Modern.az

Əsrin Müqaviləsindən - Suverenliyə aparan yol

Əsrin Müqaviləsindən - Suverenliyə aparan yol

Parlament

20 Sentyabr 2025, 13:22

1994-cü il sentyabrın 20-si Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə ilə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxışı təmin olundu, Azərbaycan beynəlxalq enerji məkanında etibarlı tərəfdaş kimi tanındı.

Ölkəmizin yeni müstəqillik qazandığı bir dövrdə imzalanmış “Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatının dirçəlişində əsaslı rol oynadı. Xarici sərmayələrin cəlb edilməsi, yeni texnologiyaların ölkəyə gətirilməsi, beynəlxalq şirkətlərlə əməkdaşlıq Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi. Əldə olunan gəlirlər infrastrukturun yenilənməsinə, sosial sahələrin inkişafına, ordu quruculuğuna yönəldildi. Beləliklə, iqtisadi güc dövlətin siyasi müstəqilliyinin təminatçısına çevrildi.

“Əsrin Müqaviləsi” Azərbaycanın geosiyasi çəkisini də artırdı. Enerji marşrutlarının diversifikasiyası, strateji layihələrin gerçəkləşdirilməsi ölkəmizi regionun əsas oyunçusuna çevirdi. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri, eləcə də “Cənub Qaz Dəhlizi” Azərbaycanın Avropa enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaratdı. Azərbaycan artıq təkcə resurs sahibi deyil, həm də qlobal enerji bazarında strateji qərarların verilməsində iştirak edən tərəfdaşdır.

Ümummilli liderin müəyyən etdiyi neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də qazandığı gəlirləri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldən, milli maraqlarını beynəlxalq miqyasda qoruyan güclü dövlətdir. Əldə olunan nailiyyətlər sayəsində ölkəmiz regionun iqtisadi mərkəzinə çevrilib, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, beynəlxalq təşkilatlarda nüfuzlu mövqeyə malikdir.

Əsrin Müqaviləsi sadəcə neft kontraktı deyil, Azərbaycanın müstəqil və suveren inkişaf yolunun başlanğıcıdır. İqtisadi müstəqillik siyasi gücü möhkəmləndirdi, bu isə dövlətçiliyin dayaqlarını sarsılmaz etdi. Bu gün Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, həm də hərbi gücü, intellektual potensialı, mədəni irsi və diplomatik təşəbbüsləri ilə dünyada söz sahibi olan bir ölkədir.

Əsrin Müqaviləsi Azərbaycan tarixində yalnız bir iqtisadi sənəd kimi deyil, milli iradəmizin təntənəsi kimi yadda qaldı. Həmin müqavilədən başlayan yol bu gün bizə güclü, müasir və tam suveren Azərbaycan bəxş edib. Bu, ulu öndərin uzaqgörən siyasətinin, xalqımızın əzmkarlığının və dövlət rəhbərliyinin ardıcıl, məqsədyönlü fəaliyyətinin bariz nəticəsidir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?