Modern.az

17 yaşlı Zəhranın faciəsi - TƏBİB niyə susdu?

17 yaşlı Zəhranın faciəsi - TƏBİB niyə susdu?

Ölkə

17 İyun 2026, 11:26

İnsan həyatı və sağlamlığı ilə bağlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması dövlət qurumlarının əsas vəzifələrindən biridir. Xüsusilə baş vermiş bədbəxt, yol-nəqliyyat hadisələri zamanı yaralıların vəziyyəti barədə verilən rəsmi məlumatlar həm onların yaxınları, həm də cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Lakin ötən gün Bakı-Sumqayıt yolunda 17 yaşlı motosiklet sürücüsünün xəsarət alması ilə nəticələnən qəza ilə bağlı məlumat almaq cəhdimiz göstərdi ki, bəzi hallarda operativlik məsələsində ciddi suallar yaranır.

Halbuki, kommersiya sirri, dövlət sirri və ya şəxsi həyatın toxunulmazlığı ilə bağlı məsələlər istisna olmaqla, yol-nəqliyyat hadisələri və insan tələfatı kimi hallarda məlumatın ictimaiyyətə vaxtında çatdırılması şəffaflığın və etimadın tələbidir.

Qəza ilə bağlı ilk məlumatı məhz Modern.az verdi. Hadisə yerində olan şahidlərin verdiyi məlumatda xəsarət almış motosikletçi xanımın yaralı halda Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilmişdi. Yaralının son durumu barədə məlumat əldə etmək üçün TƏBİB-ə sorğu ünvanladıq. Sorğuya baxılsa da, saatlar keçməsinə baxmayaraq cavab təqdim olunmadı. Bu müddətdə xəsarət alan şəxsin yaxınlarından biri sosial şəbəkə üzərindən bizimlə əlaqə saxlayaraq saytımızda hadisə ilə bağlı xəbəri oxuduğunu, yaralının durumu ilə bağlı sorğuya cavab verilib-verilmədiyi ilə maraqlandı. TƏBİB-lə saat 18:00-da yenidən əlaqə saxlasaq da, qurumdan bildirildi ki, sorğu iş saatları ərzində cavablandırılacaq.

Vəziyyətin insan həyatı ilə bağlı olduğunu diqqətə çatdırsaq da, qurumdan "Təcili məsələ deyil, sabah cavablandırılacaq. Bəzən hadisədən əvvəlcədən xəbərdar oluruq və cavab dərhal göndərilir. Lakin qeyri-iş saatlarında operativ cavablandırmaq hər zaman mümkün olmur. Çox böyük hadisələrdə saatdan və gündən asılı olmayaraq sorğular cavablandırılır", - deyə geridönüş edildi.

Qurumun cavabından bir müddət sonra isə xəsarət alan şəxsin yaxını saytımıza 17 yaşlı qızın hadisə yerində həyatını itirdiyini bildirib. Həyatını itirən şəxsin tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva olduğu açıqlandı.

Bu gün sorğumuza cavab olaraq TƏBİB-dən verilən rəsmi məlumatda isə qeyd olunub ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Əslində, bu məqamda məsələnin mahiyyəti yalnız sorğunun nə vaxt cavablandırılmasında deyil. Burada söhbət insan həyatı ilə bağlı hadisələr zamanı operativ məlumat mübadiləsinin nə dərəcədə effektiv təşkil olunmasından gedir. Çünki media mənsubları olaraq belə hallarda ictimaiyyəti dəqiq məlumatlandırmaq, müxtəlif iddiaların və qeyri-rəsmi məlumatların yayılmasının qarşısını almaq üçün məhz aidiyyəti qurumların mövqeyinə ehtiyac duyuruq.

TƏBİB isə səhiyyə xidmətini həyata keçirən, insanların sağlamlığı və həyatı ilə bağlı məsələlərə cavabdeh olan qurumdur. Bu baxımdan ağır qəza, ölüm və ya ağır xəsarətlə nəticələnən hadisələr zamanı ictimaiyyətin məlumatlandırılması məsələsinə daha həssas və operativ yanaşılmalıdır. Hadisə ilə bağlı məlumat almaq cəhdimiz göstərdi ki, bəzi hallarda operativ kommunikasiya sahəsində hələ də boşluqlar qalır. Bu dəfə isə əfsuslar olsun ki, TƏBİB həm medianı, həm də ictimaiyyəti gözlədiyi operativ məlumatla təmin edə bilmədi.

Modern.az olaraq inanırıq ki, TƏBİB və digər aidiyyəti qurumlar bu istiqamətdə kommunikasiya mexanizmlərini daha da təkmilləşdirəcək, gələcəkdə oxşar hallarda operativlik və şəffaflığı tam təmin edəcək.

Redaksiyamız adından qəzada həyatını itirən Zəhra Mehdiyevaya isə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

 

Sizə yeni x var
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu