21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Bakıya gələn erməni ekspertlər şəhərin tarixi və müasir yerlərini, həmçinin erməni kilsəsini ziyarət ediblər.
Azərbaycan nümayəndə heyəti İrəvana səfər edərkən şəhərdə yerləşən tarixi Göy Məscidi ziyarət etməmiş, bu isə sosial mediada geniş suallar doğurmuşdu.
Modern.az xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvan səfəri ilə bağlı ictimai müzakirələrdə yer alan məsələyə aydınlıq gətirib.
Fərhad Məmmədov müsahibəsində bildirib ki, səfərlərin marşrutu və proqramı qəbul edən ölkə tərəfindən müəyyən edilir və qarşı tərəfə təqdim olunur.
Onun sözlərinə görə, İrəvana səfər zamanı təqdim edilən rəsmi proqramda Göy Məscidə baş çəkmək ümumiyyətlə nəzərdə tutulmamışdı:
“Biz isə Bakıda erməni kilsəsinə səfəri öz proqramımıza daxil etdik. Biz buna hazırıq".
Fərhad Məmmədov bildirib ki, Göy Məscidin idarə olunması hazırda İran tərəfindən həyata keçirilir:
“Onlar buna hazır deyillər hələ. Çünki Göy Məscid və onun idarə edilməsi İran tərəfindən həyata keçirilir.”
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi isə öz ərazisindəki erməni mədəni irsinin qorunmasını açıq şəkildə nümayiş etdirir və bunu prinsipial mövqe hesab edir:
“Azərbaycan ərazisində erməni kilsələri var və onlar qorunub saxlanılır. Orada 5000-dən çox erməni kitabı var. Ermənistanda isə Azərbaycan dilində bir kitab belə yoxdur.”
Məmmədovun fikrincə, Bakıda erməni kilsəsinin nümayəndə heyətinə göstərilməsi Azərbaycanın mədəniyyətə və dini irsə münasibətinin nümayişidir:
“Biz fərqliyik. Bizdə erməni kilsələri dağıdılmayıb, əksinə, qorunur. Onlar da bunu öz gözləri ilə gördülər.”