Sosial şəbəkələrdə Türkiyənin ana müxalifəti CHP daxilində baş verən proseslər geniş müzakirə olunur. Əslində məsələ bir partiyanın daxilində yaşananlarla bitmir. Görünən odur ki, bu gərginlik müəyyən mənada bütün cəmiyyətə sirayət edib. İnsanların bu barədə fikir bildirməsi təbiidir. Anormal olan isə hər kəsin prosesi sanki illərin siyasi eksperti və ya professoru kimi izah etməyə çalışmasıdır.
Bir məsələni unutmaq olmaz. Türkiyənin daxili siyasəti son dərəcə mürəkkəbdir. Burada siyasi rəqabətlə yanaşı, dövlət ənənəsi, tarixi qütbləşmələr, ideoloji qarşıdurmalar, toplum psixologiyası, xarici maraqlar, regional təsirlər və emosional siyasi reflekslər iç-içə keçib. Türkiyə siyasətini bir neçə sosial media paylaşımı və emosional yanaşma ilə analiz etmək mümkünsüzdür. Dünyanın heç bir ölkəsində siyasət bu qədər çoxqatlı və həssas deyil.
Bu mərhələdə mənim üçün ən vacib məsələ Türkiyənin itirməməsidir. Heç bir daxili qarşıdurma, siyasi gərginlik və ya emosional qütbləşmə Türkiyənin dövlət gücünə, sabitliyinə və gələcəyinə zərər verməməlidir. İndi regiona güclü Türkiyə hava, su kimi lazımdır.
Daha önəmli olan isə odur ki, yaşanan hadisələr Azərbaycan-Türkiyə qardaşlığına zərrə qədər də kölgə salmasın. Əksinə, bu münasibətlər daha da güclənsin. Bizim qardaşlığımız gündəlik siyasətə söykənmir. Siyasi proseslər, hakimiyyətlər dəyişə bilər, amma Azərbaycan-Türkiyə birliyi dəyişməz qalmalıdır.
Birmənalı şəkildə qəbul etmək lazımdır ki, CHP bu prosesdə siyasi olaraq ciddi zərbə aldı. Amma demokratik cəmiyyətlərdə siyasi rəqabət təbiidir. Əsas məsələ dövlətin zərər görməməsidir. Dövlət maraqları hər zaman siyasi hesabların və emosional reaksiyaların üstündə dayanmalıdır.
Bir təməl prinsip də var. Siyasi mübahisələr Türkiyənin qurucu dəyərlərinə toxunmamalıdır. Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin banisidir və tarixdəki yeri dəyişməzdir. Tarixi şəxsiyyətləri dövlətin və millətin ortaq yaddaşı ilə dəyərləndirmək lazımdır.
Bu gün Türkiyənin ən çox ehtiyac duyduğu məqam sağlam düşüncədir. Güclü Türkiyə həm Türk dünyasının, həm də bölgənin ən böyük təminatlarından biridir.
Elnur ƏMİROV