Azərbaycanda 2024-cü ildə formalaşan ümumi su ehtiyatlarının 54 faizindən çoxu transsərhəd suların payına düşüb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi illik su təsərrüfatı balansına əsasən, ölkə üzrə formalaşan ümumi su ehtiyatlarının həcmi 30,3 kubkilometr təşkil edib.
Məlumata görə, bunun 8,4 kubkilometri yeraltı, 21,9 kubkilometri isə yerüstü suların payına düşür. Yerüstü su ehtiyatlarının 16,4 kubkilometri transsərhəd sular hesabına formalaşır.
Qurumdan qeyd olunub ki, su ehtiyatlarının proqnozlaşdırılması hazırda mövcud ssenarilər əsasında aparılır. Lakin bu yanaşma bütün hallarda dəqiq qərarların qəbul edilməsi üçün kifayət etməyə bilər.
"Son illərdə iqlim dəyişiklikləri nəticəsində quraqlıq dövrlərinin uzanması, yağıntıların mövsümə uyğun olmayan intensivlikdə düşməsi, həmçinin yağıntıların zaman və məkan üzrə qeyri-bərabər paylanması su ehtiyatları ilə bağlı daha dəqiq iqlim proqnozlarının hazırlanmasını zəruri edir. Etibarlı proqnozların hazırlanması üçün çoxillik müşahidələrin aparılması və son illərə aid məlumatların geniş təhlili vacib hesab olunur", - deyə rəsmi məlumatda vurğulanıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026-2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə həsr olunmuş son mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Azərbaycanın 2050-ci ilədək su qıtlığından ən çox təsirlənə biləcək 35 ölkə sırasında yer ala biləcəyini açıqlayıb.