Regionlarda çalışan həkimlərə 65 yaşdan sonra da işləməyə icazə verilə bilər.
Regionlarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində yeni addımlar atılması planlaşdırılır. Müzakirə olunan təkliflərə əsasən, həm rezidentura tələblərinin müəyyən ixtisaslar üzrə yumşaldılması, həm də pensiya yaşına çatan həkimlərin fəaliyyətini davam etdirməsinə imkan yaradılması nəzərdən keçirilir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu məsələ ilə bağlı indiyədək geniş müzakirələr aparılıb və aidiyyəti qurumlarla birgə müxtəlif formatlarda görüşlər keçirilib. Onun sözlərinə görə, artıq bu istiqamətdə atılan addımlar yaxın zamanda nəticə verəcək.
Əhliman Əmiraslanov qeyd edib ki, bir sıra ixtisaslar üzrə tibb universitetini bitirən həkimlər rezidentura keçmədən Həkimləri Təkmilləşdirmə İnstitutunda müəyyən müddət ixtisasartırma təhsili aldıqdan sonra regionlarda fəaliyyət göstərə biləcəklər:
"Beləliklə, bir neçə ixtisas üzrə həkimlərimizi periferiyaya, regionlara göndərə biləcəyik ki, orada mövcud boşluqları doldursunlar".
Komitə sədri bildirib ki, regionlarda həkim çatışmazlığını aradan qaldırmağa mane olan əsas məsələlərdən biri də 65 yaşına çatmış mütəxəssislərin tibbi fəaliyyətdən uzaqlaşdırılmasıdır. Onun sözlərinə görə, bu məsələ də hazırda nəzərdən keçirilir.
"Regionlarda bu həkimlərin daha uzun müddət, hətta 65 yaşdan sonra da fəaliyyət göstərməsinə icazə veriləcək və bu istiqamətdə ciddi iş aparılır. Biz həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də bu mütəxəssisləri hazırlayan ali təhsil müəssisələri ilə daim əlaqədəyik", – deyə Əmiraslanov vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda ümumilikdə həkim çatışmazlığı yoxdur. Problem daha çox kadrların bölgüsü ilə bağlıdır.
"100 min əhaliyə düşən həkimlərin sayına görə ölkəmizdə həkim qıtlığı yoxdur. Ancaq təəssüf ki, onların böyük əksəriyyəti iri şəhərlərdə cəmləşib. Regionlarda isə bir çox ixtisaslar üzrə ciddi vakansiyalar mövcuddur. Bu səbəbdən görülən tədbirləri sürətləndirməliyik", – komitə sədri qeyd edib.