən onun sözünə qarşı çıxmamışam. Sadəcə qanun nə tələb etdiyini dilimə gətirmişəm.

– Deməli, təqsir səndə yox, dilindədir, eləmi? Baş fərraş, kəs bunun dilini! Gerisini özün bilirsən. Basarsan bunu qoduqluğa. Sonra da adamlarını götür get axtar evini. Oğlunu da sal bunun yanına. Çox qudurublar. Şahın hökmünün əleyhinə gedirlər.

– Əmr edərsiniz, baş vəzir həzrətləri, – deyib baş fərraş qəməsini çıxarmaq istəyirdi ki, hakim Abdulla baş vəzirin ayaqlarını qucaqladı.

– Yaxşı, baş fərraş, əl saxla. Deyəsən hakim ağıllanır yavaş-yavaş. Dur ayağa, Abdulla! Əbanı geyin, əmmaməni də qoy başına. Xalq səni ağıllı adam kimi tanıyır. Gör sənin haqqında necə gözəl sözlər deyirlər. Vallah mənim haqqımda belə sözlər desəydilər, qohumlarımın hamısını qılıncdan keçirərdim. Xalqın sözü isə əvvəl-axır düz çıxmalıdır. Dilini də dinc qoy, başını aşağı salıb işlə. Baş fərraşın qəməsiylə zarafat eləmə. Bir də... oğluna da çatdır xalqın arzusunu. Baş fərraş, amma dediyim qüvvədə qalır. Adamlarını götür get bunun evinə, yağmala gətir. Məndən artıq adam deyil ha... Amma sakitcə.

– Başüstə, baş vəzir həzrətləri.

Baş hakim heç nə demir. Ayağa durub əmmaməsini başına qoyur, əbasını da geyib otaqdan çıxır. Bu mənzərəni seyr edən üç valinin rəngi ağarır. Baş vəzir üzünü onlara tutub:

– Hə, valilər, bilirsiniz sizi niyə çağırtdırmışam? Alın bu sənədləri. Sizin ərazinizdə Misqiyə mənsub olan mülk və torpaqlardı. Satın, özünüz alın, bilmirəm nə istəyirsiniz edin. Sabah hərəniz üç yüz qızıl gətirib qoymalısınız qarşıma. Qandız?

– Əmr edərsiniz, baş vəzir həzrətləri. Əmrinizə həmişə müntəzirik, – deyə hər üç vali diz çökür.

– Durun, rədd olun burdan, nə qədər ki, siz də qəzəbimə tuş gəlməmisiz.

Valilər tez ayağa qalxıb otağı tərk edirlər. Baş vəzir vəkil Qaplanla tək qalır.

– Hə, Qaplan, başın yaxşı işləyir. Tutdun mənim fikrimi. Əhsən. Ənamın məndə. Nəticə şah deyən olacaq. Adı da hallanmayacaq ki, Misqini edam etdirmək onun əmriymiş.  İndi və sonrasına da sənə bir şey deyim – heç bir vaxt, heç bir halda şahın adı bu cür məsələlərdə xalq arasında hallanmamalıdır. Bildin? Belə hallar olan kimi üstünü al, başqa səmtə yönəlt. Kim bizə uyğun olmayan xəbərləri yaymaq marağındadırsa onları baş fərraşa göstər, aradan götürsün.

– Başüstə, baş vəzir həzrətləri.

– Hakim təmiz adamdır. Bir ondan narahat idim. O da bu gündən oldu öz tulamız. Bundan sonra nə hava çalsam, onu da oynayacaq.

– Bu əyanlara o da azdır. Amma düşmənləriniz artacaq. Keçmiş baş vəzir Qurbanın ölüsünə rəhmət qazandıracaqsınız.

– Nə? Qurbana çatmaq üçün hələ mən yüz il yol getməliyəm. Sən onu yaxşı tanımırdın. Bircəciyini deyim. Həqqi Şah hərəmxananı ləğv edəndə qızların hamısını yığdı bir evə. Elə ki, uşağa qalırdılar, o saat saray əyanlarından birini çağırıb kəbinini kəsdirirdi üstünə. Cınqırlarını da çıxara bilmirdilər. O hakimi-mütləq idi. Day demirdi ki, ağzıcırıqlar filan məlumatı yaysın, boşboğazlara istinad etsinlər. Xalqla heç hesablaşmırdı. Hakim, qazi də saymırdı. Elə otağında vururdu boyunlarını. Heç birimizin cınqırı da çıxmırdı. Mənim Qurbana çatmağıma hələ çox var. Allah ona rəhmət eləsin, bircə mənimlə işi yox idi. Mən də bunu itirmərəm heç vaxt. Bu gün onun bağlı qapısını açan yeganə adam elə mənəm. Qaplan, amma hakimi elə-belə boş buraxmaq olmaz ha... Nəsə fikirləş onun haqqında.

