Modern.az

Baş nazir Conson şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq

Baş nazir Conson şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq

11 Aprel 2021, 17:16

Böyük Britaniyanın Baş naziri Boris Conson kütləvi yığıncaqlara qoyulan koronavirus məhdudiyyətləri səbəbindən şahzadə Filipin dəfn mərasiminə qatılmayacaq.

Modern.az xəbər verir ki, bu barədə BBC radiosu məlumat yayıb.

Baş nazirin ofisindən bildirlib ki, Consonun qərarı dəfndə kral ailəsinin daha çox üzvünün iştirakına imkan yaratmaqla bağlıdır.

Vindzor qəsrindəki Georgiya qülləsində təşkil olunacaq dəfn mərasimində yalnız 30 nəfər – şahzadə Filipin övladları, nəvələri və digər yaxın qohumları iştirak edə bilərlər. İctimaiyyətdən dəfnin keçirildiyi əraziyə yaxınlaşmamaq xahiş olunub.

Xatırladaq ki, Edinbur hersoqu şahzadə Filip aprelin 9-da ömrünün 100-cü ilində vəfat edib.

Dəfn mərasimi gələn şənbə günü, aprelin 17-də Vindsor qəsrində keçiriləcək.

Qapalı rejimdə keçəcək mərasim televiziya ilə yayımlanacaq.

Dəfn mərasimində iştirak etmək üçün mərhum Hersoqun nəvəsi Şahzadə Harry ABŞ-dan gələcək. Onun həyat yoldaşı Meghan Markle həkimin tövsiyəsi ilə evdə qalacaq.

Taxt-tacın varisi Şahzadə Çarli də daxil olmaqla kral ailəsinin üzvləri tabutun arxasınca hərəkət edəcəklər. Kraliça II Elizabet kilsəyə ayrıca gələcək.

Dəfn mərasimi tarixinədək Britaniyada səkkiz günlük matəm elan olunacaq. Kral ailəsi daha uzun müddət - iki həftə ərzində matəm saxlayacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər