İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Rəşad Rəsullu, İlahə Qədimova, Salman Musayev, Simran Həsənov, Həcərxanım Babayeva və Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirilib.
2025-ci ildə keçirilmiş iclasların nəticələrinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşdirilib. Belə ki, idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova namizəd kimi irəli sürülüb. Dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və qurumun Aparat rəhbəri Simran Həsənov Yayım Şurasına namizəd göstərilib. Yaradıcılıq təşkilatları isə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanı namizəd kimi təqdim edib.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, 6 il müddətinə təsdiq edilir.