– Başüstə, baş vəzir həzrətləri.

 

***

 

Saray. Şahın otağı. Baş vəzir və Hətəm şahın hüzurundadırlar.

– Necədir vəziyyət, ay Qüdrət?

– Şahım, hakim Abdullaya sözünüzü dolayısı yolla çatdırdım. Yəqin bilirsiniz də... bu Abdulla rəhmətlik Misqiylə qudadır axı. Ölüm hökmü çıxarmaqdan imtina etdi. Baş fərraşın qəməsini görən kimi yola gəldi.

– Sonu nə oldu? Edam hökmü çıxartdımı?

– Şahım, nəinki edam hökmü çıxarıb, üstəlik öz otağında Misqinin boynunu öz qılıncıyla vurub. Oğluna da necə təpinibsə... o da arvadının saçından tutub şəhərin küçələriylə sürüyə-sürüyə aparıb qaziyə və boşayıb. Camaat tamaşasına düzülübmüş. Şahım, anladım ki, qəzəbinizə tuş gələcək. Ona görə fürsəti əldən verməyib hakimi hər ehtimala “ağ günə çıxartdım”. Heç kim duyuq düşmədən. Təhvil verdim xəzinəyə.

Səhərdən qanıqara oturan şahın qırışığı açıldı.

– Nə gözəl. Əla! Əla! Əla-ül-əla! Qüdrət, bu da mənim qanun keşikçisi olan baş hakimim.

– Şahım, üstəlik bu baş hakiminiz Misqini təmizə çıxarmaq üçün biz saray əyanlarına lağ etdi ki, “bəs hansınızı tərpətsələr bədəninizin hər qılından qızıl tökülər. Buna görə ölüm hökmü verərlər? Uzağı-uzağı cəzası zindandır ki, o da uzağı bir il, iki il”.

    – Çağır onu bura.

– Qəbulunuzu gözləyir, şahım.

Qapı açılır. Baş hakim Aslanla bərabər otağa girib şaha təzim edir.

– Şahım, icazə versəydiniz, – deyə Abdulla sözünə başlamaq istəyəndə şah onun sözünü kəsir.

– Xəbərim var, Abdulla. Bütün şəhər danışır sənin “qəhrəmanlığından”. Bura bax, ay Abdulla! Sən bu xalqın qabağında anda içməmişdinmi?

– İçmişdim, şahım.

– Nə demişdin onda?

– Həqq xalqına, Həqq dövlətinə namusla xidmət edəcəyəm.

– Budur sənin namusla xidmət etməyin? Sənin oturduğun saray qanunu qoruyur, yoxsa pozur?

– Qoruyur, şahım. Amma Qüdrət...

– Nə Qüdrət! – deyə şah qeyzləndi, – Sən nə haqla öz otağında Misqinin boynunu vurmusan, bu nə özbaşınalıqdır? Bəs oğlun? O nədir qızın saçından tutub küçəylə sürüyə-sürüyə aparıb qaziyə. Sən ki, ailəni, ailənin üzvlərini sevmirsən, hörmətlə yanaşmırsan, şaha, dövlətə olan sevginə necə inanaq? Aslan!

– Bəli, şahım.

– Sal bunu cəlladın zindanına! Oğlunu da...

– Şahım, əmrinizə boyun əyirəm. Hökm sizinkidir. Amma mən bu yolla şahıma sədaqətimi bir daha sübut etdim. Qudamın boynunu özüm bu əllərimlə vurdum. Şahıma qarşı çıxan, xəyanət edən istənilən adamı – oğlum da olsa belə – bu əllərimlə qətlə yetirməyə hazıram. Oğlum isə şahına dönük insanın qızıyla bir yastığa baş qoymaqdan imtina etdi, – deyib Abdulla ayağa durdu. Aslanın qabağına düşüb otağın qapısına doğru yönəldi.

Ortaya sükut çökdü. Şah dinmirdi. Abdullanın sözü – “Şahıma qarşı çıxan, xəyanət edən istənilən adamı – oğlum da olsa belə – bu əllərimlə qətlə yetirməyə hazıram” deməsi onu yaman tutmuşdu. Daha doğrusu İtbaşının dedikləriylə üst-üstə düşdüyündən çaş-baş qalmışdı. Doğrudanmı onun yolunda kimisə öldürmək şaha sədaqətin zirvəsi sayılırdı? Adam öldürmək belə çətin şeydirmi? Özü bunu edə bilərmi? Bəs onda Abdullanı niyə edam etdirməliydi? Əksinə...

– Baş vəzir, bir sualıma cavab ver!

– Əmr edərsiniz, şahım.

– Heç şahının yolunda adam öldürmüsənmi?

– Şahımın yolunda hər an ölümə hazıram. Amma yalan deyə bilmərəm. Adam nədir, mən ömrümdə heç toyuq başı da kəsməmişəm. Qan görəndə ürəyim gedir.

– Bəs onda o bərbəzəkli qılıncı niyə özünə yük etmisən?

– Belə qəbul olunub əzəldən. Əyanlar qılınc gəzdirməlidir.

– Lazım olsa necə, öldürərsənmi?

– Bəli, şahım.

– Bəs sən necə, Qaplan?

– Şahım məni yenicə əyanlığa layiq bilib. Üç gündür ki, qılınc gəzdirirəm. Bu günəcən toyuq, qoyun, cöngə kəsmişəm. Amma insan başı yox. Lazım olsa şahımızın yolunda xalqın yarısını qılıncdan keçirərəm.

– Yaxşı, başqa sözünüz yoxdursa, gedin.

Baş vəzirlə vəkil təzim edib otaqdan çıxırlar. Otaqdan çıxan kimi:

– Qaplan, sənin köhnə evində həyətin böyükdürmü?

– Bəli, baş vəzir həzrətləri.

– Həyətdə mal-heyvandan nəyin var?

– Ulaq, inək, qoyun, toyuq-cücə.

– İndi bu dəqiqə gedirik sizə.

– Qurbandır evim sizə, baş vəzir həzrətləri.

Qüdrətlə Qaplan saraydan çıxıb gəlirlər evə. Həyətə girirlər.

– Arvad-uşaq evdədirmi?

– Bəli, baş vəzir həzrətləri.

– Göndər onları təzə evə.

– Başüstə.

Qaplan Qüdrət deyən kimi edir.

– Darvazanı bərk-bərk bağla!

Qaplan darvazanı bağlayıb yenidən baş vəzirə yaxınlaşır.

– Tövlə hardadır?

– Həyətin o başında, baş vəzir həzrətləri.

Qaplan qonağı müşayiət edərək tövləyə doğru aparır. İçəri girirlər. Baş vəzir ulağın yanında dayanıb belini əliylə şappıllada-şappıldada:

– Qaplan, bu balaca kürsü nədir qoymusan ulağın yanında?

– Baş vəzir həzrətləri, arvad inəyi sağanda üstündə oturur.

– Gözəl, gözəl, – deyə Qüdrət qımışdı, – Yaxşı. Qaplan, ulaq qalsın tövlədə. Mal-qaranı, qoyunu, toyuq-cücəni isə burax həyətə.

Qaplan qızardı. Diz çöküb baş vəzirin ayaqlarını qucaqlayaraq:

– Baş vəzir həzrətləri, sizə ömrüm boyu borcluyam. Məni bu yüksək mənsəbə siz qaldırmısınız. Evim-eşiyim qurbandır sizə. Amma etməyin bunu. Bura mənim evimdir. Ata-baba ocağımdır. Həyət də Evyıxanlar məhəlləsinin mərkəzində. Üzərimdə də nə qədər göz. Bilsələr ki, siz mənim tövləmdə... evim yıxılar. Məzxərəyə çevrilərik paytaxtda.

Baş vəzir qəribə baxışlarla Qaplana baxdı.

– Nəyi bilsələr, ay vəkil?

– Ulağıma cismani işgəncə verməyinizi.

Baş vəzir uğunub özündən getdi. Handan-hana özünə gəlib:

– Qalx ayağa! Əbləhin biri əbləh, sən məni nə sayırsan, hə? – baş vəzir sözünü axıra çatdıra bilməyib bir də uğundu, – İstəyirsən ulağı da burax həyətə. Onu da qılıncdan keçirim. Sadəcə bunların hamısından baha olduğuna görə ona qıymadım. Mən bura gəlmişəm məşq eləməyə. Görüm toyuq-cücə, qoyun, mal-qara başı kəsə bilərəmmi? Qarınlarını yortub bağırsaqlarını çölə buraxa bilərəmmi? Bunların üzərində öyrənim ki, insan başı kəsəndə çox da təsir eləməsin. Əminəm ki, şahımız sonda məni insan başı kəsdirməklə sınağa çəkəcək. Canlı isə canlıdır. Nə fərqi var ki: insan, ya heyvan.

Qaplan duruxdu. Dediklərindən peşman olmuşdu.

– Baş vəzir həzrətləri, qüsura baxmayın. Düzgün anlamamışdım. Keçin günahımdan. Qurbandır tövlədəkilər hamısı sizə. Amma məsləhətdir ki, həyətə buraxmayaq. Çünki səsləri aləmi götürəcək. Eləcə tövlədə qırıb-çatın hamısını. Birinci elə bu ulaqdan başlayın. Bu anqırmağa başlasa, məhlədəki bütün eşşəklər xəbər tutacaq.

– Yaxşı, qoy sən deyən olsun. Qiblənin yerini göstər –  deyib baş vəzir qılıncını sıyırdı.

 

ARDI VAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir